11 Sentyabr 2015 16:11
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası (YAP) Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb.

YAP-ın mətbuat xidmətindən Teleqraf.com-a daxil olan bəyanatda deyilir ki, Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin bir qrup deputatının növbəti anti-Azərbaycan bəyanatından böyük təəssüf hissi keçirir.

Bəyanatda o da qeyd olunur ki, regional parlament assambleyasının prosedur qaydalarından sui-istifadə edərək müstəqil bir ölkənin vaxtaşırı hədəfə götürülməsi heç də qarşılıqlı əməkdaşlığa və səmimi münasibətlərə dəstək verən siyasət hesab edilə bilməz:

“Azərbaycanda gedən proseslərə obyektiv qiymət verməkdən uzaq duraraq bir qism avroparlamentari mütəmadi olaraq ölkəmiz barəsində qarayaxma kampaniyasına dəstək verir. Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, neft kapitalının insan kapitalına çevrilməsi sahəsində fəaliyyətinə göz yumulur, onun Avropa dəyərlərinə olan inamı sarsıdılmağa çalışılır, Azərbaycan torpaqlarının bir hissəsinin qonşu Ermənistan tərəfindən işğal edilməsi faktı və bir milyona yaxın qaçqın problemi nədənsə unudulur.

Ölkəmizdə siyasi plüralizm və demokratiyanın qərarlaşmasının, mətbuatın azad inkişafı üçün yaradılan şəraitin nəzərə alınmamasını Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyinin qərəzli və qeyri – obyektivliyinin nəticəsi kimi dəyərləndirilən bəyanatda qeyd olunur ki, Azərbaycanın daxili siyasətinə qərəzli qiymət verməyə cəhd göstərilməsi Avropa Parlamentinin siyasətinə çevrilmişdir və bu, Azərbaycan xalqının haqlı narazılığına səbəb olur”.

YAP-ın yaydığı bəyanatda daha sonra qeyd olunur: “Rəğbət bəslədikləri bir neçə nəfər məhbusun təcili həbsdən azad edilməsi çağırışı Azərbaycanın daxili işlərinə qarışmaqla yanaşı, hüquq anlayışını nüfuzdan salan bir addımdır. Xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, mənbəyi naməlum çirkli pullar hesabına qeyri-qanuni sahibkarlıqla məşğul olmaqda ittiham edilənlərin müdafiəsinə qalxmaq Avropa Parlamentinin bəzi üzvlərinin özəl maraqlarından xəbər verir.

Yeni Azərbaycan Partiyası inanır ki, Avropa Parlamentinin növbəti anti-Azərbaycan qətnaməsi heç də Avropa ictimaiyyətinin fikrini əks etdirmir. Biz, məlum qətnaməni Azərbaycanın müstəqil dövlət quruculuğundakı uğurlarından narahat olan dairələrin siyasi qıcıqlanmasından irəli gələn isterik hərəkət kimi qiymətləndiririk”.

YAP bəyan edir ki, Avropadakı anti-Azərbaycan dairələrinin cəhdlərinə baxmayaraq, Azərbaycan demokratiya, insan hüquqlarının qorunması, müstəqil xarici və daxili siyasət kursunu qətiyyətlə davam etdirəcəkdir.


Müəllif:

Oxşar xəbərlər