4 Sentyabr 2015 15:48
1 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Muğla bölgəsinin Bodrum rayonunda miqrantları daşıyan qayığın batması nəticəsində, içərisində azyaşlılar da olmaqla, 10 nəfərin həyatını itirməsi dünya mediasının gündəmindədir.

Dalğanın aşırdığı qayığın batması nəticəsində ölən uşaqların cəsədləri Bodrum sahillərində üzə çıxıb. Nilufər Dəmir adlı fotoqrafın çəkdiyi təsirli görüntülər müxtəlif müzakirələrə səbəb olub. Qərbin Suriyada Bəşər Əsəd rejiminə qarşı apardığı müharibənin nəticəsi olaraq ortaya çıxan miqrant böhranı Avropanı iki yerə bölüb. Bəziləri miqrant axınının qarşısının alınmasını vacib sayır, bəzi dövlətlər isə onlara sığınacaq verilməsini zəruri hesab edirlər. Bəs, ərəblərin öz ölkələrini tərk etmələrinin əsas səbəbkarları kimlərdir? Məsuliyyəti hansı qüvvələr daşıyır? Bu və digər suallarla politoloq Zərdüşt Əlizadəyə müraciət etdik.

- Avropaya miqrant axınına görə məsuliyyət ilk növbədə ərəb ölkələrinin hakimiyyətlərinin üzərinə düşür. İraq, Suriya, Tunis, Liviya kimi ölkələrin hakimiyyətləri miqrant axınına görə cavab verməlidilər. Ölkəni elə hala salıblar ki, dinc insanlar burada yaşaya bilmir, başlarını götürüb Avropaya qaçırlar. Kim könüllü öz vətənindən imtina edir? Yaxşı, dinc yaşasaydılar, suriyalılar Avropaya gedərdilərmi? Yəni miqrant axınına görə əsas məsuliyyət bu ölkələrin biqeyrət, tamahkar rəhbərlərinin üzərinə düşür.

İkinci məsuliyyət Qərb ölkələrinin üzərinə düşür. Onlar ərəb ölkələrində demokratiya adı altında dəyişikliklər etmək istəyir. Əsas məqsələri iqtisadi maraqlarını təmin etməkdir. Liviyanın, İraqın nefti, Suriyanın ərazisi üçün müharibə aparırlar. Arı pətəyinu çubuqlayırlar, arılar da dinc insanları sancır. Qərb cəmiyyəti də məsuliyyət daşıyır, on görə ki, hökumətlərinə səhv siyasət aparmağa imkan verirlər.

Üçüncü məsuliyyət ərəb əhalisinin üzərinə düşür. Onlar özlərində cəsarət tapmırlar ki, öz ölkələrində qalıb mübarizə aparsınlar. Canlarını götürüb Avropaya qaçırlar. Avropada onları heç kəs gözləmir və heç kəs alqışlamır. Çünki Avropaya yük olurlar, iqtisadiyyata ziyan vururlar.

- Axı istənilən avtoritar rejimin qarşısında əhali gücsüzdür. Dinc insanlar qəddar hakimiyyətlərə qarşı necə mübarizə apara bilərlər?
- Düzdür, hakimiyyətin zor aparatının qarşısında heç kəs duruş gətirə bilməz. Amma ölkədə qalıb mübarizə aparmaq daha yaxşıdır, nəinki qaçmaq. Azərbaycandan nə qədər jurnalist heç bir təzyiqə məruz qalmaya-qalmaya ölkəni tərk edib. Amma siz burada qalıb işləyirsiz, fəaliyyətinizi davam etdirirsiz. Yəni ölkəndə problem varsa, özün həll etməlisən. Bunun üçün bacarıq, qətiyyət, həvəs, qeyrət lazımdır. Kimsə suriyalının əvəzinə onun hakimiyyətini dəyişən, ölkəsini düzəldən deyil.

- Avropa ölkələrində miqrant axını ilə bağlı fikir ayrılığı var. Bəzi ölkələr miqrantları qəbul etməkdən imtina edir. Amma Almaniya kansleri Angela Merkel bildirib ki, miqrantları qəbul etməkdən imtina Avropa dəyərlərinə ziddir. Sizçə, miqrant axını Avropaya nə vəd edir?
- Avropada bu kimi məsələlər qanunla həll olunur. Milliyətindən, dinindən, irqindən və cinsindən asılı olmayaraq, hər kəsin Avropada təhlükəsiz yaşamaq hüququ var. Əgər onlar uzaq-uzaq ölkələrdən gələnlərə qapılarına bağlasa, bu o deməkdir ki, Avropa faşizm dövrünə qayıdır. Avropa bir yandan miqrant axınının qarşısını almaq istəyir, bir yandan isə dəyərləri qorumağa çalışırlar. Avropa miqrantlara ikinci dərəcəli insanlar kimi baxa bilməz. Əgər baxsalar, deməli Avropa məğlubdur, dəyərlərindən imtina edir.

- Nə üçün ölkələrini tərk etmək istəyən ərəblər zəngin qonşu dövlətlər olan Qətərə, Küveytə, Səudiyyə Ərəbistanına deyil, uzaq Avropaya üz tuturlar?
- Adlarını çəkdiyin ölkələr zəngin olsa da, qanunlar işləmir, geridə qalıblar. Onlarda kənardan gələn insanlara, hətta ərəb də olsa, qiymət verilmir. Mən Dohada olmuşam. Orada mənə şəhəri gəzmək üçün bir taksi ayırdılar. Taksinin sürücüsü suriyalı idi. Sürücü dedi ki, onun Qətərdə heç bir hüququ yoxdur. 300 dollar maaş alır. Həmin pul Suriyada normal məbləğ sayılsa da, Qətər həyatı üçün qəpik-quruş sayılır. Avropada miqrantlarla bağlı qanun var, onların hüququları qorunur və s. Ərəb ölkələrində isə dəyər, qanun yoxdur. Qətər, Küveyt, Səudiyyənin sərvətləri ancaq öz vətəndaşlarına aiddir, bütün müsəlman dünyasına, ərəblərə yox. Kral hakimiyyətləri öz sərvətlərini vətəndaşlara paylayır ki, onlara qarşı çıxmasınlar.

- Sizə elə gəlmirmi ki, Suriya və digər ərəb ölkələrində yaranan böhranın əsas günahkarı elə Qərbin özüdür. Məsələn, Əsədin hakimiyyətdən getməsi üçün müxalifəti dəstəklədilər. Amma ortaya İŞİD və digər təhlükəli silahlı qüvvələr çıxdı. Əsədə qarşı müharibə aparılmayan dövrdə Suriya indikindən daha sabit deyildimi?
- Suriyadakı sabitlik gec-tez pozulacaqdı. Çünki Əsəd hakimiyyətdən könüllü getməyəcəkdi. Qərb Suriyadakı böhranı tezləşdirdi. İndinin özündə də Qərb Suriyada mötədil və dünyəvi hesab etdikləri qüvvələri dəstəkləyir. İŞİD artıq özünü idarə edə bilən qüvvəyə çevrilib. Kifayət qədər maliyyə imkanları, nefti, ordusu, silah-sursatı var. Mənə elə gəlir ki, Qərb ərəb dünyasında ikibaşlı oyun oynayır. Bir təfədən İŞİD-ə qarşı mübarizə aparırlar, digər tərəfdən onun qalmasında maraqlı görünürlər. İŞİD qaldıqca, Amerikanın Suriya və İraqa müdaxilə imkanları artır. Əsəd artıq ölkənin 40 faizinə nəzarət edə bilmir. 4 ildir ki, müharibə aparan ölkənin imkanları tükənir. Maliyyə, hərbi, hüquqi və mənəvi imkanlar daralmaqdadır. Əsədin ətrafında birləşən hakim zümrə düşünürdü ki, onların təhlükəsizliyinin qarantı Əsədin hakimiyyətdə qalmasıdır. Amma getdikcə görürlər ki, Əsəd hakimiyyəti zəifləyir, onların həyatına, var-dövlətinə qarşı təhlükə artır.

Ruslan


Müəllif:

Oxşar xəbərlər