Samir Əsədli: “Hər hansı blokda təmsil olunmayacağıq”
“Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 70 seçki dairəsi üzrə namizədi bəllidir. Seçki ilə bağlı təbliğat-təşviqat kampaniyası elan olunanda partiya deputatlığa namizədlərin siyahısını açıqlayacaq”.
Bunu VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.
O, partiya sədri Sabir Rüstəmxanlının da seçkiyə qatılacağını söyləyib: “VHP Siyasi Şurasının qərarı budur ki, partiyamız sədrin başçılığı altında seçkiyə getsin. Bütün qərar Sabir bəyin özündən asılıdır. Çox güman ki, partiya sədri də namizədliyini verəcək”.
S.Əsədli vurğulayıb ki, partiya namizədlərinin sayı 80-dən çox ola bilər: “Seçki çox mürəkkəb məsələdir. Aktiv seçici kütləsi, vətəndaşlarla işləyə bilən, cəmiyyətin qəbul etdiyi şəxsləri namizəd kimi irəli sürəcəyik. Gərək şəxs namizəd olduğu seçki dairəsində seçicilər tərəfindən ciddi qəbul olunsun. Namizəd müəyyənləşdirilməzdən əvvəl sorğu da aparmışdıq, məsələn, bu dairədə filankəs namizədimiz olacaq, insanların ona münasibəti necədir. Fəaliyyətimizdə əsasən bunları nəzərə almışıq”.
Onun sözlərinə görə, seçki qərargahı son tamamlama işlərini aparır, məsləhətləşmələr gedir: “Partiyada iki fikir var: bütün dairələrdən namizəd verək, yoxsa keyfiyyətə önəm verilsin? Əslində 125 seçki dairəsinin hamısından namizəd irəli sürmək potensialımız var. Amma saya yox, daha çox keyfiyyətə üstünlük verəcəyik”.
VHP funksioneri əlavə edib ki, partiya seçki hazırlığına ötən ilin may ayından başlayıb: “Namizədimiz əsasən, partiya rəhbərliyinə daxil olan şəxslərdir. Namizədlərimiz arasında rayon təşkilatlarının sədrləri, Ali Məclis üzvləri, gənclər, qadınlar var. Partiya üzvü olmayan ziyalıların da namizədliyini seçki dairələri üzrə irəli sürəcəyik. Ziyalılar bizə müraciət ediblər. Onların ictimai fəaliyyətini, seçici arasındakı hörmətini və nüfuzunu nəzərə alaraq öz siyahımıza daxil etmişik”.
O, boykot çağırışlarını da şərh edib: “Bu günədək hər hansı seçkini boykot etməmişik. Seçkinin boykot mexanizmi yoxdur. VHP hər zaman seçkiyə qatılmağın tərəfdarı olub. Çünki dəyişikliklər seçki vasitəsilə mümkündür”.
S.Əsədli onu da vurğulayıb ki, VHP seçkiyə təkbaşına qatılacaq: “Hər hansı blokda təmsil olunmayacağıq. Bizə yaxın olan partiyalarla funksional əməkdaşlıq mümkündür. Namizədlərin qarşılıqlı dəstəklənməsi istiqamətində əməkdaşlıq edə bilərik. Hansı dairədən partiya sədri namizədliyini verəcəksə, biz həmin dairədə namizəd irəli sürməyə bilərik, digər partiyalar da buna əməl etməlidir. Ola bilsin, hansısa dairədə müxalifət partiyasının çox güclü namizədinə dəstək verək, bizim güclü olduğumuz dairədə də onlar bizə dəstək versin. Bu formada əməkdaşlıq mümkündür. Partiyaların niyyəti bizim arzu və istəyimizlə üst-üstə düşərsə, bu əməkdaşlıq mümkün olacaq”.
Nərgiz