Sentyabrın 10-da Avropa Parlamenti Azərbaycanla bağlı yeni qətnamə qəbul edib.
Teleqraf.com-a açıqlamasında Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov qəbul edilən bu sənədi ikili standartların daha bir nümunəsi və ölkəmizə qarşı qərəzli münasibətin təzahürü kimi qiymətləndirib. Onun sözlərinə görə, sənəddə Avropa Parlamenti tərəfindən Azərbaycan hakimiyyəti ilə insan haqları və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərdə birgə işləməsi üçün tezliklə Azərbaycana nümayəndə heyəti göndərməsi təklif edilir:
“Ancaq Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon işğal olunması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum olması, eləcə də münaqişənin 20 ildən artıqdır ki, həll olunmaması barədə bir kəlmə belə deyilmir. Halbuki, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi öz əksini tapıb. Ancaq bəzi dairələr və Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür “sənəd”lərin qəbul olunması dinamik inkişafa malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın qəbul edilməməsindən qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür. Ona görə də Qarabağ Araşdırmalar Mərkəzi xalqımız üçün belə həssas məsələlərə Avropa Parlamentinin bu cür qərəzli münasibətinə öz etirazını bildirirərək bunu, eyni zamanda beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik kimi qiymətləndirir.
Bu baxımdan belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi isə, öz növbəsində Azərbaycanı Avropa Parlamenti və bu kimi təşkilatlarla əməkdaşlığın ölkəmizə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə də əsas verir”.
BƏXTİYAR