3 Sentyabr 2015 16:15
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçı Alternativ Hərəkatı (REAL) qarşıdan gələn parlament seçkilərinə dair açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, REAL Hərəkatı qarşıdan gələn parlament seçkilərində iştirak etmək qərarına gəlib. REAL hesab edir ki, siyasi səhnədə yeni nəsli təmsil etmək, onun maraq və qayğılarını ifadə etmək borcunu öz üzərinə götürür. Daha sonra isə hərəkatın namizədlər siyahısı açıqlanıb.

Bəlli olub ki, hərəkatın icraçı katibi Natiq Cəfərli 12 Saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən, İdarə Heyətinin üzvü Erkin Qədirli 16 Saylı Yasamal İkinci Seçki Dairəsindən namizədliyini irəli sürəcək.

Bundan başqa, REAL rəhbərliyinə daxil olan Xalid Bağırov 24 Saylı Nizami Birinci Seçki Dairəsi, Azər Qasımlı 23 Saylı Nəsimi-Səbail Seçki Dairəsi, Zöhrab İsmayıl 8 Saylı Binəqədi Birinci Seçki Dairəsi, Cəsur Məmmədov 27 Saylı Sabunçu İkinci Seçki Dairəsi, Vəfa Rüstəm 15 Saylı Yasamal Birinci Seçki Dairəsi, Mübariz Rəhimli 19 Saylı Nərimanov Birinci Seçki Dairəsi, Şadiman İsmayılov 14 Saylı Xəzər Seçki Dairəsi, Hafiz Babalı 42 Saylı Sumqayıt İkinci Seçki Dairəsi, Ramil Süleymanov 41 Saylı Sumqayıt Birinci Seçki Dairəsi, Kənan Məkanlı 43 Saylı Sumqayıt Üçüncü Seçki Dairəsi, Rafiq Muradov 107 Saylı Qazax Seçki Dairəsi, Hacıbaba Bayramov 52 Saylı Quba Seçki Dairəsi, Azay Vəlixanov 56 Saylı Xaçmaz Kənd Seçki Dairəsi, Əlayif Həsənov 92 Saylı Zərdab-Ucar Seçki Dairəsi, Mikayıl Talıbov 77 Saylı Astara Seçki Dairəsindən namizəd olacaq.

Bundan başqa, REAL Hərəkatı 33 saylı Xətai Birinci Seçki Dairəsindən Ruslan İzzətlinin, 9 saylı Binəqədə İkinci Seçki Dairəsindən Ülvi Həsənlinin, 18 saylı Nərimanov-Nizami Seçki dairəsindən Ramin Hüseynovun, 29 saylı Səbail Seçki Dairəsindən Elgiz Qəhrəmanın, 106 saylı Qazax-Tovuz-Ağstafa seçki dairəsindən isə Nicat Əmiraslanovun namizədliyini müdafiə edəcək.

Siyahı gözlənildiyindən də zəifdir

Qeyd edək ki, REAL Hərəkatı bir müddət əvvəl ciddi seçki təbliğatı aparırdı. Ehtimal olunurdu ki, bu qurum daha güclü namizədlər komandası ilə ortaya çıxacaq. Ancaq siyahıdan da görünür ki, REAL-ın namizədlər siyahısı "Azadlıq-2015" seçki blokunun siyahısından qat-qat azdır. İkincisi, REAL potensialını yüksək qiymətləndirsə də, seçkilərdə cəmi 17 namizəd irəli sürüb. Onun neçəsinin qeydiyyat prosesindən keçib-keçməyəcəyi də bəlli deyil. Üçüncüsü, REAL son zamanlar NİDA Hərəkatı ilə Müsavat Partiyasının yaxınlaşmasını müşahidə etdiyi üçün NİDA-nın 4 namizədini dəstəkləməyə razılıq verib.

REAL-ın namizədi Ədalət Partiyasının üzvü çıxıb

Daha bir maraqlı məqam ondan ibarətdir ki, REAL-ın 92 Saylı Zərdab-Ucar Seçki Dairəsindən irəli sürdüyü namizəd Əlayif Həsənov həm də Ədalət Partiyasının namizədidir. Ədalət Partiyası elan edib ki, bu şəxs onun namizədidir. REAL isə Əlayif Həsənovun öz namizədi olduğunu elan edib. Beləcə, siyahıda bir namizədlə bağlı ciddi anlaşılmazlıq yaranıb.

Onu da qeyd edək ki, REAL İsa Qəmbərin, Sərdar Cəlaloğlunun, Mirmahmud Mirəlioğlunun namizəd olacağı dairələrdən alternativ namizədlər irəli sürüb və bununla da ənənəvi müxalifətlə əməkdaşlığa getmədiyini isbatlayıb.

Xatırladaq ki, REAL Hərəkatının rəhbərliyi bəyan etmişdi ki, parlament seçkiləri öncəsi özünün qurultayını təşkil edəcək. Qurultayda həm seçkilərdə iştirakla bağlı qərar veriləcək, həm də hərəkatın namizədlər siyahısı cəmiyyətə açıqlanacaq. Ancaq görünən budur ki, REAL namizədlər siyahısını tələsik mətbuata ötürüb. Bu isə o deməkdir ki, qurum qurultay keçirmək məsələsini təxirə salıb və yaxın aylarda qurultayın keçirilməsi gözlənilmir.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər