9 Sentyabr 2015 17:10
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkəmizdə səfərdə olan İtaliya Parlamentinin İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri, senator Sergio Divinanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə komitənin sədri Səməd Seyidov ölkələrimzin yüksək səviyyədə olan əlaqələrindən, beynəlxalq qurumlardakı faydalı əməkdaşlıqdan, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən söz açıb. Bildirib ki, Azərbaycanda tolerantlıq və dini dözümlülük yüksək səviyyədədir: “Ölkəmizdə müxtəlif xalqların nümayəndələri bərabərhüquqlu vətəndaş kimi yaşayır və fəaliyyət göstərirlər. İki ölkə arasında ticarət dövriyyəsi də yüksəkdir və bizim münasibətlərimiz digər Avropa ölkələrinə nümunə ola bilər. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün İtaliya ən yaxşı tərəfdaş kimi dəyərləndirilir”.

İtaliya parlamentinin senatoru Sergio Divina da ölkələrimizin münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq Azərbaycanda gedən inkişafdan, əldə olunan uğurlardan geniş danışıb. Qeyd edib ki, Azərbaycanın Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edib. Digər senatorlar da ölkəmizdəki tolerantlığın bütün dünyaya gözəl bir nümunə olmasını xüsusilə vurğulayıb.

Sonra senatorlar Milli Məclisdəki Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə müzakirə aparıblar. Qrupun rəhbəri Azər Kərimli bildirib ki, iki ölkə arasında bir sıra beynəlxalq sənədlər ratifikasiya olunub və Azərbaycan İtaliya ilə əlaqələrin inkişafına böyük önəm verir. Söhbət zamanı qonaqlara ölkəmizin müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu, qazandığı nailiyyətlər barədə məlumat verilib. Hər iki ölkənin investisiya imkanlarının qiymətləndirilməsinin vacibliyi vurğulanıb.

Əməkdaşlığın müxtəlif istiqamətlərindən danışan Sergio Divina Azərbaycan həqiqətlərinin, milli mənəvi dəyərlərinin, musiqisinin İtaliyada daha geniş tanınması istiqamətində Heydər Əliyev Fondunun gördüyü misilsiz işləri yüksək qiymətləndirdi. Qonaq İtaliyada tarixi abidələrin bərpasında göstərdiyi köməyə görə Heydər Əliyev Fonduna, fondun rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər