Türkiyədə 5 günlük səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri bir sıra mühüm görüşlər keçiriblər.
Görüşlər barədə qəzetimizə danışan YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər rəsmi diplomatiyadan başqa dostluq, qardaşlıq münasibətlərinə çevrilib: “Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevlə Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu, eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla cənab Prezidentimiz arasında çox sıx münasibətlər var. Azərbaycan dövlətinin ən böyük investisiya qoyduğu xarici ölkə də Türkiyədir. TANAP, PETKİM və bir çox layihələrdə birgə fəaliyyət göstəririk. YAP Gənclər Birliyi də bu əməkdaşlığa sadiqdir. AKP ilə 2002-ci ildən başlayan əməkdaşlıq münasibətləri günü-gündən inkişaf etməkdədir”.
“Yay məktəblərinin təşkilini həyata keçirməyi planlaşdırdıq”
AKP-nin Gənclər Birliyinin yeni sədri Abdurrahman Boynukalının dəvəti ilə Türkiyəyə səfər etdiklərini deyən S.Orucov qeyd edib ki, Türkiyənin hakim partiyasının Gənclər Birliyindən parlamentdə təmsil olunan 4 millət vəkili ilə görüşüblər: “Onlarla çox səmimi söhbətlərimiz oldu, gənclər arasında əlaqələrin inkişafına dair səmimi söhbət apardıq. Gələcəkdə birlikdə seminar və treninqlərin, yay məktəblərinin təşkilini həyata keçirməyi planlaşdırdıq. Belə ideya səsləndi ki, Türkiyə, Azərbaycan və Gürcüstanın hakim partiyasının Gənclər Birliyi ilə üçlü zirvə həyata keçirək, AKP, YAP və Rusiyanın ”Molodoy qvardiya" adlı Gənclər Birliyi ilə birgə tədbirlər təşkil edək.
Türkiyə Böyük Millət Məclisinin sədri İsmet Yılmazla görüşdüklərini deyən S.Orucov əlavə edib ki, TBMM sədri Azərbaycanı sevdiyini və dərindən tanıdığını deyib. Bundan başqa YAP-çı gənclər Türk İş Birliyi və Koordinasyon Ajansının (TİKA) başqanı Serdar Çam, Yurtdışı Türklər və Akraba Topluluqları Başkanlığında başkan Kudret Bülbüllə görüşüb.
“Bakı-Tiflis-Qars dəmir yolu xəttinin əhəmiyyətindən danışdı”
S.Orucov AKP sədrinin müavini, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Yasin Aktayın qonağı olduqlarını da söyləyib: “Onların iş şəraiti ilə tanış olduq, təcrübə mübadiləsi apardıq və nəzərə aldıq ki, gələcəkdə bu münasibətləri daha da inkişaf etdirməliyik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə isə Türkiyənin xarici siyasətindən, partiyalararası münasibətlərdən söhbət açdıq. Cənab nazir Azərbaycana olan hörmətindən, xatirələrdən danışdı. Onun ən böyük arzusu Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasıdır. Mövlud bəy Avropa Oyunları kimi tədbirin möhtəşəm keçirilməsini xatırlatdı. Bizə söylədi ki, Azərbaycan dünyaya nələrə qadir olduğunu isbat etdi. O, Bakının inkişafından, Azərbaycanın iqtisadi durumundan, xüsusilə də yeni açılacaq Bakı-Tiflis-Qars dəmir yolu xəttinin əhəmiyyətindən danışdı. Gənclər arasındakı münasibətlərin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi”.
“Türkiyə terrorla mübarizə sahəsində qərarlıdır”
YAP Gənclər Birliyinin sədri AKP-nin sentyabrın 12-də keçiriləcək qurultayına dəvət olunduqlarını da qeyd edib. O, Türkiyədəki hazırkı situasiyanı da dəyərləndirib: “Bu gün Türkiyə terror qruplaşmalarına qarşı ciddi mübarizə aparır. Arzumuz odur ki, nəinki Türkiyədə, dünyanın heç bir yerində terror olmasın. Çünki biz erməni terrorundan əziyyət çəkən dövlətik. 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Onların bir çoxu elə yaş həddinə çatıb ki, Dağlıq Qarabağdan Bakıya gəldikdən sonra doğulublar. Bu prosesin nizamlanmasına ikili standartlar imkan vermir. Biz sülh tərəfdarıyıq, amma Ermənistan rəhbərliyi legitim olmadığı üçün bu proseslər nəticəsiz qalıb. Biz terroru lənətləyirik. Türkiyədə baş verən terror hadisələri qardaş dövlət kimi bizləri də kədərləndirir. Amma Türkiyə terrorla mübarizə sahəsində qərarlıdır. Bununla mübarizə üçün əlindən gələni edir”.
Parlament seçkilərində gənclər namizəd olacaqmı?
S.Orucov noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində gənclərin namizədliyini irəli sürüb-sürməyəcəyinə də toxunub: “Bu barədə qərar bizim partiyamızın daxili nizamnaməsinə uyğun olaraq veriləcək. Mənim bu haqda fikir yürütməyim partiya nizamnaməsinə ziddir. Partiyamız siyahısını açıqlayandan sonra bu məsələ ilə bağlı açıqlama verə bilərəm. Mənim deyəcəyim fikrin hüquqi əsası yoxdur. Namizədlərin siyahısı partiya rəhbərliyinin, idarə heyətinin, icra katibliyinin verəcəyi qərardan asılıdır. Onlar nə qərar verəcəklərsə, biz gənclər qanunvericilik və partiyanın daxili nizamnaməsi çərçivəsində o qərarı icra edəcəyik”.
Qeyd edək ki, YAP-ın Gənclər Birliyinin Türkiyəyə səfər edən nümayəndə heyətinin tərkibində YAP Gənclər Birliyinin sədri Seymur Orucovla yanaşı, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, partiyanın Xocalı şəhər GB-nin sədri Aynur Abışova, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü Babək Məmmədzadə, YAP Gənclər Birliyi Ofisinin koordintorları Fərid Nəsibov, Ümid Abuzərli və Aytən Hüseynova olub.
NƏRGİZ