Xəzərdə Kremlin təşəbbüsü ilə Rusiya, Qazaxıstan və Azərbaycanın hərbi dəniz donanma gəmilərinin iştiraklı ilə keçirilən təlimlər hələ də müzakirə olunmaqdadır. Rəsmi məlumatlara görə, təlimlərdə məqsəd Xəzəryanı ölkələr arasında hərbi əməkdaşlığı genişləndirmək idi. Amma bəzi ekspertlər hesab edir ki, təlimlərdə əsas məqsəd Rusiyanın gərgin münasibətdə olduğu Qərbə əzələ nümayiş etdirməsidir.
Bu arada yayılan məlumata görə, Rusiya Azərbaycanda yeni hərbi baza yaradacaq. Məlumatı Rusiyanın “Zvezda” telekanalı yayıb. Teleqraf.com məsələ ilə bağlı politoloqlara müraciət edib.
Politoloq Fikrət Sadıqov hesab edir ki, Rusiyanın Azərbaycanda yeni hərbi baza yaradacağı barədə yayılan qeyri-rəsmi məlumatı şərh etmək çətindir: "Rusiyanın Azərbaycanda hərbi baza açacağına dair məlumata inanmaq çox çətindir. Əvvəla, bu xəbəri Rusiyanın “Zvezda” telekanalı yayıb və hər hansı rəsmi mənbəyə istinad olunmayıb. Mətbuat səhifəsində getmiş və rəsmən təsdiqlənməmiş məlumatı şərh etmək və ona inanmaq doğru olmazdı".
Onun sözlərinə görə, Rusiya hərbi gəmilərinin Bakı buxtasına gəlməsindən "Rusiya Azərbaycanda hərbi baza açır" nəticəsini çıxarmaq olmaz: "Rusiya hərbi gəmilərinin səfəri iki ölkə arasında hərbi əməkdaşlıq əsasında baş tutub. Səhv etmirəmsə, əvvəllər Azərbaycanın hərbi gəmiləri Astraxana gedib. İndi isə onlar gəlib. Burada Rusiyanın ərazimizə hərbi müdaxiləsindən söhbət gedə bilməz. Rusiya hansısa ölkəyə hərbi müdaxilə edəndə bu şəkildə eləmir. Tarixən də biz görmüşük ki, Rusiya əraziləri necə özünə birləşdirib. Ölkələrdə separatizm meylləri gücləndirilir, onlara silah-sursatlar verilir və s. Digər MDB ölkələri buna misaldır. Elə Dağlıq Qarabağ münaqişəsi də buna bariz nümunədir. Erməni separatçılarını ruslar silahlandırmışdı. Proses bu gün də davam edir. Rusiya Azərbaycanda hərbi baza açmaq istəyirsə, Bakının şərtlərini qəbul etməlidir. Dağlıq Qarabağ məsələsi burada başlıca şərt olmalıdır. Çünki hər kəs bilir ki, münaqişənin açarı Kremldədir".
Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Rusiyanın tərk etdiyi Qəbələ RLS-in əvəzində Azərbaycanda yeni hərbi baza tikməyə hazırlaşmasına dair məlumatın doğruluğu şübhə doğurur: "Azərbaycan hakimiyyəti Rusiyanın sonuncu hərbi bazasından ona görə qurtulmadı ki, sonradan yenisinin tikintisinə icazə versin. Buna baxmayaraq, bu sıradan bir xəbər də deyil. Birincisi, bu xəbəri Rusiya Müdafiə Nazirliyinin tabeliyindəki kanal yayıb, ikincisi, haqqında danışılan xəbər bu gün Azərbaycan mediasının baş xəbərinə çevrilib. Ola bilər ki, Rusiya bu dezinformasiya vasitəsilə Azərbaycan hakimiyyətinin və cəmiyyətinin nəbzini yoxlayır".
Ruslan