Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini Razi Nurullayev və partiyadan zorla uzaqlaşdırılan və ya istefaya vadar edilən bir qrup narazı cəbhəçi Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdrılmasına etiraz əlaməti olaraq mətbuat konfransı keçiriblər.
Teleqraf.com-un məlumatına görə, tədbirdə ilk çıxış edən R.Nurullayev deyib ki, partiyadan zorla uzaqlaşdırılan və ya istefaya vadar edilən bir qrup narazı cəbhəçi bir araya gələrək yeni təşkilat yaradıb: “Ancaq bu siyasi partiya deyil və biz partiya yaratmaq niyyətində də deyilik. AXCP birdir və bizdə orada qalırıq. Bizim mövqeyimiz də fərqli deyil və dəyişməyəcək. Sadəcə olaraq biz AXCP-də Əli Kərimli və onun tərəfdarları tərəfindən məruz qaldığımız təzyiq və ədalətsizliyə qarşı çıxırıq. Məqsədimiz və istəyimiz də Əli Kərimlinin AXCP-də zorla tutduğu postdan uzaqlaşdırmaqdır. Biz bu istiqamətdə mübarizəmizi davam etdirəcəyik, hətta Ədliyyə Nazirliyinə də müraciət edib məsələnin hüquqi müstəvidə həllinə çalışacağıq. Çünki AXCP-də daxili demokratiya yoxdur, partiya üzvləri təzyiqlər altındadır. Əli Kərimli bu partiyada diktatorluq edir. Biz AXCP-ni parçalamaq istəmirik və yeni partiya yaratmaq niyyətində deyilik. Bizim məqsədimiz AXCP-ni səmimi üzvlərinə qaytarmaqdır”.
R.Nurullayev qeyd edib ki, Ə.Kərimlinin şəxsi maraqlarına görə Azərbaycan gəncliyi küçələrdə qocalır: “Əli Kərimli və onun bəzi əlaltıları xarici himayədarlarla əməkdaşlıq edir, AXCP üzvü olan insanlar isə Əli Kərimlinin şəxsi mənafelərinə qurban gedirlər. Tələbimiz odur ki, AXCP-nin yeni qurultayı keçirilsin və yeni sədr seçilsin. Daha nə qədər Əli Kərimli bu posta qalmalıdır? Bu demokratiyaya da ziddir”.
Razu Nurullayev onu da söyləyib ki, 1998-ci ildən nəşr olunan və sonralar fəaliyyətini dayandıran “Cümhuriyyət” qəzeti yaxın günlərdə yenidən nəşr olunacaq: “Biz bu qəzeti Yadigar Məmmədlidən almışıq, artıq bizdədir”.
R.Nurullayev əlavə edib ki, onun şəxsi marağı və ya istəyi yoxdur: “Mən AXCP sədri olmaq niyyətində deyiləm, mən istəyirəm ki, AXCP-də qocalan gənclər də liderə çevrilsinlər. Çünki artıq cəmiyyətə də yeni nəfəs və yeni simalar lazımdır. İnsanlar seçkilərə niyə gəlmir? Çünki hər dəfə eyni simalar namizəd olur. Bütün bunlara artıq son qoyulmalıdır”.
AXCP Təşkilat Şöbəsinin istefa vermiş sabiq müdiri Rafiq Daşdəmirli qeyd edib ki, o, partiyadan öz istefası ilə uzaqlaşıb: “Mənə qarşı böhtan və təzyiqlər olduğu üçün mən AXCP-dən istefa verdim. Ancaq indi yenə də özümü AXCP-də sayıram”.
