Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti İslam Kərimova təbrik məktubu ünvanlayıb.
Təbrikdə qeyd olunur: "Sizi və qardaş Özbəkistan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sevindirici haldır ki, qardaş Özbəkistan müstəqillik illəri ərzində Sizin rəhbərliyinizlə bütün sahələrdə sanballı uğurlar qazanıb. Bu gün Özbəkistan dinamik sosial-iqtisadi inkişaf və hərtərəfli düşünülmüş siyasi fəaliyyət yolu ilə firavanlaşan bir ölkə kimi beynəlxalq aləmdə layiqli nüfuz və hörmət qazanıb.
Azərbaycan ilə Özbəkistanı tarixən bir-biri ilə müştərək mədəniyyətlər və mənəvi dəyərlər bağlayır. Xalqlarımızın zəngin dostluq və qarşılıqlı dəstək ənənələri var. Əminəm ki, bu mehriban münasibətlərin, sıx əməkdaşlığın və tərəfdaşlığın inkişaf etdirilməsi və möhkəmlənməsi bundan sonra da ölkələrimizin firavanlaşmasına kömək edəcək.
Hörmətli İslam Abduqəniyeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq arzu edirəm".