“Bunların seçkiləri boykot etməsinin arxasında bir məqam dayanır. Qərbin, ümumiyyətlə, Azərbaycanı sevməyən mərkəzlərin ölkəmizə basqısını bir qədər də gücləndirmək. Onların seçkiyə getməməsinin kökündə bu məqam durur. Yoxsa, onların seçkiyə qatılmamasının heç bir siyasi əhəmiyyəti yoxdur. İkincisi, bu boykota əhalinin neçə faizi dəstək verəcək? Təbii ki, ən yaxşı halda əhalinin 2-3 faizi. Hakim partiyanın 600 min üzvü var. Elə müxalifət təşkilatı varmı ki, onun 80-100 min üzvü olsun? Mən də 25 il siyasi partiyaya rəhbərlik etmişəm. Real danışmaq lazımdır. Heç bir müxalifət partiyasının bu qədər sosial bazası yoxdur. Uzağı onların qərarına 1-2 faiz vətəndaş dəstək verə bilər. Bu da, ciddi rəqəm etmir. Deməli, boykot qərarının ciddi siyasi əhəmiyyəti ola bilməz”.
Bunu qəzetimizə müsahibəsində Milli Azadlıq Hərəkatının fəallarından, Demokratik Azərbaycan Dünyası Partiyasının qurucusu və sabiq sədri Məmməd Əlizadə bildirib. Müsahibəni təqdim edirik:
- Məmməd bəy, qarşıdan parlament seçkiləri gəlir. Vəziyyəti necə qiymətləndirirsiniz?
- Əvvəla, seçkilərin yüksək səviyyədə keçiriləcəyinə əminəm. Azərbaycan elə düzgün demokratiya yolu tutub ki, qarşıdurmalara yol verən amillərə nə xalqımız, nə də dövlətimiz yaxın durmur. Əvvəlki seçkilərdə olduğu kimi seçicilərin böyük əksəriyyətinin iqtidara, hakim partiyaya ümidi yüksəkdir. Bu mənada hesab edirəm ki, seçkilərdə söz sahibi Ulu Öndərin siyasi xətti, cənab Prezidentin apardığı siyasət olacaq. Fikrimcə, Prezidentin hakim partiyanın sədri olaraq irəli sürdüyü namizədlər xalqın dəstəyini qazanacaq. Belə olan halda müxalifətdən və digər şəxslərdən seçkilərdə iştirak edənlər narazı olacaq ki, biz parlamentə düşə bilmirik. Ancaq nəzərə almaq lazımdır ki, seçkilərdə əsas faktor sosial bazadır. Hakim partiyanın elektoratı böyükdür. Üstəlik aşağı və orta sahibkarlar Prezidentin apardığı siyasəti birmənalı dəstəkləyir. Təbii ki, 10-15 faiz şəxs var ki, onlar müxalif düşüncəli, aparılan siyasəti qəbul etməyən qüvvələrdir. Belə qüvvələr hər bir ölkədə var. Lakin bu faizi dairələr üzrə böləndə cüzi rəqəmə çevrilir. Bu mənada hakim partiyanın və Prezidentin apardığı siyasətin seçkilərdə böyük uğur əldə etməsi qaçılmaz zərurətdir.
- Sizin qurucusu olduğunuz Demokratik Azərbaycan Dünyası Partiyasının seçkilərdə iştirakı hansı formada olacaq?
- Açığı, partiya sədrliyindən gedəndən sonra təşkilatla heç bir bağlılığım yoxdur. Hazırda partiyanın bir qanadı mənimlə əlaqə saxlayır, müəyyən məsləhətləşmələr aparır. Əlisahib Hüseynovun sədri olduğu qanadı nəzərdə tuturam. Onların seçkiyə qatılacağı haqqında məlumatım var.
- Özünüz seçkilərdə namizədliyinizi irəli sürəcəksiniz?
- Xeyr. Hesab edirəm ki, gəncliyə diqqət yetirmək lazımdır. Mənim həm siyasi fəaliyyətim, həm də yaşım imkan vermir ki, gedib parlamentdə təmsil olunum. Parlamentdə gənclər olsa, daha ciddi işlər görmüş olarlar. Çünki Azərbaycan yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə böyük problemlərimizin həlli məsələsi dayanır. Qarşıdan gələn növbəti 5 ildə Dağlıq Qarabağ probleminin həll edilməsi, işğal altında olan ərazilərimizin inkişafı və s. məsələlərin şahidi olacağıq. Bu məsələ üfüqdə görünür. Bu mənada gənclərin potensialından maksimum istifadə olunmalıdır. Başqa sözlə, yaşlı nəsil bir qədər geri çəkilərək öz taleləri ilə barışmalıdır.
- Müxalifətin seçkilərdə uğur əldə etməsi ehtimalını necə dəyərləndirirsiniz?
- Mən səmimi olaraq, bunu iqtidar və ya müxalifəti dəstəkləmək baxımından demirəm. Yuxarıda qeyd etdiyim amili nəzərə alıram. Baxın, Azərbaycanda əllidən çox siyasi partiya dövlət qeydiyyatına alınıb. Hakim partiyanın 600 min üzvü var. Müxalifət təşkilatlarının da potensialı ortadadır. Bütövlükdə götürəndə siyasi partiyalarda təmsil olunan insanların sayı 1 milyondan çox deyil. Mən hətta ictimai qurumları və onların üzvlərini də bura aid edirəm. Bir milyon isə əhalinin 10 faizi deməkdir. Başqa sözlə, əhalinin 10 faizi siyasiləşib. Belə olan halda Prezidentin şəxsi nüfuzu və çəkisi olmasaydı, bu 10 faizlə bu qədər uğur əldə etmək mümkün olardımı? Əlbəttə, yox. Bir daha qeyd edirəm, tənqidləri, boş-boş cəfəng fikirləri, başqa ölkələrin göstərişi ilə atılan addımları bir kənara qoyuram. Azərbaycanda gedən bu inkişaf, proseslər, bizi narahat edən ordumuzun indiki duruma gəlməsi və regionun bir nömrəli silahlı qüvvələrinə çevrilməsi Prezidentin uğurları kimi qiymətləndirilməlidir. Bəli, iddia oluna bilər ki, bu dövlətdir və inkişaf etdirilməlidir. Nəzərə alın ki, dövlət Yaxın Şərqdə də, qardaş Türkiyədə də var. Azərbaycan dövləti və cəmiyyəti Prezidentin apardığı siyasətin sayəsində ciddi inkişaf edir. Odur ki, bütün cəmiyyət ümidini yalnız İlham Əliyevə bağlayıb. Bu gün Azərbaycanda ikinci bir lider yoxdur ki, insanlarımız ona doğru meyllənsin. Ona görə də, birmənalı olaraq deyirəm ki, müxalifətin hətta konkret dairədə uğur qazanması qeyri-mümkündür. Bəli, etiraf edirəm ki, müxtəlif regionlarda nüfuzlu şəxslər var ki, onlar siyasiləşməyib, bitərəfdirlər və xalq tərəfindən qəbul olunurlar. Onları ortaya çıxara bilən partiyalar olmalı və namizədliklərini irəli sürməlidirlər. Ancaq nəzərə alın ki, belə nüfuzlu şəxslər heç zaman zəif tərəfdən namizəd olmaq istəmirlər. Əksinə, onlar ya hakim partiya xətti ilə namizəd olmaq istəyir, ya da bitərəf qismində seçkilərə gedirlər. Yəni onlar heç bir halda müxalifətin namizədi olmaq istəmirlər. Bu nöqteyi-nəzərdən müxalifətin hansısa dairədə qələbəsi çətindir. Hazırda mən elə bir müxalifət partiyası görmürəm ki, seçkidə udmaq şansı olsun.
- Uduzanda isə müxtəlif səbəblər gətirirlər...
- Əlbəttə, bu partiyalar seçkidə uğur əldə edə bilməyəndə demokratiyadan bəhanə kimi istifadə edirlər. Məncə, seçkilərdə müşahidəçi olmaq istəyən bütün dünya dövlətlərinə, beynəlxalq qurumlara şərait yaradılmalıdır. Qoy gəlsinlər, görsünlər ki, açıq seçkilər keçirilir, namizədlər mübarizə aparırlar. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm. Siz elə bilirsiniz ki, bütün namizədlərin hamısı dəyərli, elinə, obasına bağlı və parlamentə layiqlidir? Əlbəttə, yox. Məclisə təsadüfi şəxslər də düşür və parlamentdə aparılan siyasətin üzərinə kölgə salır.
- Milli Şura və AXCP seçkilərə qatılmır, bunun effekti ola bilərmi?
- Bunların seçkiləri boykot etməsinin arxasında bir məqam dayanır. Qərbin, ümumiyyətlə, Azərbaycanı sevməyən mərkəzlərin ölkəmizə basqısını bir qədər də gücləndirmək. Onların seçkiyə getməməsinin kökündə bu məqam durur. Yoxsa, onların seçkiyə qatılmamasının heç bir siyasi əhəmiyyəti yoxdur. İkincisi, bu boykota əhalinin neçə faizi dəstək verəcək? Təbii ki, ən yaxşı halda əhalinin 2-3 faizi. Hakim partiyanın 600 min üzvü var. Elə müxalifət təşkilatı varmı ki, onun 80-100 min üzvü olsun? Mən də 25 il siyasi partiyaya rəhbərlik etmişəm. Real danışmaq lazımdır. Heç bir müxalifət partiyasının bu qədər sosial bazası yoxdur. Uzağı onların qərarına 1-2 faiz vətəndaş dəstək verə bilər. Bu da, ciddi rəqəm etmir. Deməli, boykot qərarının ciddi siyasi əhəmiyyəti ola bilməz. Qardaş Türkiyədə 5 yaşından tutmuş 80 yaşına qədər hər kəsin öz mövqeyi var. 10 yaşında uşaq deyir ki, mən Qalatasaraylıyam. Orada “bitərəfəm” sözü az qala qınağa səbəb olur. Bizdə isə əhalinin mütləq əksəriyyəti bitərəfdir. Baxın, bu bitərəflər kimin tərəfində oldusa, seçkini də o udur.
- Sizcə, bizdə bitərəflər kimin tərəfindədir?
- Şübhəsiz ki, Prezidentin tərəfindədir. Aparılan siyasətin, inkişafın tərəfindədir.
- Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı tənqidi qətnamə qəbul edib. Niyə seçkilər ərəfəsində belə anti-Azərbaycan yanaşmalar ortaya çıxır?
- Bu sənədlə bağlı məlumatlıyam. Şəxsi qənaətim belədir ki, bu, Azərbaycana təzyiq məqsədilə edilir. Xüsusilə, vurğulamaq istəyirəm ki, son günlər Moskvada Dağlıq Qarabağa dair danışıqlar gedir. Şübhəsiz ki, əgər bu danışıqlar müsbət nəticələnəcəksə, regionda Rusiyanın nüfuzu artacaq, onun yaratdığı bloka yeni dövlətlərin qoşulması üçün zəmin yaranacaq. Bu baxımdan Avropa Birliyi və ABŞ regionda Rusiyanın nüfuzunun artmasına səbəb ola biləcək yardımçı faktorları vurmaq istəyir. Odur ki, bütün addımlar buna hesablanıb. Diqqət edin, yaxın vaxtlarda Qarabağla bağlı ABŞ-da da müzakirələr gedəcək. Rusiyada bu proseslər başlayıb, Qarabağın verilməsi, regiona sülhməramlıların yerləşdirilməsi, Rusiyanın ideyası ilə yaradılan bloka yeni dövlətlərin cəlb olunması, sözsüz ki, indi beynəlxalq təzyiq və sanksiyalar altında olan Rusiyanın güclənməsini şərtləndirir. Fikrimcə, Avropa və ABŞ-ın təzyiqlərinin bir səbəbi budur. İkincisi, biz etiraf etsək və etməsək belə, erməni lobbisi ciddi gücə malikdir. Düzdür, Avropa Parlamentində Azərbaycanı dəstəkləyən, ölkəmiz haqqında müsbət rəylər səsləndirən qruplar da mövcuddur, Azərbaycanın xeyrinə də qətnamələr çıxarılıb. Lakin ümumi götürəndə görünür ki, erməni lobbisini dəstəkləyən, eləcə də, Azərbaycanı sevməyən qüvvələr bu məsələdə çox aktivdir. Üçüncüsü, bu məsələdə İslam amili də ciddi rol oynayır. Bu gün Azərbaycan bir müsəlman ölkəsi olaraq xristian aləminə göz dağıdır. Baxın, müsəlman ölkələrinin 99 faizində terror, qarşıdurma, müharibə, qan var. Azərbaycan isə nümunəvi ölkədir. I Avropa Yay Oyunları burada keçirilib, beynəlxalq şahmat yarışı olacaq, mühüm tədbirlərə ev sahibliyi edirik. Bu tədbirlərin burada təşkil edilməsi həm də Azərbaycanın sabit, mehriban, demokratik bir ölkə olmasının göstəricisidir. Bu da, şübhəsiz ki, qısqanclığa səbəb olur. Odur ki, təzyiqlər var və olacaq. Ancaq bu, əhəmiyyətli deyil. Biz anlayırıq ki, bütün bunlar Azərbaycanı istəməyən, onun gələcəyini görməyən qüvvələrin oyunudur. Biz də vətəndaş, siyasilər olaraq bu proseslərə qarşı olmalıyıq.
Nemət