26 Avqust 2015 12:57
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda parlament seçkiləri Konstitusiyaya uyğun olaraq noyabrın ilk həftəsin, ilk bazar günü keçirilməlidir. Bu tarix də noyabrın 1-nə, bazar gününə təsadüf edir. Seçkilərə 2 aydan bir neçə gün artıq vaxt qalıb. Sentyabrın 1-dən etibarən deputatlığa iddialılar öz namizədliklərini açıqlayacaqlar.

Seçkilərə qısa müddət qaldığı bir vaxtda ölkədə fəaliyyət göstərən partiyalar deputatlığa namizədlərin ilkin siyahısını hələ də açıqlamayıb. Hakim Yeni Azərbaycan Partiyası (YAP) siyahısını bu həftə açıqlayacağını bəyan edib. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib: “Seçki Məcəlləsinə uyğun olaraq seçkilərə ən azı 60 gün qalmış Azərbaycan Prezidentinin sərəncamı olur. Ölkə başçısının Milli Məclisə seçkilərin elan olunması ilə əlaqədar sərəncamı dərc olunandan və qüvvəyə minəndən sonra YAP İdarə Heyəti namizədləri ilə bağlı qərar qəbul edəcək. Qərar qəbulundan sonra siyahımızı açıqlayacağıq”.

Seçki ekspertlərinin fikrincə, müxalif partiyaların indiyədək deputatlığa namizədlərin siyahısını açıqlamaması onların hakim partiyanın siyahısını gözləməsinə işarədir.

YAP siyahısını açıqlayacağı vaxtı artıq bəyan edib, bəs görəsən, müxalifət siyahısını nə zaman açıqlamağı düşünür?

“Azadlıq-2015" hələ dəqiqləşdirir

8 müxalifət partiyasını özündə birləşdirən “Azadlıq-2015" blokunun seçki qərargahının rəhbəri Bəybala Əbil siyahının bu həftə elan olunacağını bildirib. Onun sözlərinə görə, blok 80 dairədən namizəd irəli sürəcək: ”Blok daxilindəki 8 partiyadan KXCP-nin namizədi daha çoxdur. Elə dairələr var ki, “Azadlıq-2015" blokunun oradan namizədi olmayacaq. Amma bəzi dairələrə 2-3 nəfər iddialı var. Əslində, seçki qərargahının siyahını gec çap etməsinin əsas səbəbi dəqiqləşmə ilə bağlıdır. 3-4 nəfərin iddia etdiyi dairədə daha çox güclü namizəd üzərində dayanacağıq. Blok ola bilsin, mübahisəli dairədə 1 namizəd irəli sürsün, ancaq blokda təmsil olunan partiyalar öz namizədini ayrı-ayrılıqda versin. Yəqin, bu həftə məsələlər həll olunacaq”.

AzDP-nin qaranlıq gələcəyi

Bloka daxil olan Azad Demokratlar Partiyasından (AzDP) isə qəzetimizə bildirdilər ki, partiya rəsmi qeydiyyata alınmadığından seçkidə iştirakı sual altındadır. Bu səbəbdən parlament seçkilərində iştirak edib-etməmək məsələsi hələlik partiyada açıqdır. Onu da qeyd etdilər ki, bunun başlıca iki səbəbi var. Onlardan biri seçki ilə bağlı ölkədəki mövcud vəziyyət, xüsusi səbəb isə partiyanın dövlət qeydiyyatına alınmaması ilə əlaqədardır. Qeydiyyat olmadan isə Sülhəddin Əkbərin rəhbərlik etdiyi AzDP nəinki seçkiyə qatıla bilmir, həmçinin “Azadlıq-2015" blokunda hüquqi, siyasi təsisçisi kimi də iştirak etməsi mümkün olmayacaq. Ona görə də sentyabrın əvvəlində partiyanın Ali Məclisində bu məsələyə aydınlıq gətiriləcək.

YAP-dan daha əvvəl...

Ədalət Partiyası isə seçkilərdə 30-a yaxın namizədlə iştirak etmək arzusundadır. Partiyanın sədr müavini Mütəllim Rəhimli bildirib ki, avqustun sonunda namizədlərin sayı barədə dəqiq rəqəm elan ediləcək: “Ali Məclisin qərarından sonra partiyanın deputat siyahısı açıqlanacaq. Biz əvvəlcədən bəyan etmişdik ki, Ədalət Partiyasının deputat siyahısı Ali Məclisin iclasında müəyyənləşəcək. Ola bilər bizim seçki siyahımız YAP-dan daha əvvəl çıxsın. Biz namizədlərimizi hakim partiyanın siyahısına uyğunlaşdırmırıq. Elə namizədlər var ki, əvvəlki illərdə də seçkilərdə iştirak ediblər və yenə eyni dairədən namizədliklərini irəli sürəcəklər”.

Müsavat gözləyir

Müsavat Partiyası isə deputatlığa namizədlərini partiya Məclisinin avqustun 29-na təyin olunan iclasında elan edəcək. Partiya başqanının müavini Elman Fəttah deyib ki, Müsavat Partiyası REAL Hərəkatı və Nida Vətəndaş Hərəkatı ilə seçkilərlə bağlı məsləhətləşmələr aparır. Onun sözlərinə görə, tərəflər seçki zamanı bir-birinə qarşılıqlı dəstək verəcək: “Yəqin ki, sonda ümumi razılıq əldə olunacaq”.
O, Müsavatın bir vaxtlar sıx əməkdaşlıq etdiyi AXCP ilə parlament seçkilərinə birgə getmək ehtimalını da dəyərləndirib. E.Fəttah deyib ki, Müsavat AXCP-yə əməkdaşlıqla bağlı müraciət etməyib: “Qənaətimiz ondan ibarətdir ki, AXCP real müxalifət qüvvələrinin məsləhətləşmələrinə meyilli deyil”.

DİP-in münasib vaxtı

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə partiyada hazırlıq getdiyini söyləyib. O bildirib ki, partiyanın rayon şöbələri seçkiyə ciddi hazırlaşır: “Ənənəmizə uyğun olaraq seçki siyahısını və onun açıqlanacağı tarixi münasib bildiyimiz vaxtda elan edəcəyik. Biz YAP-ın siyahısını gözləmirik, öz hazırlığımızı aparırıq”.

AMİP açıqlayır

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) deputatlığa namizədlərinin ilkin siyahısı artıq hazırdır və bu gün açıqlanacaq. Bu barədə partiyanın baş katibi Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, AMİP Siyasi Şurasının iclasında bir sıra dairələr üzrə namizədlərin təsdiqi prosesi baş verəcək, ondan sonra ilkin siyahı elan olunacaq. O, AMİP-in bəzi dairələr üzrə üst-üstə düşən namizədləri olduğunu deyib: “Ona görə də həmin dairələr üzrə ehtiyac olacaqsa, bir daha əlavə müzakirələr aparılacaq. Çünki hələ seçkinin rəsmi elan olunmasına vaxt var. Əslində, bütün dairələr üzrə namizədlərimizin olmasında israrlıyıq, amma bəzi dairələr üzrə öz namizədlərimiz toqquşduğundan daha şanslı namizəd üzərində dayanmaq üçün bir qədər vaxta ehtiyac var”.

O, AMİP lideri Etibar Məmmədovun seçkiyə qatılıb-qatılmayacağına da aydınlıq gətirib: “Bu, Etibar Məmmədovun şəxsi qərarından asılıdır. Biz çox istəyərdik ki, Etibar bəy parlament seçkilərində namizəd olaraq iştirak etsin. Amma bu, bizim istəyimizə bağlı məsələ deyil, bilavasitə Etibar Məmmədovun öz iradəsindən asılıdır. Ona görə də Etibar bəy seçkilərdə iştirak etmək barədə qərar verəcəksə, şübhəsiz ki, partiya bütün gücü ilə onun namizədliyini dəstəkləyəcək”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər