Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfərə gəlir. Yerli mətbuatda yayılan rəsmi məlumata görə, səfər zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu barədə müzakirələrin aparılması nəzərdə tutulub.
Politoloq Fikrət Sadıqov Teleqraf.com-a bildirib ki, Lavrovun Bakı səfəri son illər Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan partnyorluq çərçivəsində baş tutur: "İki ölkə arasında yaxınlaşma var. İndi bu əlaqələri möhkəmləndirmək, inkişaf etdirmək lazımdır. İki ölkəni bir sıra məsələlər maraqlandırır və narahat edir. İqtisadi, siyasi, hümanitar əlaqələr müzakirə olunacaq. Bu konteksdə Dağlıq Qarabağ münaqişəsilə bağlı fikir mübadiləsi aparılacaq. Lavrovun qarşısında uzun illərdir davam edən danışıqların müəyyən nəticə verməsi məsələsi qaldırılacaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli bir çox hallarda Rusiyadan asılıdır. Kreml İrəvanın hərbi müttəfiqidir. Azərbaycan Rusiya ilə münasibətlərini əsasən Dağlıq Qarabağ faktoru üzərində qurur. Yəni münaqişənin həllində Kreml üzərinə düşən addımı atır, Azərbaycan isə Moskva ilə əməkdaşlığı gücləndirir. İndiki məqamda Azərbaycanla əməkdaşlıq etmək Rusiyaya daha sərfəlidir, nəinki dostu Ermənistanla. Düşünürəm ki, Azərbaycan tərəfi Lavrovun qarşısında haqlı olaraq münaqişənin həllində vacib addımların atılması məsələsini qaldıracaq".
F.Sadıqova görə, Rusiya və Azərbaycan regionda gözlənilən digər təhlükə, İŞİD-ə qarşı birgə mübarizə aparmaq məsələsini də müzakirə edəcəklər: "Xüsusilə, Şimali Qafqazda gözlənilən İŞİD təhlükəsi son vaxtlar daha aktualdır. Dini radikalizm məsələsi bu gün tərəflər arasında müzakirə oluna bilər".
Ruslan