21 Avqust 2015 11:34
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qarşıdan gələn növbəti parlament seçkiləri ilə bağlı dairə seçki komissiya (DSK) sədrləri üçün müşavirə işə başlayıb.

Teleqraf.com-un məlumatına görə, tədbirdə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birini müavini Ziyafət Əsgərov, daxili işlər nazirinin müavini Oruc Zalov, ədliyyə nazirinin müavini Azər Cəfərov, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev iştirak edir.

Müşavirədə ilk çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, rəhbərlik etdiyi qurum hər seçkidə olduğu kimi, bu il də yanvar ayından başlayaraq, müxtəlif tədbirlər həyata keçirməyə başlayıb. Onun sözlərinə görə, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq ölkədə demokratik seçkilər keçiriləcək: “Ümumiyyətlə, demokratik seçkilərin keçirilməsi üçün ən başlıcası ictimai-siyasi sabitlik olmalıdır. Digər tərəfdən isə seçkilərin demokratik və ədalətli təşkilini təmin edən sənəd və bu sahədə hüquqi baza olmalıdır. Bu baxımdan da ölkəmizdə ictimai-siyasi sabitlik və Azərbaycanın Seçki Məcəlləsinin olması təqdirəlayiq haldır”.

M.Pənahov deyib ki, Azərbaycanda keçirilən seçkilərin şəffaflığını təmin etmək üçün seçki məntəqələrində kameralar quraşdırılıb. Onun sözlərinə görə, Azərbaycanın bütün dairə seçki komissiyaları yeni binalarda yerləşir və ən müasir avadanlıqlarla təchiz olunub: “Ölkə rəhbərliyinin göstərişi ilə Azərbaycanda seçki məntəqələrinə müasir tələblərə cavab verən binalar verilib. Bu binalarda seçki şəffaflığının təmin olunması üçün bütün imkanlar yaradılıb. Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsi üçün ölkə başçısı tərəfindən bütün şərait yaradılıb”.

Prezident Administrasiyası (PA) rəsmisi Z.Nağdəliyev bildirib ki, Azərbaycanda seçkilərin şəffaflığını təmin etməyə istiqamətlənən bu cür tədbirlər artıq ənənəvi hal alıb. Onun sözlərinə görə, artıq Azərbaycanda seçkilərdə nöqsanlar demək olar ki, qeydə alınmır: “Təbii ki, bütün bunların reallaşmasında bu cür seminarların təşkili də mühüm yer alır. Azərbaycanda keçirilən seçkilər dünya üçün nümunə sayılır. Son illər Azərbaycanın bütün regionlarında sürətli inkişaf müşahidə olunur, ölkəmiz mötəbər tədbirlərə ev sahibliyi edir. Təbii ki, bütün bu inkişaf seçki sisteminin inkişafına da öz müsbət təsirini göstərib. Azərbaycanda insanların seçkilərdə iştirakı və səs verməsi üçün bütün şərait yaradılıb”.

Z.Nağdəliyev qeyd edib ki, Azərbaycanın ayrı-ayrı yerlərində seçkilərdə iştirak edən bütün namizədlər üçün bərabər şərait yaradılır: “Artıq cənab Prezidentinin tapşırığı ilə bu dəfə də 125 dairədə seçki namizədləri üçün bərabər şərait yaradılacaq. Azərbaycanda keçirilən seçkilər dünyanın əksər ölkələri üçün nümunə ola bilər”.

PA rəsmisi bəyan edib ki, Azərbaycanda seçki siyahıları mütləq şəffaf hazırlanmalıdır: “Azərbaycanda seçki məntəqələrinin hər birində veb-kameralar quaşıdırlır. Bu veb-kameralar vasitəsilə dünyanın hər bir yerindən Azərbaycanda keçirilən seçkiləri izləmək mümkündür. Digər tərəfdən isə bu veb-kameralar Azərbaycanda hökm sürən seçki vəziyyətini və onun şəffaflığını göstərib. Ümumiyyətlə, biz hər zaman çalışmışıq ki, bütün seçki məntəqələrində ideal şərait yaradılsın. Bu iş bundan sonra da davam edəcək. Azərbaycanda hər seçkilərdə əldə olunan irəliləyiş daha da artır. Lakin biz heç zaman arxaynlaşmamalıyıq, hər seçkidə daha çox öz peşəkarlığımızı və potensialımızı ortaya qoymalıyıq. Çalışmalıyıq ki, bu dəfə də seçkilərdən alnıaçıq çıxaq. Çünki seçkilərdə adi bir nöqsan ölkəmizin imicinə xələl gətirə bilər. Bu gün dövlət başçısının sayəsində Azərbaycanın nüfuzu dünyada artır. Biz bu nüfuza xələl gətirə bilmərik. Ona görə də hər birimiz seçkilərdə şəffaflığı yüksək səviyyədə təmin etməliyik”.

Səxavət Həmid


Müəllif:

Oxşar xəbərlər