Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Fransa Senatının Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev Milli Məclisin tarixi, fəaliyyəti, müasir strukturu və xarici əlaqələri barədə qonaqlara məlumat verib. Bildirib ki, dostluq qrupları sıx əməkdaşlıq edir, qarşılıqlı səfərlər həyata keçirirlər.
Qeyd edildi ki, Azərbaycan-Fransa əlaqələri yüksək səviyyədədir. Fransanın çoxsaylı şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. Azərbaycan reallıqlarının Fransada tanıdılmasında, əlaqələrimizin inkişafında Heydər Əliyev Fondu mühüm rol oynayır.
Fransa Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Andre Rişard diqqətə çatdırdı ki, Azərbaycanın Fransada tanıdılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Bunların sırasında Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun keçirdiyi tədbirlər xüsusi qeyd edilməlidir. Qonaq bu mühüm tədbirlərə görə Mehriban Əliyevaya təşəkkürünü bildirdi.
Qeyd etdi ki, Azərbaycan tolerant və münasibətlərin inkişafı üçün açıq ölkədir. Dostluq qrupunun rəhbəri ölkəmizdə şahidi olduqları inkişafdan, əlaqələrimizin durumundan məmnunluğunu bildirdi. O, dostluq qrupunun müxtəlif sahələrdə əlaqələrin inkişafı istiqamətində səylərini daha da artıracağını diqqətə çatdırdı. Qonaq ölkələrimiz arasında iqtisadiyyat, turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğuladı.
Nemət