11 Avqust 2015 13:49
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd Abbasbəyli: "25 il ötsə də, onların Azərbaycan dilinə münasibəti dəyişməyib"

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Sülh və Demokratiya İnstitutu adlı qurumun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Proses başladıqdan sonra iş üzrə tərcüməçi Teymur Süleymanovun iclasda iştirak etmədiyi, prosesə tərcüməçi qismində Musa Abbasovun dəvət edildiyi bildirilib.

Lakin L.Yunus yeni tərcüməçinin onun sözlərini mükəmməl tərcümə edəcəyinə inanmadığını deyərək buna etiraz edib. Məhkəmə proses iştirakçılarının fikrini dinləyib, M.Abbasovun işə tərcüməçi qismində buraxılmasına dair etirazı təmin edib.

Bundan sonra məhkəmə tərcüməçi qismində Aliyə Cəfərovanın dəvət edilməsini bildirib.
L.Yunus həmin tərcüməçinin də onun sözlərini mükəmməl tərcümə edəcəyinə inanmadığını deyərək etiraz edib. Məhkəmə proses iştirakçılarının fikrini dinləyib, A.Cəfərovanın işə tərcüməçi qismində buraxılmasına dair etirazı təmin edib və prosesin təxirə salınaraq növbəti iclasın 13 avqust 2015-ci il tarixə, saat 10:00-a təyin olunmasını qərarlaşdırıb.

Buradan gəlinən qənaət ondan ibarətdir ki, tərcüməçi problemi Leyla Yunusun Azərbaycan dilinə və ümumiyyətlə, Azərbaycana əsl münasibətinin təzahürüdür. Çünki o, özü də etiraf edib ki, Azərbaycan dilində yalnız söyməyi bacarır. Ötən ilin avqustunda Qətərin paytaxtı Dohaya uçmaq istəyərkən saxlanılan zaman və növbəti gün onun polislərə qarşı davranışı və söyüşləri bunu bir daha sübut edir. Lakin burda diqqət çəkən başqa bir məqam da var. Əslində, L.Yunus bununla məhkəmə prosesini ləngitmək, süni problemlər yaradaraq yerli və xarici ictimaiyyətin diqqətini məhkəməyə cəlb etmək istəyir. Hiss olunur ki, faktlar qarşısında aciz qalan L.Yunus məhkəməni şouya çevirməklə diqqəti ittihamdan, faktlardan yayındırmaq niyyəti güdür.

Məsələyə münasibət bildirən Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin rəhbəri Əhməd Abbasbəyli bildirib ki, özünü Azərbaycanın hüquq müdafiəçisi qismində təqdim edən, Azərbaycanın çörəyini yeyib, suyunu içmiş, müxtəlif institutlarda müxtəlif postlarda işləmiş bir adamın Azərbaycan dilini bilməməsi normal hal deyil. Onun sözlərinə görə, özü də bu vəziyyət təkcə L.Yunusla bağlı deyil: "Bu problem sadə vətəndaşlar arasında da var. Sən qısa müddət ərzində ingilis, fransız dilini öyrənə bilirsən, amma Azərbaycan dilinə bu cür münasibət sərgiləyirsən. Sən azərbaycanlı adlanırsansa, Azərbaycan vətəndaşısansa, Azərbaycanda yaşayırsansa və bu ölkənin hesabına pul qazanıb övladlarını böyüdürsənsə, necə Azərbaycan dilini bilməyə bilərsən?! Mən qəsdən Azərbaycan sözünü çox işlədirəm. Bu, taftalogiya deyil. İstəyirəm ki, hamı bu məsələyə köklənsin".

Ə.Abbasbəyli qeyd edib ki, o, 1988-ci ildən L.Yunusu tanıyır: "Leyla Yunus kimi bir çoxları var. Biz o vaxt onun Azərbaycan dilini zəif bilməsini sovet rejiminin qüsuru kimi qəbul edirdik. Düşünürdük ki, sovet rejiminin təsiri altında böyümüş bu insanlar müstəqillik dövründə tədricən adaptasiya olunacaq və Azərbaycan dilinə, mədəniyyətinə, mentalitetinə daha da yaxınlaşacaqlar. Amma təəssüf ki, 20-25 il müddətində bu kimi insanlarda bir dəyişiklik olmadı. Baxmayaraq ki, Leyla Yunus və digərləri hakimiyyətdə də təmsil olundular, müxtəlif vəzifələr tutdular. Amma onların Azərbaycan dilinə münasibəti dəyişmədi".

Müsahibimiz qeyd edib ki, bütün bunlar məhkəmənin uzadılması üçün bir bəhanə də ola bilər: "Müxtəlif bəhanələr ola bilər, amma bu da faktdır ki, bu adam Azərbaycan dilini zəif bilir. Tədbirlərdə də öz fikirlərini daha çox rus və ya ingilis dilində ifadə edirdi. Amma mən düşünmürəm ki, o, Azərbaycan dilini başa düşməyə çətinlik çəkir. Sadəcə, Azərbaycan dilində fikirlərini ifadə etməyə çətinlik çəkir. Eyni zamanda, bu da ola bilər ki, tərcüməçi məsələsi məhkəmə prosesini uzatmaq üçün bir bəhanə olsun. İstənilən ölkədə xarici ölkə vətəndaşları, o cümlədən Azərbaycanda başqa xalqların nümayəndələri məhkəmə prosesində tərcüməçi tələb edə bilirlər. Amma azərbaycanlının bunu tələb etməsi bir azərbaycanlı kimi mənim xoşuma gəlmədi. Bəzi hallarda bu məsələdən vaxtın uzanması kimi də istifadə edirlər".

Ə.Abbasbəyli, həmçinin qeyd edib ki, L.Yunusun publika qarşısında çıxış etmək, ətrafdakıların diqqətini daha çox cəlb edə bilmək istedadı var: "Bu hal neçə illər ərzində müşahidə olunub. O, hər zaman belə məsələlərdə özünü diqqət mərkəzində saxlaya bilib. Bunu hamı, bütün hüquq müdafiəçiləri bilir. Amma bununla nə dərəcədə diqqəti cəlb edəcəyini deməyə çətinlik çəkirəm".

SƏXAVƏT


Müəllif:

Oxşar xəbərlər