Yeni yaradılan AXCP-nin üzvü, "Cümhuriyət" qəzetinin baş redaktoru Rafail Becanov ona qarşı irəli sürülən ittihamlara cavab verib. “Rəfail Becanov heç bir zaman AXCP üzvü olmayıb” iddialarına münasibət bildirən baş redaktor qeyd edib ki, yalan və saxtakarlıq üzərində siyasət qurulmaz.
"Təəssüf ki, Əli Kərimli və ətrafı hələ də bu tip siyasətlə uğraşır. O fikirdə AXCP yerinə “Yurd” ifadəsi olsaydı, həqiqət olardı. Mən heç zaman Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd”un üzvü olmamışam. Amma Elçibəyin lideri olduğu AXC və AXCP-nin üzvü olmuşam. Partiya üzvü olmaqla yanaşı, həm də AXCP-nin rəsmi orqanı olan “Cümhuriyət” qəzetinin redaktoru olmuşam. “Cümhuriyət” qəzetindəki fəaliyyətimiz dostlarımla birgə birbaşa AXCP-nin “Yurd” tərəfindən planlı dağıdılmasına qarşı olub. Əli Kərimli və ətrafı bütün gücünü sərf edərək, qəzeti ələ keçirməyə çalışsa da, bunun qarşısını ala bildik. Həqiqət budur.
Amma kimsə yalan yazmaq, yalan danışmaq istəyirsə, özü bilər. Kimin-kim olduğunu cəmiyyət yaxşı bilir. Bu adamlar hər zaman öz fəaliyyətlərini, siyasətlərini yalan üstə qurublar. 1995-ci ildən aramızda yaranan münaqişə də, siyasi baxışlarımızın ayrılmasının əsas motiv məhz bu olub. Mənim Əli Kərimliylə yollarım 1995-ci ildə ayrılıb. O zaman Azərbaycan Xalq Cəbhəsi (AXC) İnformasiya Mərkəzinin əməkdaşları olaraq, hazırda “Elçi” qəzetinin baş redaktoru olan Əli Həziquliyevlə birgə onun şiddətini, fikir müxtəlifliyinə yanaşmasını gördük. Yəni düz 20 ildir biz eyni yolu, düşüncəni, aqressiyanı, partiyadaxili avtoritarizmi, insanların siyasi və iqtisadi istismarını, demokratiyanın imtasiya edilməsini bölüşmürük. Hərçənd ki, daha neçə il bir partiyada olduq. O sədr müavini, mən partiyanın aktiv üzvlərindən biri və partiyanın iki qəzetindən birinin redaktoru olaraq, “mehriban düşmənlər” kimi fəaliyyət göstərdik. Təəssüf ki, ötən 20 il bu adamlara dərs olmayıb. Yenə də yalan, saxtakarlıq üzərində fəaliyyət qururlar. Fərqində deyillər ki, bu saxta fəaliyyətin nəticəsində onminlərin partiyası olan AXCP-ni dərnəyə çeviriblər. Dəfələrlə partiyanı bölünməyə təhrik ediblər. İndi bunun qarşısını almaq, partiyanı dirçəltmək istəyənlərə qarşı eyni üsullardan istifadə etmək istəyirlər. Amma bu dəfə alınmayacaq”.
Rəfail Becanov daha sonra bildirib ki, kimin-kim olduğunu çoxları bilir: “Əslində AXCP adıyla imitasiya edən, fədakar cəbhəçiləri hər zaman çətin durumda qoyan, onları bəzən qəsdən həbs etdirən bəzi adamlar var ki, özləri min oyunlardan çıxırlar. Zamanı gələndə bunlar da deyiləcək”.
/Avropa.info/