Sentyabrın 11-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammiti keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, Qırğızıstan Prezidenti Almazbek Atambayevi, Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmazı və Türkmənistan Baş nazirinin müavini Sapardurdu Toyliyevi qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ötən il ərzində təşkilata uğurla sədrlik etdiyinə görə Türkiyəyə minnətdarlığını bildirdi. Tarix boyunca türkdilli xalqların birlikdə mühüm uğurlar qazandıqlarını söyləyən Qazaxıstan Prezidenti bölgədə sülhün və sabitliyin bərqərar olunması üçün səylərin daha da gücləndirilməsinin, Türk Şurasının beynəlxalq qurumlarda fəal təmsil olunmasının əhəmiyyətini vurğuladı.
Xəzər dənizinin tranzit qabiliyyətinin artırılmasının, Avrasiya quru nəqliyyat dəhlizi layihəsinin vacibliyini qeyd edən Prezident Nursultan Nazarbayev bu layihələrin Türk Şurasına üzv dövlətlər arasında müxtəlif sahələrdə, o cümlədən turizmin inkişafında mühüm rol oynayacağını bildirdi. Qazaxıstan Prezidenti 2017-ci ildə Astanada keçiriləcək Expo Sərgisində Türk Şurasına üzv ölkələrin geniş təmsil olunacaqlarına əminliyini vurğuladı, Türkdilli dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, texnologiya və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırdı. Təhsil sahəsində əməkdaşlığın rolundan danışan Qazaxıstan Prezidenti ortaq türk tarixi fənninin tədrisinin vacibliyindən danışdı, bu baxımdan Türk Akademiyasının rolunu yüksək qiymətləndirdi. Ortaq Türk İnvestisiya Fondunun qurulmasının vacibliyini bildirən Nursultan Nazarbayev, həmçinin Ortaq Türk Televiziya Kanalının da yaradılması istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin zəruriliyini vurğuladı.
Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmaz 2009-cu ildə Naxçıvan Bəyannaməsi ilə yaradılan Türk Şurasının ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırdı. Müasir dövrdə dünyada sürətli dəyişikliklərin baş verdiyini bildirən İ.Yılmaz məhz bu baxımdan informasiya texnologiyalarının əhəmiyyətini qeyd etdi. Türkiyə parlamentinin sədri dünyanın müxtəlif bölgələrində regional əməkdaşlığın sürətlə inkişaf edərək mühüm önəm qazandığını vurğuladı, türkdilli dövlətlər arasında əməkdaşlığın da gücləndirilməsinin vacibliyini bildirdi. Qeyd etdi ki, bu prosesdə informasiya texnologiyaları mühüm rol oynadığından builki Sammitin bu mövzuya həsr olunması çox vacibdir. İ.Yılmaz məhz bu baxımdan türkdilli dövlətlər arasında ortaq televiziya və xəbər agentliklərinin yaradılmasının əhəmiyyətini bildirdi.
Regionda mövcud münaqişə ocaqlarından danışan İ.Yılmaz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədə sabitliyə ən böyük təhdid olduğunu vurğuladı. Bildirdi ki, Türk Şurasına üzv ölkələr bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün səylərini artırmalıdır. Münaqişənin həlli prosesində Türkiyə və digər üzv ölkələr Azərbaycanın yanındadır.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.
Prezident İlham Əliyev çıxışında deyib: "Hörmətli Nursultan Abişoviç. Hörmətli nümayəndə heyətlərinin üzvləri. Xanımlar və cənablar. İlk növbədə, Nursultan Abişoviç, bizə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən qardaş Qazax torpağında olmağımdan çox məmnunam. Nursultan Abişoviç, Siz bu gün bizi Qazax xanlığının 550 illik yubiley tədbirinə dəvət etmisiniz. Buna görə də Sizə minnətdaram. Qazax xalqının böyük tarixi, mədəniyyəti var. Siz bu gün öz çıxışınızda bu barədə geniş fikir söyləmisiniz.
Əslində, Türkdilli ölkələrin əməkdaşlığının təməlində bizim ortaq tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir. Budur bizi birləşdirən amillər və biz öz fəaliyyətimizi bu təməl üzərində qururuq".
Dövlət başçısı bildirib ki, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq beynəlxalq aləmdə də özünə layiq yer tuta bilib: "Əminəm ki, gələcəkdə Şuranın fəaliyyəti daha da uğurlu olacaq. Bizim humanitar sahə ilə bağlı çox böyük planlarımız var. Humanitar sahə əslində bizi birləşdirən əsas sahədir. Bu baxımdan mən xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. TÜRKSOY nəinki bizim dövlətlərimizi, bütün türk xalqlarını birləşdirir. Əminəm ki, biz gələcəkdə də bu təşkilatın fəaliyyətinə öz dəstəyimizi verəcəyik. Eyni zamanda, TÜRKSOY ilə yanaşı, yeni qurumlar da yaranır. Onların içərisində Türk Akademiyasını xüsusilə qeyd etmək istəyirəm. Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması, hesab edirəm ki, gələcəkdə müxtəlif konkret layihələrin icrası üçün gözəl imkan yaradacaqdır. Ortaq televiziya kanalının yaradılması da bizim həm niyyətimizi ifadə edir, həm də siyasətimizi göstərir. Bir neçə il ərzində bu məsələ ilə bağlı danışıqlar aparılmışdır. Artıq bu qərar da qəbul olundu. Hesab edirəm ki, həm xalqlarımız, həm dünya üçün bizim mədəniyyətimiz, tariximiz, milli dəyərlərimiz, o cümlədən bugünkü həyatımız böyük maraq doğuracaqdır.
Əminəm ki, ortaq televiziya kanalı qısa müddət ərzində beynəlxalq auditoriyaya çıxacaq və böyük maraq doğuran, bizim siyasətimizi əks etdirən kanala çevriləcəkdir. Çünki bu gün dünyada informasiya təhlükəsizliyi xüsusi yer tutur və hər bir ölkə buna hazır olmalıdır. Biz öz informasiya təhlükəsizliyimizi təmin etməliyik, eyni zamanda, ölkələrimiz haqqında həqiqətləri dünyaya olduğu kimi çatdırmalıyıq".
İlham Əliyev vurğulayıb ki, regional təhlükəsizlik məsələləri də böyük əhəmiyyət daşıyır: "Bu gün qəbul edəcəyimiz Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox dəyərli fikirlər var. Bu sənəddə beynəlxalq hüququn norma və prinsipləri öz əksini tapır.
Bildiyiniz kimi, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır, yaratmışdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq. Azərbaycan xalqına qarşı ədalətsizliklər olmuşdur və XX əsrin sonlarında da ədalətsizliklər olmuşdur. Bu gün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və ətraf yeddi bölgə erməni işğalı altındadır".
Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan bütün hüquq normalarını kobudcasına pozub, bu bölgələrdə etnik təmizləmə siyasəti aparıb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb: "Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz fikirlərini bildirmişlər. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, orada Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, işğalı davam etdirir, danışıqlar prosesində özünü səmimi və konstruktiv aparmır. Bu münaqişə və bütün başqa münaqişələr ancaq beynəlxalq hüququn norma və prinsipləri, ölkələrin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır.
Biz, eyni zamanda, iqtisadi əməkdaşlığımıza da çox böyük önəm veririk. Azərbaycan qonşu ölkələrə, Türkdilli dövlətlərə investisiyaları təmin edir və bizim ölkəyə də investisiyalar qoyulur. Azərbaycan Qazaxıstan, Türkmənistan üçün artıq tranzit ölkəyə çevrilibdir. Həm enerji daşıyıcıları, həm digər yüklər Azərbaycan ərazisindən keçir. Nəqliyyat təhlükəsizliyi Şuraya üzv olan hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan çalışır ki, müasir infrastrukturun yaradılması ilə bu işə töhfəsini versin".
İlham Əliyev deyib ki, hazırda Bakıda yeni böyük Beynəlxalq Dəniz Ticarəti Limanı inşa edilir: "Bu limanın ümumi yükaşırma qabiliyyəti 25 milyon tona bərabər olacaqdır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri əminəm ki, yaxın aylarda yerinə yetirəcək. Bu dəmir yolu əslində Asiyanı Avropa ilə birləşdirən dəmir yoludur. Qeyd etməliyəm ki, keçən ay Çindən Qazaxıstan ərazisindən Azərbaycana birinci sınaq konteyner qatarı da yola salınmışdır və hesab edirəm ki, artıq bu birinci addım çox uğurlu olmuşdur. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatandan sonra on milyonlarla yeni yük bizim ərazimizdən keçəcək və beləliklə, həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək.
Bir sözlə, əziz dostlar, əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar var. Enerji təhlükəsizliyi məsələləri də xüsusi əhəmiyyət daşıyır. Bu gün hər bir ölkənin təhlükəsizliyi, o cümlədən və bəlkə də ilk növbədə enerji təhlükəsizliyi ilə bağlıdır. Burada da artıq çoxformatlı əməkdaşlıq yaranıbdır. Azərbaycan, Qazaxıstan, Türkmənistan Xəzər dənizində uğurlu fəaliyyət göstərirlər. Eyni zamanda, bizim əsas ixrac yollarımız Türkiyə ərazisindən keçir və beləliklə, bu amillər bizi bir-birimizlə daha da sıx bağlayır.
Ancaq yenə də qayıtmaq istəyirəm çıxışımın əvvəlindəki sözlərə. Bizim əsas birləşdirici amilimiz birliyimizdir, etnik köklərdir, ortaq tarixdir, mədəniyyətdir. Budur bu gün bizi birlikdə gücləndirən amillər. Əminəm ki, gələcək nəsillər də bu amallarla yaşayacaq və bizim birliyimiz daimi olacaqdır. Sağ olun".
X X X
Qırğızıstan Prezidenti Almazbek Atambayev türkdilli xalqların böyük tarixə və zəngin mədəniyyətə malik olduqlarını vurğulayaraq, bu Sammitin humanitar sahədə də əməkdaşlığın inkişafına böyük töhfə verdiyini qeyd etdi. Dünyada və regionda qarşıdurmaların yaşandığını bildirən Qırğızıstan Prezidenti bu baxımdan türkdilli xalqlar arasında əməkdaşlığın əhəmiyyətini vurğuladı. İnformasiya sahəsində mühüm layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edən Almazbek Atambayev Ortaq Türk Televiziya Kanalının fəaliyyətə başlamasının önəmini bildirdi.
Qırzığızıstanın gələn il Türk Şurasına sədrlik edəcəyini deyən dövlət başçısı əsas mövzunun türkdilli xalqların milli idman növlərinin inkişafı olmasını təklif etdi. O, bununla yanaşı, İssıkgöl yaxınlığında ikinci köçəri oyunlarının keçiriləcəyini diqqətə çatdırdı.
Türkmənistan Baş nazirinin müavini Sapardurdı Toylıyev Prezident Qurbanqulu Berdimuhammədovun təbrik və salamlarını tədbir iştirakçılarına çatdırdı. O, türkdilli dövlətlərin əməkdaşlığının inkişafında Şuranın rolunu qeyd edərək, xalqlarımız arasında mədəniyyət, tarix, dil və digər sahələrdə əsrlərdən bəri mövcud olan ortaq dəyərlərin qorunmasının və təbliğinin vacibliyini qeyd etdi.
Daha sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov qurumun ötənilki fəaliyyəti ilə bağlı dövlət başçılarına məlumat verdi.
Türk Şurasının üzv ölkələrin dövlət başçılarının dəstəyi ilə sürətlə inkişaf edərək iqtisadiyyat, elm, təhsil, nəqliyyat, turizm, idman və digər sahələrdə ortaq qurum kimi uğurla fəaliyyət göstərdiyini bildirən Ramil Həsənov Şuraya sədrliyin Türkiyədən Qazaxıstana keçdiyini söylədi. O, Türk Şurasının artıq bir sıra mötəbər beynəlxalq qurumlarda təmsil olunduğunu vurğulayaraq builki Sammitin mövzusu olan informasiya və media məsələləri ilə bağlı üzv ölkələrin nümayəndə heyətləri ilə silsilə görüşlərin, tədbirlərin keçirildiyini bildirdi. Qeyd etdi ki, artıq Ortaq Türk Televiziya Kanalının və Ortaq Xəbər Agentliyinin yaradılması ilə əlaqədar anlaşma memorandumları imzalanıb ki, bu da xalqlarımızın əlaqələrinin inkişafına müsbət təsir göstərəcək.
Sammitə yekun vuran Prezident Nursultan Nazarbayev Şuranın ötənilki fəaliyyətinin qənaətbəxş olduğunu söylədi, qəbul edilən qərarların və atılan addımların türkdilli dövlətlər arasında əməkdaşlığın daha da gücləndiriləcəyinə mühüm töhfə verəcəyinə əminliyini bildirdi.
Sonra nümayəndə heyətlərinin rəhbərləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitinin Bəyannaməsini, Şuranın baş katibinin müavinin, Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin təyin edilməsi ilə bağlı sənədləri imzaladılar.
Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti işini başa çatdırdı.