15 Sentyabr 2015 21:35
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin “Ustad Şəhriyar adına birinci mədəniyyət medalı” festivalında görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın bir şəxsiyyət kimi milli və beynəlxalq arenada tanıtdırılması məqsədilə iki təkliflə çıxış edib.

Bu barədə Teleqraf.com-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, Təbrizdə keçirilən festivalda çıxış edən M.Pakayin hər il M.Şəhriyarla bağlı hər dəfə İranın bir əyalətində yazıçı və şairlərin, ədəbiyyatçıların iştirakı ilə beynəlxalq konfransın, həmçinin İranın və Azərbaycanın şəhərlərində M.Şəhriyarın yad edilməsi məqsədilə toplantı və simpoziumların keçirilməsini təklif edib: “İran və Azərbaycan rəhbərliklərinin mədəni əlaqələrin genişlənməsi sahəsində olan siyasi iradəsi, həmçinin iki ölkənin xalqlarının ustad Şəhriyara olan məhəbbətini nəzərə alaraq, ardıcıl şəkildə İranın və Azərbaycanın şəhərlərində şairin yad edilməsi üçün toplantı və simpoziumların keçirilməsini təklif edirəm”.

Səfir İranın Azərbaycandakı səfirliyinin bu kimi proqramların daha yaxşı şəkildə həyata keçirilməsi üçün hazır olduğunu bildirib.

M.Pakayin “Ustad Şəhriyar adına mədəniyyət medalı” festivalının keçirilməsi ilə bağlı bildirib ki, şübhəsiz, belə tədbirlər fars şeiri və ədəbiyyatı, habelə mərhum M.Şəhriyarın tanıtdırılması sahəsində böyük bir addım sayılmaqla, regionda yaşayan müsəlman alimlərin İran diyarının iftixarlarından sayılan bir şəxsiyyətlə tanışlığına səbəb olacaq.

M.Pakayin ustad Şəhriyarı müasir dövrün fars və Azərbaycan şeri sahəsində peşəkar olan böyük şairlərdən biri kimi təqdim edib və deyib ki, məhz bu baxımdan M.Şəhriyar təkcə İranda deyil, həm də Azərbaycan Respublikası, Əfqanıstan, Tacikistan, Mərkəzi Asiya və Qafqaz ölkələrində şöhrət və sevgi qazanıb.

Səfir, həmçinin M.Şəhriyarın Azərbaycan dilində söylədiyi “Heydər Babaya salam” şeirinə diqqət çəkərək bu şeirin təkcə İranda deyil, həm də Azərbaycan Respublikasında şöhrət qazandığı və onun unudulmaz şeirlərindən biri olduğunu vurğulayıb.

Beynəlxalq festivalda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin rəhbəri akademik Vasim Məmmədəliyev İranın Azərbaycandakı səfiri M.Pakayin və Təbriz Universitetinin Azərbaycanşünaslıq İnstitutunun direktoru doktor Məhəmmədrza Pur Məhəmmədi tərəfindən “Ustad Şəhriyar mədəniyyət medalı” ilə təltif edilib.
Qeyd edək ki Təbriz Universitetinin Azərbaycanşünaslıq İnstitutu tərəfindən “Ustad Şəhriyar adına birinci mədəniyyət medalı” festivalı keçirilib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər