20 Avqust 2015 11:13
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Müsavat Partiyasının başqanı Arif Hacılı rayon təşkilatının sədrlərinin iştirakı ilə toplantı keçirib. Toplantıda partiyanın fəaliyyəti, qarşıdan gələn seçkilər, seçkilərdə iştirak məsələsi müzakirə edilib.

Lakin toplantıdan çəkilən fotolarda maraqlı mənzərə var. Belə ki, Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli də sözügedən toplantıda iştirak edib. Baxmayaraq ki, M.Hacıbəyli rayon təşkilatının sədri deyil, sadəcə Məclis üzvüdür.

Müsavata yaxın mənbələr isə deyirlər ki, sözügedən toplantıda rayon təşkilatının sədrlərindən daha çox Arif Hacılıya bağlı şəxslər iştirak edib. Toplantıda seçkilərə hazırlıq məsələsi müzakirə edilib və bu prosesin davam etdirilməsi tapşırılıb.

Ancaq o da qeyd olunur ki, partiyanın rayon təşkilatlarının sədrlərinin çoxu Müsavatın seçkilərə təkbaşına getməsinə razı deyillər və hesab edirlər ki, partiya seçkilər mövzusunda özünə müttəfiqlər tapmalıdır.

Digər maraqlı məqam odur ki, Müsavat Partiyasının istəyinə baxmayaraq ADR Hərəkatının birinci müavini, Müsavat düşərgəsində tanınmış nüfuzlu şəxslərdən biri olan Vurğun Əyyub bəyan edib ki, seçkilərdə fərdi şəkildə namizədliyini irəli verəcək. O, qeyd edib ki, partiya siyahısı ilə seçkilərə qatılmağa ehtiyac duymur: "Mənim Müsavat Partiyasındakı statusum hələ ki aydın deyil. Məni gah partiyadan çıxarır, gah da bərpa edirlər. Odur ki, parlament seçkilərində namizədliyimi Müsavatın adından deyil, fərdi şəkildə irəli sürəcəyəm. Parlament seçkilərində namizədliyimi Suraxanı rayon 30 saylı seçki dairəsindən irəli sürəcəyimi planlaşdırmışam. 2005-ci ildə həmin dairədən namizədliyimi verdiyim üçün oranı yaxşı tanıyıram".

Bununla da, Vurğun Əyyub faktiki olaraq Müsavat adına heç bir seçki kampaniyasında və tədbirlərdə iştirak etməyəcəyini ortaya qoyub.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə deyib ki, Suraxanı rayon təşkilatı yeni bərpa edildiyindən, hazırda həmin dairədən 2 nəfər partiya üzvü namizədliyini irəli sürməyi düşünür: "Ancaq bu məsələ yenidən müzakirə olunacaq və onlar öz aralarında razılaşacaq. Yekunda bir nəfərin namizədliyi təsdiqlənəcək".

Qeyd edək ki, hazırda partiyanın Suraxanı və Binəqədi rayon təşkilatlarında Vurğun Əyyubun nüfuzu və tərəfdarları çoxdur. Əyyubun partiyadan çıxarılmasından sonra Suraxanı rayon təşkilatında ciddi problemlər yaşanıb. Hətta avqustun 17-də də yerli təşkilatda yeni problemlərin ortaya çıxdığı bəlli olub. Daha doğrusu, Suraxanı təşkilatında keçirilən seçkilərdə qalmaqal yaranıb. Təşkilatın sabiq sədri Rövşən Dəmirli bildirib ki, avqustun 16-da keçirilən seçkilərdə cəmi 19 nəfər iştirak edib və seçkilərdə say komissiyasının üzvlərinin də namizəd olması Nizamnamə pozuntusu hesab edilməlidir: "Onlardan 3 nəfəri Şura üzvü, 3 nəfəri Nəzarət-Təftiş Komissiyasının üzvü, 1 nəfər də sədr seçilib. Müsavatın nizamnaməsində yazılıb ki, səsvermə gizli olduğu üçün say komissiyası yaradılır. Ancaq həmin say komissiyasının üzvləri hansısa seçkili orqanlara namizəd olublar. Bu isə birbaşa Nizamnamə pozuntusudur".

Müsavat rəhbərliyi isə heç bir nizamnamə pozuntusuna yol verilmədiyini vurğulayıb.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər