Rövşən Cəmşidov: “Tam əminliklə bildiririəm ki, Anar Həsənov tərəfindən KİV-ə ötürülən məlumatlar yalan və böhtan xarakterlidir”
“Səfirliyin keçmiş əməkdaşı Anar Həsənov peşəkarlıqdan və etik davranış qaydalarından tamamilə kənar və məsuliyyətsiz bir əməkdaş olub. Fəaliyyəti dövründə kobud xidməti nöqsanlara yol verib və diplomatik xidmətə tam yararsız olduğunu sübut edib. Onunla nə qədər izahedici iş aparılsa da heç bir faydası olmayıb. Vəzifəsinin artırılması xülyasında olan bu şəxsin hər hansı fərqləndirici peşəkar xüsusiyyətlərinin olmadığını nəzərə alaraq, buna etiraz etmişəm”.
Teleqraf.com xəbər verir ki, bunu yaydığı xüsusi açıqlamada Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov bildirib.
Səfir daha sonra deyib: “Anar Həsənovun xidmət dövründə yol verdiyi ciddi qüsurlarını və məsuliyyətsiz davranışını nəzərə alaraq, mənim tərəfimdən onun uzunmüddətli ezamiyyətdən geri çağırılması barəsində XİN-nin rəhbərliyi qarşısında məsələ qaldırılmışdır. Bu əsasda onun işdən azad edilməsi haqqında qərar qəbul edilib. Təsadüfi deyildir ki, A. Həsənov 7 illik diplomatik xidməti dövründə sadəcə ən aşağı pillədən bircə addım yuxarı, 3-cü katib vəzifəsinə çatmışdır. Halbu ki, 37 yaşlı diplomatlar hazırda nazirlikdə şöbə müdiri, idarə rəisi, xaricdə səfir kimi digər məsul vəzifələrdə çalışmaqdadırlar. Onun xidməti vəzifəsində irəli addım ata bilməməsi şəxsi, professional bacarıq və dünya görüşünün son dərəcə aşağı olduğunun təzahürüdür. Özünün diplomatik xidmətə uyğun gəlmədiyini dərk edən A. Həsənov son əlac kimi şər- böhtanlara əl ataraq diplomatik uğursuzluğunun səbəblərini ört-basdır etməyə çalışır. Sizə qəribə gəlmir ki, Avstraliyadan əvvəl Azərbaycanın Rumıniyadakı səfirliyindən də uzunmüddətli ezamiyyədən 11 ay sonra o, eyni səbəblərdən geri göndərilmişdir. Bu yaş həddinə çatmış A. Həsənovun diplomatik xidmətdə irəliləyə bilməməsi XİN-də kadrların seçiminə diqqətlə yanaşıldığını göstərir. İndi təəssüf edirəm ki, belə bir şəxsə səfirlikdə özünü doğrultmaq imkanı verdik.
Əminliklə deyə bilərik ki, xidməti fəaliyyətində qüsurlara yol verən şəxslərin XİN sistemindən azad edilməsi davam etdiriləcəkdir.
Anar Həsənov iddia edir ki, ona qarşı təzyiqlər göstərilir və cəza tədbirləri həyata keçirilir. Xarici ölkədən geri çağırılmaq cəza tədbiridirmi? O, yalan və iftiralarına görə hələ ki, nə istintaqa cəlb edilib, nə məhkəmə orqanlarına izahat verib, nə də ki, həbs altındadır. Ümumiyyətlə Azərbaycan dövlətçiliyinin tarixini şübhə altında qoyan bir şəxsin müstəqil Azərbaycanın mühüm dövlət strukturlarına qara yaxmağa çalışması təəccüb doğurmur.
Tam əminliklə bildiririəm ki, onun tərəfindən KİV-ə ötürülən məlumatlar yalan və böhtan xarakterlidir. Vəzifədən azad edildiyinə görə küskün vəziyyətdə olan A. Həsənov böhtan və təxribatçı fəaliyyətlə nəyəsə nail olmağa çalışır. Ölkəmizdə KİV-in azadlığı tam şəkildə təmin olunub və hər kəsin ifadə azadlığı hüququ vardır. Amma bu yalan və böhtana əsaslanmamalıdır.
Bundan əvvəl Azərbaycan Respublikasının Koreyada səfiri işləmişəm. Səfirliklər büdcə təşkilatları olduqları üçün ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsi XİN-in Maliyyə-Valyuta İdarəsi və Maliyyə nazirliyinin nəzarəti altında həyata keçirilir. Ciddi hesabatlılıq rejimi tətbiq olunur və mütəmadi əsasda maliyyə təftişi aparılır. Hətta xüsusi hallarda Hesablama palatası tərəfindən də yoxlamalar həyata keçirilir.
Maliyyə hesabatı məsələlərinə ciddi yanaşmanın göstəricisidir ki, səfirlikdə bütün maliyyə hesablaşmaları bank vasitəsilə aparılır və 69110 Avstraliya dolları (53300 ABŞ dolları) məbləğində olan sərf olunmamış vəsait səfirlik tərəfindən geri qaytarılmışdır. Onu da qeyd edim ki, mən şəxsən səfirlikdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişinin keçirilməsi barədə XİN-ə müraciət etmişəm.
Təəssüflər olsun ki, bəzi KİV-lər və bloqlar tərəfindən xarici işlər nazirliyi və diplomatik nümayəndəliklərə qarşı əsassız neqativ kampaniya aparılır.
Görünür ki, cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasət ölkə xaricində olduğu kimi ölkə daxilində də bəzi insanları narahat edir.
Səxavət