20 Avqust 2015 19:34
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəlli olduğu kimi, ADR Hərəkatının sədri Qubad İbadoğlunun şikayəti əsasında Ədliyyə Nazirliyi Müsavat Partiyasının VII qurultayı ilə bağlı araşdırma aparır. Bu məqsədlə nazirlik Müsavat başqanının müavini Elman Fəttahı Ədliyyə nazirliyinə dəvət edib. Bundan sonra E.Fəttah mətbuata açıqlamasında ADR Hərəkatını ittiham edib.

Teleqraf.com xəbər verir ki, bu açıqlamadan sonra sosial şəbəkədə Elman Fəttahla ADR Hərəkatı sədrinin müavini Ellada Məmmədli arasında qarşıdurma yaranıb, tərəflər bir-birini tənqid edib.

ADR Hərəkatı sədrinin müavini Ellada Məmmədli deyib ki, yalan ayaq tutub gedir, qarşısını alan da yoxdur. Bununla Məmmədli məlum hadisəyə görə ADR Hərəkatını ittiham edən Elman Fəttahı yalançılıqda ittiham edib.

Elman Fəttah Ellada Məmmədlinin bu ittihamina cavab verib. O, bildirib ki, Ədliyyə Nazirliyinə edilən şikayət xarakterli müraciətdə təxminən 12-13 nəfərin imzası var. Onun sözlərinə görə, müraciət ADR Hərəkatının sədr müavini, Departament rəisi, Məclis üzvləri tərəfindən səviyyəsində hazırlanıb: “Məni nazirliyə dəvət etdilər, müəyyən suallar verdilər. Mən də bunun şifahi deyil, yazılı şəkildə aparılmasını təklif etdim. Bildirdim ki, hansısa sualları varsa, Müsavat Partiyasına yazılı şəkildə müraciət etsinlər, o şəkildə də cavablandırılsın. Hələ ki belə müraciət olmayıb. Ötən il Müsavat Partiyasının qurultayının nəticələrinə dair sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Nazirlik də partiya ilə bağlı reyester qeydiyyatını başa çatdırmışdı. İndi nazirliyə müraciət edən insanların bundan əvvəl də mətbuatda şikayət xarakterli açıqlamaları dərc olunub. Bizə əvvəlcədən bəlli idi ki, ADR Müsavata qarşı yaradılan hərəkatdır. Qənaətim ondan ibarətdir ki, bu, təşkil olunmuş məsələdir. Ədliyyə Nazirliyi Müsavat Partiyasına qarşı bu addımı atırsa, kampaniya aparanların fəaliyyətlərini partiyaya qarşı yönəldən şəxslərin müraciəti ilə bağlı qurultayın nəticələrini mübahisələndirməsi baş veerirsə, deməli ortada nəsə var”.

Ellada Məmmədli isə cavab olaraq deyib ki, siyasi partiyadan xəbəri olmayanlar, yalanı yalana calayaraq şəxsi çıxarları, cib mənafeyi üçün min bir fəndbazlıqla “siyasi karyera” əldə edənlər heç vaxt müxalifət olmayıb: “Bundan sonra heç ola bilməzlər. Haqqı yazmaqdan qorxanlar , “siyasi karyera” pərdəsi altında gizlənmişlərdir”.

Müsavatın Suraxanı təşkilatının keçmiş sədri, partiyadan uzaqlaşdırılan və hazırda ADR Hərəkatında təmsil olunan Rövşən Dəmirli də məsələyə münasibət bildirib: “Müsavatın indiki rəhbərliyi yenə köhnə ampulasındadır. Kim bunların əleyhinə söz deyirsə, etdikləri saxtakarlıqları ifşa etməyə cəhd göstərirsə, anındaca həmin insanları satqın, "hakimiyyətin dəyirmanına su tökən" adlandırır, ünvanlarına hər cür şər- böhtan yağdırırlar. Partiyanın indiki rəhbərliyinin siyasi fəaliyyətindən narazı olanları Nizamnamənin uyğun olmayan maddələri ilə günahlandırıb partiyadan xaric etmək, bununla bağlı öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etməyə lazımı arayışı rəhbərlikdən ala bilməyən şəxslərə başqa yol buraxmamaq özü bir sabotajdır. Bir də bildirmək istəyirəm ki, bu müraciəti partiyada hüquqları pozulmuş və indiki rəhbərliyin apardığı siyasəti bəyənməyən insanlar imzalayıb. Bunun ADR Hərəkatına hər hansı bir aidiyyəti yoxdur”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər