25 Avqust 2015 12:03
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilən parlament seçkilərindən sonra hökumət qurmaq üçün lazım olan səs çoxluğunu qazana bilməyən Ədalət və İnkişaf Partiyası (AKP) geridə qalan 45 gün müddətində koalisiya hökuməti qurmaq istiqamətində parlamentdə təmsil olunan digər partiyalarla danışıqlar apardı. Lakin Türkiyə qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə koalisiya hökumətinin qurulması mümkün olmadı. Belədə konstitusiyaya uyğun olaraq Türkiyə yenidən erkən seçkilərə getmək barədə qərar qəbul etdi. Eyni zamanda, noyabrda baş tutacaq təkrar parlament seçkilərinin dəqiq tarixini müəyyənləşdirmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın parlament spikeri ilə görüşəcəyi gözlənilir.

Bu həftə isə Baş nazir Əhməd Davudoğlu Türkiyədə müvəqqəti hökumət quracaq. Müvəqqəti hökumətdə nazir postlarının əksəriyyəti AKP-nin olsa da, bu vəzifələrə digər partiyaların və bitərəflərin nümayəndələri də təyin olunacaq.

Qarşıdan gələn təkrar seçkilərin necə keçəcəyi, hansı partiyanın işinə yarayacağı kimi məqamlara aydınlıq gətirməyə çalışdıq.

"AKP təkbaşına hökumət üçüm lazım olan səsi toplayacaq"

Məsələyə münasibət bildirən "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlunun sözlərinə görə, indiki halda proseslər AKP-nin xeyrinə cərəyan edir: "Proseslərin gedişi göstərir ki, AKP qarşıdan gələn seçkilərdə təkbaşına iqtidar qurmağa bəs edə biləcək qədər səs toplaya bilər. Hakim partiyanın buna şansı böyükdür. Bir müddət öncə də qeyd etmişdim ki, koalisiya ssenarisi baş tutmasa və erkən seçkilərə gedilsə, AKP lazımi səsi toplaya biləcək. Yenə də bu fikrimdə qalıram. Ona görə ki, iqtidar partiyası ortaya bir arqument qoyur, koalisiya heç bir nəticə vermir və buna getmək mümkün deyil. Üstəgəl də, AKP Türkiyənin daxilindəki prosesləri, kürdlərlə, bölücü qruplaşmalarla bağlı məsələləri, Suriyada olanları arqumentləşdirərək vəziyyətdən öz xeyrinə istifadə etməklə təkpartiyalı hökuməti qura biləcək səs toplaya bilər. Diqqət etdikdə görürük ki, AKP koalisiya danışıqlarının hamısında buna meyilli görünmürdü. Ancaq buna baxmayaraq, həm CHP, həm də MHP ilə müəyyən qədər proseslər davam etdirildi. Amma istər irəli sürülən şərtlər, istərsə də siyasi polemikalardan görünürdü ki, AKP, əslində, bu danışıqlara sırf "quş qoymaq" xətrinə gedir. Koalisiyanın baş tutması hakim partiyanın marağında deyildi. Bundan sonra erkən seçkilərə gediləcək və AKP bu zaman lazım olduğu qədər səs toplayacaq.

Burada ikinci bir məqam isə HDP məsələsidir. Əslində, AKP-nin bu seçkilərdə təkbaşına iqtidar ola bilmək şansını itirməsinin səbəbi HDP-dir. Çünki HDP Cənub-Şərq Anadolu bölgəsindən səs topladı. Bu səsləri sonuncu seçkiyə qədər AKP yığırdı, HDP bu səsləri ondan götürə bildi. Nəticədə HDP 10 faizlik həddi keçməklə AKP-ni təkbaşına iqtidar olmaqdan yayındırdı. Bəs bu dəfə HDP 10 faizlik həddi keçə biləcəkmi? Fikrimcə, keçə bilməyəcək. Ona görə ki, istər qruplaşmalarla bağlı, istərsə də HDP-nin özünün baş verən proseslərə münasibəti və digərləri Cənub- Şərq Anadolu bölgəsindən topladığı səsin itirilməsi ilə nəticələnəcək. Əslində, burada toplanan səslər kürdlərdən toplanan səslər deyildi. Eyni zamanda, digər kəsimlərdən də var idi. Həmin kəsim HDP-yə bir şans vermişdi ki, özünü doğrultsun. Amma HDP bunu sübut edə bilmədi, əksinə ortaya qoydu ki, o, PKK-nın siyasi qanadıdır. Bütün bunları nəzərə alaraq proqnozlaşdırmaq olar ki, təkrar seçkilərdə HDP 10 faizlik həddi keçməyəcək. Qeyd etdiyim ərazidə dini kəsimin təsiri güclüdür və belə olduğu halda onların səsləri yenidən AKP-yə gedəcək".

"Burada xarici və daxili faktorlar var"

V.Zifəroğlu deyib ki, baş verən proseslərdən MHP öz xeyrinə istifadə edə bilmir: "Belə demək mümkünsə, bu partiya arxa planda qalıb. Yəni, MHP rəhbərliyi müəyyən ritorik siyasi bəyanatlar verməklə kifayətlənib. Halbuki, bu proseslərdən istifadə etməklə MHP milliyyətçi kəsimin səslərini özünə geri qaytara bilərdi. Amma bu, müşahidə edilmir.

CHP-yə gəlincə, artıq bunlar özlərinin solçu sifətini göstərməkdədirlər. Bu baxımdan, inanmıram ki, bir sıra hallarda CHP-yə meyl edən sağ mərkəzçi qüvvələr yenidən bu partiyaya etibar etsinlər. İndki məqamda bütövlükdə müxalifətin ciddi uğurundan söhbət gedə bilməz. Bütün bu faktorlar AKP-nin xeyrinə işlədiyinə görə növbəti dəfə lazımi səsi yığacaq. Hakim komandanın bu dəfə lazımi səsi yığmasının səbəbi heç də bu partiyanın uğurlu siyasəti deyil. Burada xarici və daxili faktorlar var. Yəni, AKP daxili proseslərin gedişatında verdiyi bəyanatlar hesabına bu səsi toplayacaq. Eyni zamanda, sağ mərkəzdə rəqabətsizliyin olması faktorunu qeyd edə bilərik. Çünki faktiki olaraq, sağ mərkəzdə böyük bir boşluğun olması AKP-nin xeyrinə ola bilər".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər