14 Sentyabr 2015 10:28
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Biz buna biganə qala bilmərik. Qətnamədə bizə qarşı heç bir əsası olmayan sənəd qəbul edib”.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Avropa Parlamentinin Azərbaycanla bağı qəbul etdiyi tənqidi xarakterli son qətnaməsi ilə bağlı keçirilən tədbirdə deyib.

Ə.Həsənov qeyd edib ki, 751 deputatlıq parlamentdə Azərbaycana qarşı qəbul edilən sənədin səsverməsində 600-dən çox deputat iştirak edib.

Baş nazirin müavininin fikrincə, Azərbaycana qarşı qətnamə qəbul etmək Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil:

"Avropa Parlamentinin əsasən 3 səlahiyyəti var - Avropa İttifaqına dair qanunlar qəbul etmək, qanunların icrasına nəzarət etmək və Avropa İttifaqının büdcəsinin icrasına nəzarət etmək. Avropa Parlamentinin Azərbaycanla bağlı belə qətnamə qəbul etməsi onun səlahiyyətlərinə daxil deyil. Avropanın Azərbaycana qarşı qısqanclığının artdığını bilirdlik. Azərbaycanın Avropa Oyunlarını uğurla keçirməsindən sonra belə hərəkətlərin artmasını görürdük. Bu, qısqanclığın, paxıllığın və erməni diasporunun və maliyyəsinin təsirinin nəticəsidir".

Baş nazirin müavini deyib ki, Ermənistan Azərbaycanın əldə etdiyi uğurlardan, ordumuzun son təlimlərindən qorxuya düşüb: "Azərbaycanın 20 faiz torpağı işğal edilib, bir milyon insan qaçqın və köçkün düşüb. Ay korrupsiyaya uğramış Avropa Parlamenti bəs buna niyə münasibət bildirmirsən?! Hardasan ay erməniyə, onun puluna satılmış Avropa Parlamenti?!"

Ə.Həsənovun sözxlərinə görə, baxmayaraq ki, Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib, onlarla işləmək lazımdır: "Mən onları Azərbaycana dəvət edirəm. Qoy gəlib hər şeyi öz gözləri ilə görsünlər".

Ə.Həsənov bildirib ki, Azərbaycan Avropanı enerji resursları ilə təmin etdiyi məqamda belə bir sənədin qəbulu qeyri-insani münasibətdir. Ona görə də Avropa Parlamenti öz qətnaməsini ləğv etməlidir.

Baş nazirin müavini bəyan edib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı təcili tədbirlər görməli, Avropa Birliyi ölkələrindəki səfirlərindən hesab sormalı, diplomatik korpus barəsində ciddi tədbir görülməlidir: "Avropa Parlamentində Almaniyanın 86 deputatından 46 deputatı, Avstriyanın 17 deputatından 12-i, Danimarkanın 13 deputatından 8-i, Estoniyanın 5 deputatından 4-ü, Finlandiyanın 10 deputatından 8-i, İspaniyanın 47 deputatından 34-ü, İsveçin 17 deputatından 14-ü, Portuqaliyanın 19 deputatından 15-i, İrlandiya, İspaniya, İtaliya deputatlarının əksəriyyəti əleyhimizə səs verib. Bü ölkələrdəki səfirlərimiz nə edir, nə işlə məşğuldurlar?”.

Baş nazirin müavini deyib ki, hansı ölkələrdə ki, iş görülüb, o ölkələrin Avropa Parlamentindəki deputatları ölkəmizi daha çox dəstəkləyiblər: "Məsələn, biz Fransanı ermənipərəst dövlət kimi tanıyırıq. Ancaq Fransanın Avropa Parlamentindəki 62 deputatından cəmi 24-ü əlyehimizə səs verib. Bu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransada gördüyü işlərin nəticəsir. Çexiyanın 18 deputatından 4-ü, Macarıstanın 19 deputatından 6-sı, Polşanın 42 deputatından 7-si qətnamənin lehinə, qalanları qətnamənin əleyhinə səs verib. Bu ölkələrdəki səfirlərin fəaliyyəti də qeyd edilməlidir. Ancaq digərlərinə gəlincə, səfirlərimiz illərlə orada oturub, nə iş görürlər? Bəzisi biznes qurur, bəzisi xəyanət edir! Meksikada 200-300 erməni yoxdur, o ermənilərdən biri Meksikanın ABŞ-dakı səfiridir. Amma düşmən də olsalar, iş görürlər. Bəs biz nə edirik? Biz isə yatırıq, şəxsi işlərlə, xəyanətlə məşğuluq. Diplomatik korpuslarla bağlı ciddi iş görülməlidir. Bu, bir vətəndaş, hakim partiyanın sədr müavini, baş nazirin müavini kimi mənim də səlahiyyətimə aiddir”.

Qeyd edək ki, tədbirdə Ermənistanın işğalı altında olan rayonların icra hakimiyyəti başçıları və həmin bölgələrdən seçilmiş millət vəkilləri iştirak edib.


Müəllif:

Oxşar xəbərlər