AXCP üzvü Rafael Becanov isə bəyan edib ki, Əli Kərimli AXCP daxilində intiraqların yaranmasında daim maraqlıdır: “Biz Əli Kərimlini partiyada lider kimi görmürük. Ona görə də AXCP sədri tərəfindən təzyiqlərə məruz qalmışıq. Ancaq bütün təzyiqlərə baxmayaraq, biz partiyadan getməmişik. Əli Kərimlinin şəxsi mənafeyinə görə partiya bir neçə dəfə parçalanıb. Hər dəfə də narazılıq Əli Kərimlinin sədrlikdən getməməsinə görə olub. İndiyədək partiya parçalana-parçalana gedir, ancaq Əli Kərimli o postdan getmək istəmir”.
Qeyd edək ki, mətbuat konfransı zamanı AXCP Təşkilat Komitəsi tərəfindən müvafiq bəyanat yayılıb.
Bəyanatda deyilir:
“Əziz həmvətənlər,
Dəyərli və əziz AXCP üzvləri,
Biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdrılmasına etiraz əlaməti olaraq bir araya gəlir və uzun illər uğrunda mübarizə apardığımız əsl AXCP-ni bərqərar edirik. Bizi zor gücünə partiyadan uzaqlaşdırmaq və bir şəxsin əsassız ambisiyalarının qurbanı etmək olmaz. Çünki biz bu partiya və bu amal üçün bütün şüurlu həyatımızı həsr etmiş və cəbhəçi kimi ən ağır məhrumiyyətlərə düçar olmuşuq. Vətəni, milləti sevmək kimi şərəfli bir həyat yolu keçən cəbhəçiləri indi kimsə öz şəxsi maraqlarını həyata keçirmək üçün müxtəlif yollarla partiyadan xaric edir. Həmin şəxslər haqsız və alçaqcasına ləkələnir. Onların təmannasız və fədakar mübarizə yollarına kölgə salınır. Artıq bütün bu rəzalətə dözmək və bunları sadəcə müşahidə etmək mümkün deyildir. Buna imkan vermək də onların dəyirmanına su tökməkdir. Son çıxış yolumuz, hakimiyyətə sərf edən oyunlarla gündəmdə qalan və bir nəfərə qulluq edən AXCP-ni əsl və səmimi sahiblərinə qaytarmaqdır.
Əziz dostlar,
Dəyərli həmfikirlər,
Bizim məqsədimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasını sağlamlaşdırmaq və orada daxili demokratiyanı bərpa etmək, indiyə kimi oradan qanunsuz və əsassız qovulanların və ləkələnənlərin hüquqlarını bərpa edib partiyaya qaytarmaqdır. Biz heç də ikinci AXCP yaratmırıq. Əsl cəbhəçilərin bu AXCP-də toplanacağına əminik. Hər kəsi – hüququ pozulanları, qanunsuz və mənəviyatsızcasına ləkələnənləri,
Elçibəy və Rəsulzadə ideyalarının daşıyıcılarını sıralarımıza dəvət edirik.
Biz əsl AXCP-ni qaytaracağıq. Biz birbaşa olaraq Əli Kərimlinin diktəsi və istəyi ilə qanunsuz olaraq partiyadan uzaqlaşdırılmışıq. Hüquqlarımızı bərpa edib partiyaya dönəcəyik. O zaman artıq iki AXCP-yə ehtiyac qalmayacaq. Bu zaman Əbülfəz Elçibəyin də ruhu şad olacaq.
Əziz cəbhəçilər,
Biz partiyanı parçalamaq istəmədik. Biz adımızı dəyişdirib onlarla partiyanın sıralarına qoşulmaq istəmədik. AXCP var, sadəcə o qəsb edilib, idarəetmədən narazı olanlar və etiraz edənlər zorakı şəkildə oradan uzaqlaşdırılır. Buna son qoyulmalıdır və biz buna sizlərlə birlikdə son qoyacağıq. Partiya könüllü şəkildə toplumun birləşdiyi bir qurumdur. Partiya kiminsə inhisarında olan, Məhdud Məsuliyyətli Cəmiyyət deyil. Bundan sonra daha heç kim partiyanı özünün şəxsi firması kimi idarə edə bilməz. İstədiyi adamı partiyadan qovmaqda sərbəst ola bilməz. Bu tip adamların partiyanı uçuruma da aparmağa nə hüquqi, nə də mənəvi haqqı çatır.
Hörmətli dostlar,
AXCP-nin bütövlüyünü qorumaq üçün, xalqımızın rifahı üçün yaranmış vəziyyətdən iqtidarın istifadə etməsinə imkan verməyək. Bu gün hakimiyyət maraqlıdır ki, müxalifət parçalansın, dağılsın və idarə olunan hala düşsün. AXCP-nin rəhbərliyində Əli Kərimlinin və əlaltılarının olması bu anti-milli hakimiyyətin siyasətinə və marağına tam cavab verir. İllərimiz itir, gənclərimiz küçələrdə qocalır və həbsxanalarda həyatları məhv olur, lakin Əli Kərimlinin övladları xaricdə bahalı universitetlərdə təhsil alır və dəbdəbəli həyat yaşayırlar. Polis dəyənəyi altında mübarizəyə atılan gəncliyin isə maraqları şəxsi maraqlara görə qurban verilir və satılır. Əziyyətlərimiz heç, ümidlərimiz puç olur. Nəticədə xalqın etimadını itiririk. Əli Kərimli və onun bir qrup əlaltısı isə hakimiyyətlə min bir oyuna gedərək şəxsi maraqlarını təmin edir və yalançı müxalifət obrazı yaradır. Bu azmış kimi, Əli Kərimli bəzi xarici qüvvələrin əlində oyuncağa çevrilərək milli və partiya maraqlarını da vicdansızcasına satmaqla məşğuldur. Bu kimi şəxslər uzun müddət səmimi cəbhəçiləri aldatmış və bununla da xalqa və ümumi dəyərlərimizə xəyanət etmişlər.
Biz hakimiyyətin bizdən istifadə etməməsi və sıralarımıza nifaq salmaması üçün elan etdiyimiz Azərbaycana Xalq Cəbhəsi Partiyası qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyəcək. Çünki, biz düşünürük ki, bu ümummüxalifətin mənafeyinə zidd hərəkət olar. Biz çıxış yolunu da irəli sürürük. Birincisi, qoy bütün cəbhəçilər aparılan siyasətə etiraz olaraq burada elan etdiyimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasında birləşsinlər. Onun sıralarında 20 ildən çox xalqın qanını soran korrupsioner və polis rejimi quran hakimiyyətlə mübarizələrini prinsipial və ağıllı üsullarla davam etdirsinlər. Biz indiyə qədər əzilmiş və haqqı pozulmuş vətəndaşların haqlarının bərpa edilməsi üçün qanunun imkan verdiyi ən sərt və barışmaz yolla mübarizə aparacaq və AXCP-ni iqtidar partiyası edəcəyik. Ləyaqətli və xalqa xidmət edən hakimiyyətin qurulması cəbhəçilərin və Azərbaycan xalqının təbii haqqıdır.
Hesab edirik ki, bütün cəbhəçilərin iştirakı ilə etimad qurultayı çağırılmalı, əsl AXCP-nin qayəsi və mahiyyəti özünə qaytarılmalı, partiya yenidən təşkil olunaraq özünə yeni rəhbərlik seçməlidir.
Bununla bərabər, AXCP-nin nizamnaməsi dəyişdirlməlidir. Sədrin sərhədsiz səlahiyyətləri məhdudlaşdırılmalı və seçkili orqanların səlahiyyətləri artırılmalıdır. Əlavə olaraq, sədrlik müddəti iki dəfəyə məhdudlaşdırılmalıdır. Bu demokratiyanın tələbidir.
Biz inanırıq ki, cəbhəçilərin birliyi və səyi ilə AXCP-ni əsl sahiblərinə qaytaracaq, müxalifətin birliyi üçün çalışacaq və sizlərin uzun müddət yorulmadan mübarizə apardığınız idealların və arzuların həyata keçməsinə nail olacağıq”.