30 May 2014 13:11
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Yazıçılar İttifaqının sədri adının XİN-in “qara siyahısı”ndan çıxıarılmasını xahiş edib

“Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək ölkəmizin “Dövlət sərhədi haqqında” qanunu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Gürcüstanın Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan rəhbərliyinə yazılı şəkildə müraciət edib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin yaydığı açıqlamada öz əksini tapıb.

E.Abdullayev deyib ki, müraciətində M.Qonaşvili 2012-ci ilin oktyabrın 16-18-də “Beynəlxalq poeziya festivalı”nda iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə etdiyi qanunsuz səfərin Azərbaycan xalqının vətənpərvər hisslərini təhqir etmək məqsədi daşımadığını bildirib, Azərbaycan xalqına olan məhəbbət və isti dost hisslərini dəfələrlə isbat etməyə çalışdığını vurğulayıb və bu səfərin doğuracağı hüquqi nəticələri barəsində məlumatlı olmadığını qeyd edib:

“Həmçinin Makvala Qonaşvili müraciətində atdığı addımın düşünülməmiş olduğunu bildirib və bundan sonra Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının tələblərinə uyğun şəkildə davrancağına dair öhdəlik götürdüyünü qeyd edib. O, azərbaycanlı həmkarları ilə ünsiyyəti yalnız Gürcüstanda deyil, həm də Azərbaycanda davam etdirməsi üçün imkan yaradılmasını və adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasını xahiş edib.

Makvala Qonaşvilinin müraciətinə müvafiq qaydada baxılacaq”.

Səxavət


Müəllif: