20 Avqust 2015 20:22
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Mil-Muğan bölgəsi üzrə rayon şöbələrinin növbəti parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirəsi keçirilib.

Şirvan şəhərində keçirilən müşavirədə YAP Mərkəzi Seçki Qərargahının Şirvan şəhər, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, İmişli, Saatlı, Beyləqan, Füzuli, Xocavənd və Cəbrayıl rayon şöbələrinin üzvləri iştirak ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov çıxış edərək YAP-ın Milli Məclisə keçiriləcək növbəti seçkilərə ciddi hazırlaşdığını bildirib. Ə.Əhmədov deyib ki, YAP əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də bütün gücünü və resurslarını səfərbər edib. Partiyanın bütün yerli strukturları, fəalları seçkilərə hazırlıq prosesinə cəlb olunub. Son parlament seçkilərindən keçən müddət ərzində ölkəmizdə həyatın bütün sahələrində böyük inkişaf baş verdiyini söyləyən YAP sədrinin müavini qazanılan möhtəşəm uğurların əsasında ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin dayandığını vurğulayıb.

Diqqətə çatdırılıb ki, seçkilərdə inamlı qələbə qazanılmasının əsas şərtlərindən biri də səmərəli seçki kampaniyasının təşkil olunmasıdır. Partiyanın bu prinsipə daim sadiq qaldığını bildirən Ə.Əhmədov YAP-ın böyük insan potensialının seçkilərdə uğur qazanılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. “Partiyanın yerli strukturlarında fəaliyyət göstərən seçki qərargahları üzvlərinin mütləq əksəriyyəti böyük seçki təcrübəsinə malik insanlardır. Hesab edirəm ki, qarşıdakı parlament seçkilərində də siz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirəcəksiniz. Təbii ki, partiyamızın bu resursundan, yəni insan potensialından hər zaman səmərəli istifadə etməyə çalışmışıq. Qələbələrimizin əldə olunmasında partiya üzvlərinin fədakarlığı, əzmkarlığı mühüm rol oynayır”, – deyə Əli Əhmədov qeyd edib.

Müşavirədə, həmçinin bir sıra rayon təşkilatları sədrlərinin hesabat xarakterli çıxışları dinlənilib və müzakirələr aparılıb. Sonda Əli Əhmədov qarşıdakı dövrdə görüləcək işlərlə bağlı tədbir iştirakçılarına tövsiyə və tapşırıqlarını verib. Müşavirədə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Hadı Rəcəbli iştirak edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər