1 Sentyabr 2015 11:25
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov partiyadan istefa verib.

2011-ci ildən həbsdə olan AİP sədri Mövsüm Səmədovun səlahiyyətlərini icra edən E.Manafov istefasının səbəblərinə belə aydınlıq gətirib: "Belə məsləhət oldu. Siyasi fəaliyyətdən kənarlaşmağı məqsədəuyğun saydım. İslam maarifçiliyi ilə bağlı cəmiyyət qurub fəaliyyət göstərmək niyyətindəyəm. Sədr əvəzi vəzifəsinə gənc kadr İlham Əliyev gəldi. Uzun zamandır layiqli namizəd gözləyirdim ki, bu postu təhvil verim".

O, gedişi ilə partiyada hər hansı qopmaların olmayacağını söyləyib: "Mənim partiyadakı fəaliyyətim dövründə müavinlərimdən kimlərinsə quracağım cəmiyyətə gələcəyi gözlənilir. Amma bunu qopma saymaq olmaz. Çünki hər kəs vəzifəyə gələndə ətrafında yeni adamlar partiyaya gətirir. İlham Əliyevin özü ilə də yeni kadrların gələcəyi istisna deyil".

Qeyd edək ki, E.Manafovun istefası partiyanın İdarə Heyətində müzakirə olunub, sədr əvəzi postu Hacı İlham Əliyevə həvalə edilib.

Yeni sədrin müavini Vüqar İbayev keçmiş sədrin partiyadan getməsini belə izah edib: "Elçin Manafov partiyaya gəlməzdən əvvəl olduğu kimi, ruhani kimi fəaliyyət göstərmək niyyətini bildirdi. Məsləhət bildi ki, gənclərə yol verilsin, əvvəlcədən İlham Əliyevlə söhbət aparılmışdı. O, bir müddət öncə birinci müavin vəzifəsinə gətirilmişdi və İdarə Heyətinin təyinatı ilə sədr əvəzi postuna seçildi".

V.İbayev deyib ki İ.Əliyevin şöbələrdə kadrları artıracağı gözlənilir. İslam Partiya üzvlərinin parlament seçkilərində iştirakına gəlincə, sədr müavini qeyd edib ki, Baş Məclisdə müzakirə aparıldıqdan sonra bu barədə qərar veriləcək: "Yeni sədr əvəzi mətbuat nümayəndələri üçün mətbuat konfransı keçirəcək. Orada sədr öz proqramını açıqlayacaq. İlham Əliyev ruhani kimi tanınır, yeni proqramları var, gələcək fəaliyyətində ideyalarını tətbiq edəcək".

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər