30 May 2014 11:03
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması üçün şərt qoydu

Dünən Qazaxıstanın paytaxtı Astanada Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclası keçirilib. Məlumat üçün bildirək ki, Ali Avrasiya İqtisadi Şurası Rusiyanın təşəbbüsü ilə yaradılan Gömrük İttifaqının və dünən qurulan Avrasiya İqtisadi Birliyinin (AİB) ali idarəetmə orqanıdır.

Putin: “Bu, müştərək fəaliyyətimizin nəticəsidir”

İclasda çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib ki, AİB hamı üçün aydın olan universal prinsiplər, o cümlədən Ümumdünya Ticarət Təşkilatının prinsipləri əsasında şəffaf formada işləyəcək: “Müqavilə imzalanmaq üçün tam hazırdır. Bu, bizim müştərək fəaliyyətimizin, Rusiya, Belarus və Qazaxıstan hökumətlərinin sıx qarşılıqlı təsirinin nəticəsidir”.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev AİB barədə müqavilənin Qazaxıstan, Rusiya, Belarus üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıb və qeyd edib ki, sənəddə Ermənistanın da bu quruma qoşulmasını nəzərdə tutan bənd var.

Ermənistan prezidenti Serj Sərkisyan deyib ki, ölkəsi AİB-ə iyunun 15-də qoşulmaq niyyətindədir. O, iclasda Rusiya, Qazaxıstan və Belarus prezidentlərinə - AİB-in təsisçilərinə üz tutaraq iyunun 15-ni Ermənistanın bu birliyə qoşulacağı, müqaviləni imzalayacağı gün kimi rəsmiləşdirməyi xahiş edib: “Ekspertlər səviyyəsində razılaşdırılmış iki-üç məsələnin həllindən sonra Ermənistan AİB-ə qoşulmağa hazır olacaq: ”Ona görə də Ermənistanın AİB-ə qoşulmasının son həddi kimi 15 iyun tarixini göstərməyinizi xahiş edirəm. Bu məsələnin ən qısa müddətdə ölkə parlamentinin müzakirəsinə veriləcəyinə də söz verirəm".

Nazarbayev Sərkisyana sərhədini göstərdi

Buna cavab olaraq iclasa sədrlik edən Qazaxıstan prezidenti N.Nazarbayev Ermənistanın AİB-ə qoşulması məsələsinə iyulun 1-dək baxılmasını təklif edib. Digər diqqət çəkən məqam Nazarbayevin Ermənistana tövsiyəsi olub. Belə ki, o, sözügedən ölkəni yalnız BMT tərəfindən qəbul olunmuş sərhədlər daxilində üzv qəbul edə biləcəklərini dilə gətirib. Rusiya və Belarus prezidentləri V.Putin və A.Lukaşenko onunla razılaşıblar.

Azərbaycan prezidentindən qətiyyətli addım

N.Nazarbayev deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasına xüsusi məktub göndərib. Nazarbayev məktubda Ermənistanın AİB-yə qoşulması üçün Azərbaycanın şərtinin yer aldığını vurğulayıb: “Azərbaycan hesab edir ki, Ermənistan AİB-yə yalnız beynəlxalq birliyin tanıdığı ərazi çərçivəsində daxil ola bilər. Məktubda Ermənistana 2003-cü ildə Ümumdünya Ticarət Təşkilatına üzv olarkən məhz belə şərt qoyulduğu xatırladılır. Qeyddə ÜTT-nin qaydalarının Ermənistanın BMT tərəfindən tanınmış sərhədləri daxilində qüvvədə olacağı göstərilib. Azərbaycan hesab edir ki, Ermənistan AİB-ə də ÜTT-yə daxil olduğu sərhədlər daxilində üzv olmalıdır”.

Saziş imzalandı

Daha sonra Rusiya, Qazaxıstan və Belarus prezidentləri V.Putin, N.Nazarbayev və A.Lukaşenko AİB-in yaradılması haqda saziş imzalayıblar. Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur. Həmçinin ölkələr iqtisadiyyatın ən vacib sahələri olan enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat sektorunda razılaşdırlmış siyasət yürüdəcəklərini bəyan edirlər. Müqavilə 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qırğızıstan da birliyə girəcəyini bəyan etdi

İclasda çıxış edən Qırğızıstan prezidenti Almazbek Atambayev deyib ki, Qırğızıstan 2014-cü ilin sonuna qədər AİB-yə qoşulacaq: “Qarşıdan gələn yeni ili Avrasiya İqtisadi Birliyində keçirmək istərdik”.

Putin Ermənistana yaşıl işıq yandırdı

Şuranın genişləndirilmiş iclasına yekun vuran Rusiya prezidenti V.Putin bildirib ki, Ermənistanın AİB-yə qoşulması ilə bağlı müqaviləni ən yaxın zamanda imzalamaq lazımdır.

Putin deyib ki, iclasda tərəflər AİB iştirakçıları dairəsinin genişləndirilməsi və Ermənistanın ona qoşulması ilə bağlı məsələləri müzakirə ediblər: “Bu sənədi ən yaxın zamanda imzalamaq lazımdır. Ermənistan tərəfi bunu iyun ayında etmək istəyir, biz bütövlükdə razılığa gəlmişik. Ümid edirik ki, Ermənistan tezliklə birliyin tamhüquqlu üzvü ola bilər”.

V.Putin sammitdə digər xarici tərəfdaşlarla, o cümlədən Qırğızıstanla da əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu vurğulayıb: “Qırğızıstanın bizim ittifaqa qoşulmaq şansı var”.

Yeni birliyin üç paytaxtı olacaq

Qeyd edək ki, yeni birliyin üç paytaxtı olacaq. Ali Avrasiya İqtisadi Şurasının iclasında Qazaxıstanın Almatı şəhərinin AİB-in maliyyə mərkəzi olması qərarı çıxarılıb. Razılığa əsasən, Almatıda AİB-in maliyyə bazarlarının tənzimlənməsi üzrə dövlətlərüstü orqan yerləşəcək. Avrasiya İqtisadi Komissiyası Rusiya paytaxtı Moskvada yerləşəcək, qurumun iqtisadi mərkəzi olacaq. Belarusun paytaxtı Minskdə isə Avrasiya Məhkəməsi qərar tutacaq, burada birliyin hüquqi məsələləri öz həllini tapacaq.

Putin SSRİ-nin dağılması və bərpası barədə nə demişdi?

Politoloq Elman Nəsirli bildirib ki, AİB ideyası V.Putinə məxsusdur. O qeyd edib ki, hələ bir neçə il öncə V.Putin “İzvestiya” qəzetində bununla bağlı geniş bir yazı ilə çıxış etmiş və öz mövqeyini ifadə etmişdi: “Putinin təqdimatında Avrasiya İqtisadi Birliyi Avropa İttifaqının bir oxşarıdır. Yəni, bu daha çox iqtisadi təşkilatdır. Burada hərbi və təhlükəsizlik məsələləri önəmli deyil, söhbət daha çox iqtisadi əməkdaşlıq və iqtisadi inteqrasiyadan gedir. Putin qeyd etmişdi ki, bunu heç bir halda Sovet İttifaqının bərpası və digər anlamlarda qəbul etmək lazım deyil. Məsələ ondadır ki, bu ideyasının xüsusilə Qərbdə birmənalı qarsalanmadığı Vladimir Putinə çox gözəl bəllidir. Qərbdə hesab edirlər ki, Putin başqa ad altında əslində Sovet İttifaqını bərpa etmək planlarını reallaşdırmaq istəyir. Onun bu sözünü həmişə xatırladırlar. Putin çıxışlarının birində qeyd edib ki, kimlər SSRİ-nin dağılmasına görə təəssüf hissi keçirməyibsə demək, həmin insanların qəlbi yoxdur, kimlər də SSRİ-ni bərpa etmək istəyirlərsə, demək, onların beyni yoxdur. Amma Qərbdə Putinin dediyi fikirlərin birinci hissəsinə diqqət yetirilir. Hesab olunur ki, Putin özü SSRİ-nin dağılmasına görə çox böyük təəssüf hissi keçirən insandır”.

“Ehtiyatlanmaq üçün əsaslar var”

E.Nəsirli qeyd edib ki, 2015-ci ilin yanvarın 1-dən Avrasiya İqtisadi Birliyinin işlək mexanizm olaraq fəaliyyətə başlayacağı dünən rəsmiləşib: “Bu istiqamətdə 2010-cu ildən Gömrük İttifaqının formalaşdırılmasına başlanılıb. Gömrük İttifaqında Rusiya ilə yanaşı Belarus və Qazaxıstan da var. Eyni zamanda Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı loyal mövqeyi bəllidir. Artıq Avrasiya İqtisadi Birliyi ideyasının getdikcə reallaşdırılması tendensiyası göz qabağındadır. Bununla bağlı dünən artıq ilkin sənədlər imzalandı. Belə qənaətə gəlmək olar ki, SSRİ-nin bərpası ilə bağlı Putinin fikirləri fonunda hər halda ehtiyatlanmaq üçün və bir qədər ayıq olmaq üçün əsaslar var”.

“Biz axı AİB-ə necə üzv ola bilərik?”

Politoloq qeyd edib ki, Azərbaycanın AİB-lə bağlı mövqeyi dəyişməzdir. O qeyd edib ki, Azərbaycan dövləti prinsip etibarilə inteqrasiya proseslərinə dəstək verir, bunun tərəfdarıdır: “Amma biz necə inteqrasiya prosesində və onun konkret forması olan Gömrük İttifaqı və AİB-də təmsil olunaq ki, oradakı digər dövlət - Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini, 17 min kvadrat kilometr torpağımızı işğal altında saxlayır. Eyni zamanda Azərbaycan Ermənistanla bu qurumda fəaliyyət göstərsə belə, rəsmi İrəvan torpaqların azad edilməsi ilə bağlı heç bir öhdəlik götürmür. Bizim mövqeyimiz budur və bu mövqeni Rusiya tərəfi də bilir. İndi necə deyərlər, top Rusiya tərəfdədir. Rusiya bu vəziyyətdə adekvat addımlar atmalıdır”.

“Ölkələrin inkişafına heç bir töhfəsi olmayacaq”

AİB-in yaradılmasını şərh edən politoloq Zərdüşt Əlizadə isə deyib ki, Rusiya, Belarus və Qazaxıstanın rəhbərliyi, onların hakim zümrələri real iqtisadi inkişafda maraqlı deyillər. O qeyd edib ki, AİB-ni yaradan Rusiya, Belarus və Qazaxıstan həqiqi iqtisadi inkişafa və inteqrasiyaya meylli olsaydı, Azərbaycanın da bu ittifaqa üzv olmasının xeyri olardı:

“Amma bu üç dövlətin rəhbərliyinin belə bir meyli yoxdur. Belarusda diktatura rejimi hökm sürür. Qan-qadaya bulaşmayıb təmiz qalsa da, avtoritardır, öz xalqının inkişaf perspektivlərini ciddi surətdə məhdudlaşdırır. Rusiya və Qazaxıstanda isə kleptokratik, yəni oğru hakim zümrə var. Bu hakim zümrələr SSRİ-nin süqutundan keçən 23 il ərzində ölkələrində elmin, inkişafın, texnoloji tərəqqinin qarşısını ciddi surətdə alıblar. Yalnız təbii sərvətlərin ixracı hesabına varlanan tüfeyli bir zümrəyə çevriliblər. Onların başçılıq etdiyi ölkələr elmi-texniki potensialını itirib. Dünyanın elm tutumlu, rəqabətə davamlı məhsul bazarında onların yeri çox miskindir, bir faizdən də artıq deyil. Belə ittifaqların həmin ölkələrin gələcək inkişafına heç bir töhfəsi ola bilməz. Avrasiya İqtisadi Birliyinə qoşulmağa hazırlaşan Ermənistan və Qırğızıstanın da iqtisadi potensialı sıfıra bərabərdir. Bu ölkələr birliyə məcburən girirlər, nə isə umurlar. Düşünmürəm ki, umduqlarını alacaqlar”.

Səxavət HƏMİD


Müəllif: