21 Avqust 2015 01:37
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Hacıyev: “Araşdırma aparıldıqdan sonra müəllifin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev avqustun 19-da Rusiyanın “Nezavisimaya Qazeta” nəşrində Anton Yevstratovun “Kolokolni i minaretı Karabaxa” adlı məqaləsi ilə əlaqədar açıqlama yayıb. H.Hacıyev bildirib ki, müəllif tərəfindən sifariş əsasında hazırlandığı aydın şəkildə görünən bu məqalədə siyasi, hüquqi, tarixi və dini əsasda saxtakarlığa yol verilib: “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim var ki, bu da yalnız işğal və təcavüzün nəticəsidir. İşğal olunmuş ərazilərin əhalisinin 99,9 faizinin eyni dindən olan ermənilərin təşkil etdiyini yazan müəllif əslində yerli azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qaldığını bir daha təsdiq edir. Müəllifə xatırlatmaq istərdik ki, münaqişədən əvvəl 1988-ci ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin 74 faizini ermənilər, 24 faizini azərbaycanlılar, 2 faizini isə ruslar və digər xalqlar təşkil edirdilər. İndi isə yalnız ermənilərdən ibarət mono-etnik tərkibdir”.

H.Hacıyev qeyd edib ki, ermənilər Cənubi Qafqaz regionuna yad və gəlmə olduqları halda, erməni kilsəsinin Qarabağda və indiki Ermənistan ərazisindəki “tarixi” rolundan danışmaq cəfəngiyatdır: “Gəncəsar monastırının adını təhrif edərək yazan müəllif çox vacib bir məqamın üstündən ötməyə çalışır. Gəncəsar monastırı sırf “erməni” monastırı kimi yaradılmışdısa, niyə bu məbədi tikdirmiş Həsən Cəlal tikilinin üstündə “mənim alban xalqım” üçün ucaldılmış “Albaniya paytaxt məbədi” yazdırmışdı? Eləcə də Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda özlərini alban adlandırmışdılar. Əsrlər boyu alban kilsəsi ilə mübarizə aparan erməni kilsəsi planlı şəkildə onu özünə tabe etməyə, sonralar isə ləğv etməyə çalışmışdır. Alban yazılı mənbələri 1836-cı ildə rus Sinodunun qərarı ilə alban kilsəsi erməni kilsəsinə tabe ediləndən sonra məhv edilmişdir. Ümumiyyətlə, regionda erməni kilsəsinin rolundan danışan müəllifə elə Çar Rusiyasına qarşı terror siyasəti apardığına görə 1903-cü ildə erməni kilsəsinin əmlakının müsadirə olunması haqqında fərmanı xatırlatmaq yerinə düşər”.

XİN rəsmisi daha sonra deyib: “Müəllif işğal edilmiş ərazilərdə Azərbaycan xalqının İslam dininə aid maddi-mədəni irsini də təhrif edir. Ermənistan ərazisində Azərbaycan xalqına məxsus Dəmirbulaq məscidi tamamilə məhv edilmişdir. Azərbaycanın İslam mədəniyyətinə və memarlığına verdiyi zəngin irsin bir hissəsi olan işğal olunmuş Ağdam rayonundakı Cümə Məscidi və Şuşadakı Yuxarı Gövharağa Məscidi vandalizmə və təhqirlərə məruz qalıb. Məqalədən göründüyü kimi müəllif qeyri-qanunu əsasda Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında” qanunu pozub və sifarişli əsasda Azərbaycanın tarixinin saxtalaşdırılması və qondarma rejimin təşviqi ilə məşğuldur. Müvafiq araşdırma aparıldıqdan sonra müəllifin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər