Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların bir çoxu noyabrın 1-də keçiriləcək parlament seçkilərində mandat uğrunda yarışacaq namizədlərinin siyahısını açıqlayıb. Bir qrup partiya isə hələ də hakim Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısını gözləyir. Onlar YAP təmsilçilərinin iddialı olduğu dairələri götür-qoy etdikdən sonra dairələrini dəqiqləşdirmək fikrindədirlər.
Hələ ötən il müxalifət düşərgəsi seçkiyə birgə getməyin vacibliyindən danışsa da, yalnız 8 partiyadan ibarət “Azadlıq-2015" adlı blok yarandı. Yeni birliklərin yaranacağı ehtimal edilsə də, bunun əksi baş verdi. Ümid Partiyası və Azərbaycan Demokrat Partiyasının (ADP) yaratdığı ”Qarabağ" bloku dağıldı. Hər iki partiya seçkilərə ayrılıqda getməyi qərara alıb. ADP sədri Sərdar Cəlaloğlu bəyan edib ki, artıq “Qarabağ” bloku ömrünü başa vurub.
Bundan başqa bu partiyaların AMİP-lə birgə yeni bir blok təsis etmək barədə danışıqları da uğursuzluqla nəticələndi.
Müsavat Partiyası ilə Respublikaçı Alternativ (REAL) Hərəkatı arasında da əməkdaşlıq mümkünsüz oldu. Onlar, sadəcə, seçkilərin müşahidə prosesində yardımlaşacaqlar. Namizədlərin uzlaşması barədə isə hər hansı razılıq olmayıb.
Ümumilikdə, müxalif düşərgə seçkilərə birgə qatıla bilməsə də, namizədlərin uzlaşması gözlənilirdi. Amma açıqlanan siyahılar göstərir ki, hər bir partiya yalnız öz maraqlarını düşünüb. Hər bir siyasi təşkilat digər partiya liderlərinə belə güzəştə getməyib. Bir dairədə müxalif düşərgədən ən azı 3 namizədin iştirakı belə səslərin üç yerə bölünməsi deməkdir.
İsa Qəmbərə qarşı düşərgədən 4 namizəd var
Araşdırma zamanı məlum oldu ki, Müsavat Partiyasının eks-başqanı İsa Qəmbərin iddialı olduğu 15 saylı Yasamal birinci seçki dairəsindən 4 müxalifət partiyası namizəd irəli sürüb. REAL həmin dairədən hüquqşünas Vəfa Rüstəmin, Ədalət Partiyası Yasamal rayon təşkilatının sədri İlqar Əliyevin, AMİP partiyanın beynəlxalq əlaqələr katibi Elşən Mustafayevin, Ümid Partiyası isə İcra Aparatının rəhbəri Taleh Əliyevin namizədliyini verib. “Azadlıq-2015" bloku və ADP-nin 15 saylı dairədən namizədi olmayacaq. Bir sözlə, keçmiş başqan 4 müxalif namizədlə birgə yarışacaq.
Müsavat güclü namizədini Mirmahmud Mirəlioğlu ilə rəqib etdi
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu namizədliyini 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən verəcək. O, “Azadlıq-2015" blokunun namizədi olacaq. Müsavat ən güclü namizədlərindən birini məhz KXCP sədri ilə rəqib edib. Sabiq deputat İkram İsrafil 43 saylı dairədən namizəddir.
REAL iqtisadi elmlər magistrı Kənan Məkanlının namizədliyini bu dairədən verib.
Ədalət, AMİP, ADP və Ümid Partiyası Mirmahmud Mirəlioğlunun iddialı olduğu dairədə heç bir namizəd irəli sürülməyib.
Sərdar Cəlaloğlu 4 müxalifətçi ilə yarışacaq
ADP sədri Sərdar Cəlaloğlu namizədliyini 9 saylı Binəqədi 2-ci seçki dairəsindən verib. Müsavatın 9 saylı dairədən əvvəl iki namizədi olsa da, sonradan Divanda müzakirə nəticəsində partiya Nemət Kərimlinin namizədliyi üzərində dayanıb. “Azadlıq-2015" 9 saylı Binəqədi ikinci seçki dairəsindən BAP sədri Elşad Musayevin namizədliyini irəli sürüb. AMİP S.Cəlaloğlunun namizəd olduğu dairədən Siyasi Şuranın üzvü Əli Orucovun namizədliyini verib. REAL 9 Saylı Binəqədi ikinci seçki dairəsində NİDA Vətəndaş Hərəkatının İH-nin üzvü Ülvi Həsənlini dəstəkləyəcək.
Yalnız Ədalət və Ümid Partiyaları sözügedən dairədən namizəd verməyib.
