Respublikaçı Alternativ (REAL) Hərəkatının deputatlığa namizəd siyahısı ətrafında ciddi müzakirələr başlayıb.
Hərəkat üzvləri qurultay keçirib həmin toplantıda namizədlərinin sayını açıqlayacağını desə də, ötən gün deputatlığa iddialı REAL-çıların adları elan edildi. Müsavat Partiyası ilə əməkdaşlıq barədə müzakirələr aparan REAL-ın sözügedən partiya ilə birgə çıxış edəcəyi gözlənilirdi. Namizədlərin razılaşdırılacağı proqnozlaşdırılsa da, REAL hətta Müsavatın eks-başqanı İsa Qəmbərin namizədliyini irəli sürdüyü 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd irəli sürdü.
Bundan başqa REAL-ın dəstəklədiyi namizədlər sırasında Ədalət Partiyasının Zərdab rayon təşkilatının sədri Əlayif Həsənovun adının olması narazılıqla qarşılanıb.
“Onlar Ədalət Partiyasının hörmətindən bəhrələnmək istəyir, amma bu, düzgün yol deyil”
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bu barədə etirazını bildirib. Onun sözlərinə görə, Əlayif Həsənov Zərdab rayon təşkilatının sədri olub: “Hazırda dairə seçki komissiyasının üzvü olduğua görə siyasi fəaliyyətini müvəqqəti olaraq dayandırıb. REAL reallıqdan uzaq olaraq Əlayif Həsənovun adını niyə siyahısına salıb? Bununla hörmət və nüfuz qazanacağını sanırlarsa, başa düşməli idilər ki, bunu Ədalət Partiyası təkzib edəcək. Bu hal REAL-ın olan-qalan nüfuzuna da ziyan vurar. Başa düşürəm, onlar Ədalət Partiyasının rayon təşkilatının sədri olmuş şəxsin hörmətindən bəhrələnmək istəyir, amma bu, düzgün yol deyil”.
Bu situasiyaya aydınlıq gətirmək və Müsavatla əməkdaşlığın nəticəsini öyrənmək üçün REAL İdarə Heyətinin üzvü Erkin Qədirli ilə danışdıq.
O bildirib ki, Mərkəzi Seçki Komissiyası namizədlərin qeydiyyatı prosesini başlatdığı üçün REAL namizədlərini açıqladı: “Əslində namizədlərimizi qurultayımızda elan edəcəkdik, qurultay üçün hazırlıqlarımız yaxşı gedirdi, bölgələrdə üzvlərimiz saxlanıldı deyə prosesi dayandırdıq. Yəqin qurultay parlament seçkilərindən sonra olacaq”.
E.Qədirli Müsavatla əməkdaşlıq imkanlarına da toxunub: “Müsavatla bir-birimizə qarşı kampaniya aparmamaq, dairələrdə müşahidə təşkil etmək kimi məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bunlar normal texniki məsələlər olduğu üçün hər iki tərəf bunu razılıqla qarşıladı. Şifahi razılığımız var ki, ehtiyac yaranacaqsa, dairələr barədə məlumat paylaşıb yardımlaşaq. Amma blokla seçkilərə getmək, namizədləri razılaşdırmaq, vahid platformadan çıxış etmək kimi məsələlərlə bağlı hər hansı söhbət olmayıb. REAL əvvəlcədən mövqeyini açıq bəyan edib ki, seçkiyə təkbaşına gedir, namizədlərin siyahısını da heç kəslə razılaşdırmayacaq. REAL üzvü olmayan adamlar da siyahımızda var. Bunu könül borcu kimi etmişik. NİDA-çılar İlqar Məmmədovun prezident seçkilərində namizədliyi üçün imzaların toplanmasında fəal iştirak etmişdilər, biz də onlara dəstək olmağı mənəvi borc hesab etdik. Onların dairələrində namizəd irəli sürməyəcəyik. Amma NİDA-çılar bizim üzvlərimiz deyil, seçki platformaları ayrıdır. Sçicilərlə özləri işləyəcəklər, üzvlərimizi onlara səs verməyə çağıracağıq, imza toplamaqda ehtiyac olarsa, onlara kömək edə bilərik”.
“Müsavatla görüşlərə münasibət birmənalı olmadı”
O, Müsavatla əməkdaşlıqla bağlı müzakirə apardığı halda REAL-ın Müsavatın keçmiş başqanının dairəsindən namizəd irəli sürməsinə də aydınlıq gətirib: “Biz namizədlərin razılaşdırılması məsələsini müzakirə etmədik. Kimin namizədliyi qeydə alınarsa, seçicilərin münasibətini öyrənib sonrakı mərhələdə dəstək verə bilərik. Çünki REAL-ın seçiciləri, üzvləri və çevrəsi içində Müsavatla görüşlərə müasibət birmənalı olmadı. Çevrəmizdə təpki oldu ki, niyə Müsavatla görüşürsünüz? Ətrafımızda olan insanların fikri bizim üçün əhəmiyyətlidir. Bəlli mərhələdə davranışlarımızda düzəlişlər edə bilərik”.
“Başqa partiyaların üzvlərinə müştəri gözü ilə baxmırıq”
E.Qədirli Ədalət Partiyasının təmsilçisi Əlayif Həsənovun REAL-ın deputatlığa namizədlərinin içərisində olmasına da münasibət bildirib: “Biz üzvümüz olmayan adamlara REAL-ın deputatlığa namizəd siyahısında olmasını xahiş etməmişik. Kimsə bizimlə yaxınlıq etmək istəyirsə və bu, bizdə kəskin problem yaratmırsa və etiraz doğurmursa, həmin şəxslərin namizədliyinə razılıq veririk. Əlayif Həsənov tanınmış hüquqşünasdır, üzvümüz olmasa da, onun namizədliyi bizim üçün problem yaratmır. Təşəbbüs ondan gəlmişdi, xahiş etdi ki, namizədliyini verək. Dairə seçki komissiyasının üzvü olduğu üçün namizədliyi şübhə altındadır. Biz başqa partiyaların üzvlərinə müştəri gözü ilə baxmırıq. O isə tanınmış adamdır, texniki əngəlləri var, Dairə seçki komissiyasından çıxa bilməyəcəksə, namizədliyini irəli sürə bilməyəcək. Özü 82 saylı dairədən namizəd olmaq istədi, şəxsiyyət olaraq bizdə problem yaratmadığı üçün dedik ki, problem deyil, həmin dairədə namizədimiz də yoxdur. Əgər onun Ədalət Partiyası ilə problem varsa, özü həll etməlidir. Biz onun qarşısına hər hansı şərt də qoymamışıq ki, Ədalət Partiyasından çıx, sonra biz səni dəstəkləyə bilərik. Onun Ədalət Partiyasının üzvlüyünə hörmətlə yanaşırıq və oradan çıxmasını heç düşünmürük. Həmin dairədə namizədimiz yoxdursa, özünə də hörmətimiz olduğu halda niyə ona dəstək verməyək ki? Qarşımızda heç bir öhdəlik götürməyib, biz də onunla bağlı hər hansı öhdəlik götürməmişik. Ədalət Partiyasının qısqanclıq münasibətini haradasa anlayıram, amma problem bizdə deyil. Əgər Ədalət Partiyasında onun üçün problem yaranacaqsa və özü məsələni başqa cür dəyərləndirəcəksə, adını siyahıdan çıxararıq”.
“Namizəd olmaq üçün komissiyadan istefa verməliyəm”
Ədalət Partiyasını dairə seçki komissiyasında təmsil etdiyini deyən Əlayif Həsənov bildirib ki, qanunun tələbinə görə, namizəd olmaq üçün komissiyadan istefa verməlidir: “REAL-dan namizədliyim irəli sürülüb. Ola bilsin o informasiyanın anlaşılmaz olmasında mənim də bir qədər yumşaq desək təqsirim olub. Hazırda dairə seçki komissiyasında üzvəm və hələlik namizədliyimi irəli sürməmişəm. Mənim də başa düşülən, anlaşılan qədər fəallığım var. Hadisələrə baxıram, seçkidə namizəd kimi iştirak edib-etməməklə bağlı götür-qoy edirəm. Namizədliyimi versəm, DSK-dan çıxmalıyam. Hələlik məsləhətləşmələr aparıram, qərarımı qətiləşdirəndə hər şeyi açıqlayacağam. REAL-la çox sıx əlaqədəyəm, onlar haqqında çox yüksək fikirdəyəm, bu təşkilatda təmsil olunan şəxslər arasında dostlarım var”.
O, namizədliyini verəcəyi halda Ədalət Partiyası, yoxsa REAL-dan namizədliyini irəli sürəcəyinə dair suala cavab vermək istəmədiyini deyib.
Nərgiz