27 Avqust 2015 11:50
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası daxilində anormal durum davam edir.

Dünən partiyanın Binəqədi rayon təşkilatının iki üzvü istefaya gedib. İstefa verənlər Arif Əziz və Hümbət Məmmədli olub. Onlar Vurğun Əyyubun partiyadan xaric edilməsinə etiraz əlaməti olaraq bu addımı atıblar. Vurğun Əyyub isə söyləyib ki, qarşıdan gələn parlament seçkilərində Müsavatın namizədi olmaq niyyətində deyil və seçkilərə fərdi namizəd olaraq qatılacaq.

Sevinc Hüseynova: " Tural Abbaslının partiyadan xaric edilməsi istisna deyil"

Partiya daxilində digər anlaşılmaz durum isə bir qrup müsavatçının "Ağ Blok" təsis etməsi və partiyadan buna olan reaksiyalardır. Qeyd etmişdik ki, Müsavat rəhbərliyi "Ağ Blok"u təsis edən Tural Abbaslı və tərəfdarlarına qarşı cəza tədbirlərinə start verəcək. Artıq Müsavat MNTK-nın sədri Sevinc Hüseynova ilkin açıqlama verib. O, bəyan edib ki, Tural Abbaslı düz yolda deyil. Əlavə edib ki, Müsavat daxilində blok yaradaraq namizəd irəli sürmək mümkünsüzdür. MNTK sədri Abbaslının partiyadan xaric olunacağını istisna etməyib. Bildirib ki, Abbaslı və digər müsavatçılar partiyanın xəttinə zidd hərəkət etsələr, MNTK məsələni müzakirəyə çıxaracaq. S.Hüseynova xüsusilə, vurğulayıb ki, "Ağ Blokun" təqdimatına Müsavatın əleyhdarları toplanıb.

Tural Abbaslı: "Hesab edirlər ki, onların siyasi xəttinə biz ləbbeyk deməliyik"

"Ağ Blok"un təsisçilərindən olan Tural Abbaslı isə Sevinc Hüseynovanın fikirlərini rədd edib: "Müsavat qurultayından sonra Arif Hacılının yeritdiyi siyasi xəttin mahiyyətini bu təşkil edir: bizim dediyimizi deməyən düşməndir. Hesab edirlər ki, onların söylədiklərinə ləbbeyk demək lazımdır. Sevinc Hüseynov da Hacılıya yaxındır və məcburdur ki, Hacılının dedikləri kimi hərəkət etsin. Zatən bu səbəbdən onu MNTK-ya sədr qoyublar. Bu fikirləri ciddi qəbul etmirəm. Artıq siyasətdə belə düşüncələrin çəkisi yoxdur və xalqa da maraqlı deyil ki, partiya funksioneri nə deyib. Hazırda xalqı seçkilər, neftin qiyməti və digər vacib məsələlər maraqlandırır. İndi iri partiyalar bir-birini təftiş edir. Buraxın bunu, müxalifət müxalifəti təftiş etmək üçün yaradılıb. İnsanları partiyaya toplayıb başqa-başqa istiqamətlərə yönəltməyin mənası yoxdur. Elə buna görə 22 ildir ki, yerində sayırlar. Biz başımızı aşağı salıb işlə məşğuluq. Təklif edirəm ki, onlar da real iş görsünlər".

"Bu, qeyri-ciddi düşüncə tərzidir"

Tural Abbaslı hesab edir ki, "Ağ Blok"un təqdimatına Müsavatın əleyhdarlarının toplanması haqqında iddia da qeyri-ciddidir: "Biz ora qonaqları dəvət etmişdik. Onların içərisində Müsavatın Divan üzvü, Məclis üzvü, rayon təşkilatının sədri də olub. İnsanlar vaxtlarını ayıraraq bura gəlib, iştirak ediblər. Əlbəttə, tədbirdə Müsavatdan xaric edilən dostlarımız da var idi. Bəyəm biz qapıya adam qoymalıydıq ki, filankəs kiminsə xoşuna gəlməyəcək deyə onu tədbirə buraxmayaq? Bu, qeyri-ciddi düşüncə tərzidir. Özləri gedib bir adamdan ibarət olan partiya sədrləri ilə foto çəkdirirlər, amma uzun illər Müsavatda əmək verən şəxsləri düşmən elan edirlər".

"Xalqa xeyir verəcək işlərlə məşğul olsunlar"

Qeyd edək ki, sözügedən təqdimatda T.Abbaslının anası Başxanım Abbaslı da iştirak edib. Başxanım Abbaslı həm də Müsavat Divanının üzvüdür. Onun da partiyadan xaric ediləcəyi barədə məlumatlar gəzir. Tural Abbaslı isə hesab edir ki, bu, mümkün deyil: "Orada Müsavatın əleyhdarları toplanmayıb. Sadəcə, bütün bu reaksiyalar siyasi qısqanclıqdan doğur. Divan seçkili orqandır və anam da orada təmsil olunur. O, təyinatla və kiminsə tapşırığı ilə Divana düşməyib. İstəsələr, Məclisdə gizli səsvermə keçirib Divan üzvlərini çıxara bilərlər. Həmin tədbirdə iştiraka görə anama irad bildirməyiblər. Bunu ancaq Divan edə bilər, o da Divan üzvüdür. Sadəcə, fikir mübadiləsi apara bilərlər, kimsə bunu bəyənə, kimsə etiraz edə bilər. Bunlar isə sadəcə detallardır. Qoy, Müsavat gedib namizədlərini müəyyən etsin, təbliğatını qursun. Seçkiyə az qalıb, bunlar özlərinə düşmən və dost axtarışındadırlar. Gedib xalqa xeyir verəcək işlərlə məşğul olsunlar".

NEMƏT


Müəllif:

Oxşar xəbərlər