Dairəsini xahişə görə dəyişən ADP sədrinə İqbal Ağazadədən jest
Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadə Sərdar Cəlaloğluna ADP sədrinin müavini Həsrət Rüstəmov vasitəsilə 21 saylı Nəsimi I seçki dairəsindən namizəd olmamağı xahiş edib. Qarşılığında isə Ümid və “125-lər”dən S.Cəlaloğlunun seçəcəyi digər dairədən namizəd göstərməyəcəyini vəd edib. S.Cəlaloğlu faktı qəzetimizə təsdiqləyib. O, “Qarabağ” blokunda birgə fəaliyyət göstərdiyi Ümid Partiyası sədrinin yaratdığı “125-lər” klubunun üzvünə görə dairəsini dəyişdiyini bildirib: “Əvvəlcə, 21 saylı Nəsimi 1-ci seçki dairəsindən namizədliyimi vermək istəyirdim. İqbal Ağazadə müavinim Həsrət Rüstəmova demişdi ki, xahiş edirəm, Sərdar bəy 21 saylı dairədən namizədliyini verməsin. Onun xahişini nəzərə alıb həmin dairədən namizədliyimi irəli sürmədim. Dedim bir halda ki, İqbal bəy xahiş edib, dairəmi dəyişərəm, ona görə də 9 saylı dairədən namizəd olmaq qərarı qəbul etdim”.
21 saylı Nəsimi I seçki dairəsindən isə “125-lər” klubunun üzvü Günel Səfərova namizədliyini verib.
Sərdar Cəlaloğlu İqbal Ağazadəyə alternativ irəli sürdü
Hazırda parlamentdə təmsil olunan Ümid Partiyasının sədri İqbal Ağazadə yenə də deputat seçildiyi 35 saylı Xətai III seçki dairəsindən namizəddir. Müxalifətçilərdən təkcə ADP-nin namizədi İqbal Ağazadəyə rəqibdir. ADP 35 saylı Xətai 3-cü seçki dairəsindən Vasif Abdullayevin namizədliyini verib.
Yada salaq ki, Ümid Partiyası ADP ilə birgə “Qarabağ” blokunda təmsil olunurdu. Lakin İ.Ağazadənin parlament seçkilərinə yönəlik “125-lər” siyasi klubunu təsis etməsi və “Qarabağ”da parlament seçkiləri müzakirə olunmadan deputatlığa namizədlərin ilkin siyahısının mediada yayımlanması ADP-Ümid birliyinin dağılmasına səbəb oldu. Tərəflər qalmaqallı şəkildə bir-birindən ayrılmasa da, ortalıqda inciklik var. S.Cəlaloğlu bildirmişdi ki, Ümid Partiyası ilə siyasi əməkdaşlıq bundan sonra davam etdirilməyəcək: “Parlament seçkilərində məlum oldu ki, Ümid Partiyası başqa qüvvələrlə koalisiya yaratmağa maraqlıdır. ”Qarabağ"ın bu şəkildə saxlanması mənasızdır. Ona görə də blokun fəaliyyətini başa çatmış hesab etmək olar".
Onu da qeyd edək ki, S.Cəlaloğlu qəzetimizə deyib ki, onlar müxalifətdə olan partiya sədrlərinin namizədliyini irəli sürdüyü dairədən heç bir namizəd irəli sürməyəcəklər. ADP, doğrudan da, digər müxalif partiya liderlərinin dairələrindən namizəd verməsə də, yalnız Ümid sədrinə qarşı alternativ irəli sürüb.
Yusif Bağırzadəyə müxalifətdə ciddi alternativ yoxdur
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizəd olacaq. Müsavat, Ədalət, Azərbaycan Demokrat Partiyası, REAL Hərəkatı və “Azadlıq-2015" blokunun ilkin siyahısında bu dairədən namizəd irəli sürülməyib. Ümid Partiyasından isə Emin Abbasovun namizədliyi verilib.
Pənah Hüseyn 1 müxalifətçi ilə mübarizə aparacaq
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Azadlıq-2015" seçki blokunun namizədi kimi 63 saylı Sabirabad birinci seçki dairəsindən mandat uğrunda yarışa qoşulacaq. Müsavat, AMİP, ADP, Ədalət Partiyaları və REAL Hərəkatı bu dairədən namizəd verməyib.
P.Hüseynlə müxalifətdən yalnız ÜMİD Partiyasının Əslan Əliyev adlı şəxs mübarizə aparacaq.
70 saylı Masalli şəhər Seçki Dairəsindən isə müxalifətçi Fikrət Cəfərli namizədliyini irəli sürüb. Müxalifətdən bu dairə üzrə digər namizəd yoxdur. Hakim partiyanın 70 saylı Masalli şəhər Seçki Dairəsindən namizədi isə hələlik açıqlanmayıb.
REAL-ın da səsi müxalifətçilər arasında bölünür
REAL İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli namizədliyini 16 Saylı Yasamal ikinci seçki dairəsindən irəli sürüb. Müsavat, ADP, AMİP bu dairədən namizədliyini verməyib. Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli, “Azadlıq-2015" seçki blokundan KXCP üzvü Nisəxanım Vəliyeva, Ümid Partiyasından Etimad Əsədov 16 saylı dairədən deputatlığa iddialıdırlar.
Ədalət Partiyasının sədri İlyas İsmayılov 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyini irəli sürüb. O, hazırda Milli Məclisin deputatıdır. Heç bir müxalifət partiyası bu dairədən namizəd irəli sürməyəcək. Yalnız REAL 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən NİDA Vətəndaş Hərəkatının İH üzvü Nicat Əmiraslanovu dəstəkləyəcək.
NƏRGİZ