28 Avqust 2015 13:25
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə müvəqqəti seçki hökumətinin tərkibini formalaşdırmaq üçün səlahiyyət almış Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, baş nazir Əhməd Davudoğlunun digər siyasi partiyalardan kimlərə nazir vəzifəsi təklif etdiyi bəlli olub. Cümhuriyyət Xalq Partiyasından təklif alanlar müvəqqəti hökumətdə yer almaqdan imtina edib.

Milliyyətçi Hərəkat Partiyasından (MHP) 2 millət vəkili imtina etsə də, partiyanın qurucusu Alparsalan Türkeşin oğlu Toğrul Türkeş təklifə “hə” deyib. Buna görə də MHP-dən olan millət vəkili Toğrul Türkeşin partiyadan çıxarılması məsələsi qaldırılıb. Onun MHP-dən uzaqlaşdırılması məsələsi partiyanın intizam komitəsinin müzakirəsinə verilib.

CHP və MHP-dən fərqli olaraq Xalqların Demokratiya Partiyasından (HDP) dəvət olunanlar isə təklifi birmənalı şəkildə qəbul ediblər. Beləliklə, HDP bütövlükdə hökumətdə təmsil olunacaq.

Bu arada, PKK terrorçularının lideri Abdullah Öcalanın sentyabrın 1-də terrorçulara müraciət edəcəyi qeyd olunub. Bu sözləri “CNN Türk” kanalında “Ağıl çəmbəri” verilişində qonaq olan akademik Ramazan Topdemir deyib. Topdemir Öcalanın Dünya sülh günündə sülh çağırışı edəcəyi iddiası ilə çıxış edib.

HDP-nin müvəqqəti hökumət üçün nazir verməsinin kürd ictimaiyyəti baxımından siyasi dividend olacağını deyən Topdemir AKP ilə arada olan buzların əriyəcəyini qeyd edib. Akademik həmçinin Abdullah Öcalanın təşəbbüsü ələ alaraq səhnəyə çıxacağını deyib: “Zənnimcə, 1 sentyabr Dünya sülh günü Abdullah Öcalan silahları yerə qoyun deyəcək və sülh çağırışı edəcək”.

Bəs bütün bunlar, eləcə də, HDP-nin hökumətdə təmsil olunması PKK msəsələsinə və bundan sonrakı proseslər necə təsir göstərəcək?

Politoloq Arzu Nağıyev qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan koalisiya hökumətinin alınmaması səbəbindən və hakimiyyət böhranı olmasın deyə Davudoğluna keçid hökuməti yaratmaq səlahiyyəti verib. Onun sözlərinə görə, Davudoğlunun səlahiyyəti parlamentə keçiriləcək növbədənkənar seçkilərə kimi qüvvədə olacaq: “Yəni, 5 gün ərzində müvəqqəti hökumət qurulmalıdır və bu hökumət bütün partiyaları əhatə etməlidir. Davudoğlu da artıq partiyalara təkliflərini göndərib. Məlumdur ki, bu siyahıda AKP-dən 11, CHP-dən 5, MHP-dən 3, HDP-dən 3 nazirin təmsilçiliyi istənilir. Türkiyədə bu siyahı birmənalı qarşılanmır, çünki AKP-nin əsas məqsədi yeni seçkilərdə yenə iqtidarda qalmağın bir yolunu məhz belə bölgüdə görür. Məlumdur ki, PKK-ya qarşı keçirilən əməliyyatlar nəticəsində AKP öz nüfuzunu xeyli artırıb, bir vaxt yeni seçkilərdə səs itirəcəyindən çəkinən AKP artıq daha cəsarətlə irəliləyir. Məhz bunu başa düşən HDP şanslarını itirəcəyindən qorxur və barajı aşa bilməyəcəklərini düşünürlər.

Bundan başqa CHP öz mövqeyini möhkəmləndirib. MHP isə birinci dərəcəli nazir postlarını tutmaqda israrlıdır. Eyni zamanda bu hökumətin müvəqqəti olması da inamı azaldır. Yəni, müvəqqəti hökumət dövründə edilən hər hansı səhv seçkinin gedişinə mənfi təsir edəcək, bu isə seçkinin uduzulması və bir sıra məhdudiyyətlər deməkdir".

A.Nağıyev deyib ki, MHP-nin bəlli elektoratı var və heç vaxt bu artıb azalmayacaq, dəyişiklər olsa da, bu, cüzi olacaq: “Məhz bu baxımdan MHP-nin keçid hökumətinə belə loyal yanaşması bəlli məsələdir. Yəqin ki, yenə əsas mübarizə AKP və CHP arasında gedəcəkdir və AKP-nin qələbəsi ilə bitəcəkdir. HDP-də əvvəlki seçkidə kürdlər, digər millətlərlə yanaşı, çoxsaylı türk elektoratı da var idi, indi isə yəqin ki, terror aktlarından sonra öz nüfuzunu və elektoratını itirəcək. Eyni zamanda, koalisiya hökumətin qurulmamasında AKP deyil, məhz CHP, MHP daha çox günahlandırılır və bu həqiqətən belədir. Düşünürəm ki, bütün bunlara görə təmsilçilkdən imtina edilir. Yəqin ki, əsas mübarizə yenə də CHP və AKP arasında olacaq”.

Politoloqun fikrincə, HDP-nin qazanacağından çox itirəcəyi var: “Məhz buna görə də bu addımı atır və sanki özünü reablitasiya etmək istəyir. Bu 45 gün ərzində nəyəsə müsbət məcrada nail olmaq istəyən HDP müəyyən manevrlər edib elektoratın səslərini yenidən qazanmağa çalışır”.

Öcalanın sülh çağırışı etməsi məsələsinə toxunan A.Nağıyev deyib ki, PKK lideri Abdullah Öcalan kürd məsələsinin həlli layihəsini düzgün qurmadıqları üçün HDP liderləri ilə görüşdən imtina edib: “Burada başqa səbəblər də var. HDP-nin partiya kimi formalaşmasında PKK-nın rəhbəri Abdullah Ocalanın nüfuzu danılmazdır. HDP isə bundan istifadə edərək öz siyasi ambisiyalarını ortaya qoyub və terror hadisələrini dəstəklədilər və Öcalanın nüfuzuna xələl gətirdi. Seçkilərdən sonra 150-dən artıq terror hadisəsinin çoxu məhz PKK və Öcalanın adı ilə bağlıdır. HDP terroru dəstəkləməsəydi və siyasi yolla hədəfinə tərəf getsəydi, koalisiyaya girsəydi, belə vəziyyət alınmazdı. Öcalan düşünürdü ki, Türkiyə dövləti hətta onu azadlığa da buraxa bilər, lakin bu gün PKK-ya qarşı genişmiqyaslı hərbi əməliyyatlar aparılır”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər