12 Sentyabr 2015 10:55
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədrini tərk edərək narazılar cəbhəsinə qoşulanların sayı hər gün artır. Dünən isə partiyanın Ali Məclisinin üzvü Ruslan Nəsirli Əli Kərimlini tərk edib.

O, etirazçılara qoşulmasına dair bəyanat verib. Bildirib ki, 2013-cü ildən AXCP Gənclər Komitəsinin üzvü olub: “Prezident seçkilərindən sonra AXCP Gənclər Komitəsinin ümumrespublika konfransında Ali Məclisə üzv seçilmişəm. Hazırda 60-a yaxın üzvümüz var ki, onların da sədr əvəzi mənəm. 2014-cü ilin yanvarından başlayaraq mən partiyadaxili fəaliyyətimi daha da aktivləşdirərək Rəyasət Heyətinə bir çox layihələr təqdim etdim. Lakin layihələrə çox soyuq yanaşıldı, rəhbərlikdən heç bir reaksiya gəlmədi. Ruhdan düşməyərək fəaliyyətimi davam etdirdim, internet üzərində, real təşkilatçılıq sahəsində fəaliyyətimi genişləndirdim. Bunun qarşılığında isə rəhbərlikdən yalnız qısqanclıq gördüm”.

“Həsən Kərimov bizim şəkilləri yaydı”

Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı barədə də fikirlərini bölüşən gənc fəal onu hansısa dairələrə bağlayıb: “Fuad Qəhrəmanlının hansısa qrup qarşısında öhdəlikləri var. Partiya rəhbərliyini ələ keçirmək istəsə də, Əbülfəz Qurbanlı buna mane oldu. Sonralar onlar Əbülfəz Qurbanlını da neytrallaşdırdılar, psixoloji təzyiq göstərdilər”.

Əbülfəz Qurbanlı ilə birgə fəaliyyətinin də məhz partiya daxilində əngəlləndiyini deyən Ruslan Nəsirli Gəncədə inkişaf qrupu yaradıldığını misal gətirib: “28 günə 40-50 üzv toplamışdıq. Planlaşdırmışdıq ki, Gəncəyə gedək, lakin həmin gün Həsən Kərimov bizim Gəncəyə gedib təşkilat şöbəsi qurmağımıza dair şəkillər yaydı. Bu, işə əziyyət çəkən bütün gənclər kimi Əbülfəz Qurbanlını da hiddətləndirdi və partiyadan getməyə qərar verdi. Əbülfəz Qurbanlı getdikdən sonra bu partiyada qala bilməyəcəyimi qət etdim. Partiya daxilində avtoritar rejim davam edir, gənclərin qarşısı kəsilir. Hesab edirəm ki, azad düşüncəli, öz gələcək siyasi karyerasını qurmaq istəyən gənclər o partiyada, Əli Kərimlinin, Fuad Qəhrəmanlının, Həsən Kərimovun yanında olmamalıdırlar”.

“Bu mübarizədə Əli Kərimlinin qazanmaq şansı yoxdur”

Narazılardan olan Seymur Süleymanov da AXCP-də baş verən hadisələrlə bağlı danışıb. Deyib ki, Əli Kərimli artıq partiyasında təkbaşına qalıb: “İllərlə Əli Kərimli ilə çiyin-çiyinə olanlar onu tək qoydular. Çünki Kərimlinin etibarsız biri olduğunu yavaş-yavaş hər kəs görür. Onun əsl üzünü isə cəmiyyətə açan Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi oldu. AXCP-də illərlə Əli Kərimlinin hoqqabazlığını, ədalətsizliyini, qanunsuz hərəkətlərini görənlər və səsini çıxartmayan partiya yoldaşları, Təşkilat Komitəsində toplaşıb sözlərini deyə bildilər. Bununla da Əli Kərimlini ”demokratiyanın atası" bilənlər artıq yanılmış olduqlarını dərk etdilər. Bununla da Əli Kərimli nağılına son qoyuldu. Bu mübarizədə Əli Kərimlinin qalib gəlmək şansı yoxdur. Çünki maskası düşüb".

Cavid Musazadə: “Əlacsızlıqdan Saatlının vağzal uşaqlarını qurultay nümayəndəsi seçiblər”

AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Cavid Musazadə isə qarşı tərəfi regionçuluqda ittiham edib: “Görün, nə qədər acizsiniz ki, qocaman cəbhəçiləri, məhbus həyatı yaşamış parlaq, tanınmış gəncləri, partiyanı ayaqda tutan, illərini, həyatını fəda etmiş cəbhədaşları deyil, dünən peyda olan yerlilərinizi-Saatlının vağzal uşaqlarını qurultay nümayəndəsi seçmisiniz. Sizin uğursuzluğunuz, bitən həyatınız məhz belə məqamlarda təzahür edir”.

Narazılar Ağdam və Xocavənd təşkilatını bərpa edir

Bu arada bəlli olub ki, narazılar təşkilatlanmaqda davam edir. Belə ki, Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi Xocavənd şöbəsinin bərpası işinə girişib. Burada ondan çox cəbhəçinin bir araya gətirilməsinə çalışılacaq.

Bundan başqa, narazılar Ağdam şöbəsini bərpa edəcəklərini də elan ediblər. Bir zamanlar AXCP Ağdamda da güclü dayağa malik idi. İndi görünür ki, Kərimlinin bu rayon şöbəsi bir qədər də zəifləyəcək.

Qeyd edək ki, AXCP-nin Əli Kərimli qanadı da hazırda konfranslar keçirir, qurultaya hazırlaşır. Artıq Səbail rayon şöbəsinin konfransı keçirilib, Ali Məclis və qurultay nümayəndələri seçilib. Xətai rayon şöbəsində də anoloji konfrans keçirilib. Beləliklə də, AXCP daxilində razılar və narazılar son döyüşə hazırlaşır. Son döyüş isə sentyabrın 27-də baş tutacaq.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər