28 Avqust 2015 12:10
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament seçkiləri ilə əlaqədar hazırlıqlar işləri artıq başlayıb. Bir çox siyasi partiyalar seçkilərdə iştirakla bağlı mütəmadi olaraq işlər aparır. Bəs görəsən, bundan əvvəl keçirilən prezident, parlament və bələdiyyə seçkilərində müxtəlif tədqiqatlar - ekzit-poll və müşahidə missiyası həyata keçirən qeyri-hökumət təşkilatları qarşıdan gələn seçkiyə necə hazırlaşır?

Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, təşkilat yarandığı gündən Azərbaycanda keçirilən bütün seçkilərin müşahidəsini təşkil edib. Onun sözlərinə görə, Azərbaycanda ilk ekzit-poll tədqiqatını da AVCİYA keçirib: “Bu dəfə də biz seçkiqabağı dövrün müşahidəsini həyata keçiririk. O cümlədən medianın və ictimai-siyasi mühitin müşahidəsini aparırıq. Sentyabrın 1-dən, yəni seçkilərə rəsmi start verildikdən sonra belə müşahidələri davam etdirəcəyik. Yəni, namizədlərin irəli sürülməsi, imza toplanması, Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, o cümlədən seçici fəallığı və digər məsələlərlə bağlı müşahidələrimizi həyata keçirəcəyik. Təxminən oktyabrın 20-i isə müşahidələrin nəticələri ilə bağlı hazırladığımız hesabatı ictimaiyyətə təqdim edəcəyik. O cümlədən seçkilərin müşahidəsini həyata keçirəcəyik. Artıq may ayından bu sahədə fəaliyyətə başlanılıb, amma konkret olaraq, neçə məntəqədə müşahidə aparacağımız hələ dəqiq deyil. Sentyabr ayında bu haqda ictimaiyyətə məlumat verəcəyik”.

Seçkiöncəsi fəallığın aşağı olması məsələsinə toxunan M.Zülfüqarlı deyib ki, iyun ayında dərc edilən hesabatda da bu haqda qeydlər yer alıb: “Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, Azərbaycan iyun ayında möhtəşəm beynəlxalq tədbirə - Birinci Avropa Oyunlarına ev sahibliyi etdi. Məhz bu hadisə ilə bağlı Azərbaycanda olan bütün fəal qüvvələr diqqətini oyunlara yönəltdi. Sonrakı dövrdə istirahət vaxtlarına təsadüf etdi. Artıq avqust ayının ortalarından başlayaraq, seçki fəallığı hiss olunur. Buna görə də partiyalar hansı namizədlərini hansı dairələrdən irəli sürəcəyini bəyan etməyə başlayıblar. Lakin bu hələ ciddi fəallıq deyil. Hesab edirəm ki, əsas fəallıq namizədlərin irəli sürülməsi, imza toplama və qeydiyyat başa çatandan sonra başlayacaq 22 günlük təşviqat kampaniyası dövründə olacaq”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər