15 Sentyabr 2015 19:51
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Əliyev: ““Eybəcər qətnaməni Azərbaycana sırımağa çalışırlar”

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa iddialıların sayı çox olsa da, cəmi 286 nəfərin namizədliyi qeydə alınıb.

Deputat kürsüsündə əyləşmək niyyətində olan şəxslər hələ ki gözləmə mövqeyindədirlər.
Onların hakim Yeni Azərbaycan Partiyasının siyahısını saf-çürük etdikdən sonra namizədliyini irəli sürəcəyi gözlənilir.

Budəfəki seçkilərdə yalnız 7 partiyanın təmsil olunduğu 1 blok seçkiyə qatılacaq. “Azadlıq-2015” seçki blokundakı partiyaların sədrlərinin dairələri bəlli olsa da, blokun siyahısında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədrinin adı yoxdur. VİP sədri Əli Əliyevlə dairəsini nədən indiyədək müəyyənləşdirməyi barədə söhbətləşdik. O, YAP-ın siyahısını gözlədiyi gizlətmədi.

“YAP-ın siyahısını gözləyirəm”

Ə.Əliyev vurğuladı ki, namizədliyini irəli sürəcəyi dairədə qalib gəlmək niyyətindədir: “Ona görə də vəziyyəti dəyərləndirərək belə qərara gəlmişəm ki, Yeni Azərbaycan Partiyasının siyahısı ortaya çıxandan sonra dairəmi dəqiqləşdirəcəyəm. Mənim üçün seçki kampaniyasını təşkil etmək, qanundan irəli gələn detalları təmin etmək o qədər də çətin görünmür. Çünki komandamızın seçki təcrübəsi böyükdür. Özüm üçün də namizəd olaraq dairənin seçimində fərqlilik elə bir önəm kəsb etmir. Lakin Seçki Məcəlləsindən irəli gələn, siyasi situasiyadan doğan, şərtlər elədir ki, YAP-ın həlledici namizədlərinin xeyrinə alternativ resurslar istənilən dairədə seçkinin nəticəsinə təsir etmək gücündədir. Ona görə də YAP-ın siyahısını gözləyirəm. Bu addımımla bağlı indiyədək heç kəs cürət edib tənqidi fikir ifadə etməyib. İstənilən adamın cavabını vermək iqtidarındayam. Hər bir tərəf özü seçki taktikasını müəyyənləşdirir və qərar qəbul etməkdə sərbəstdir. Biz hər bir şeyi nəticə ilə ölçürük. Partiya qarşısında görəvim var, partiyanı parlament partiyasına çevirməliyəm. Ona görə də VİP-in əsas namizədlərindən biri kimi seçki taktikamı müəyyənləşdirmək işində sərbəstəm”.

Müxalifət düşərgəsinin birinci onluğundakı namizədlərdən biri olduğunu deyən VİP sədri əlavə etdi ki, partiya qarşısında vəzifəsi bu seçkini udmaqdan ibarətdir: “Ölkənin siyasi şərtlərini bildiyimdən və seçki qanunvericiliyini detallı öyrəndiyimdən seçki taktikasını bu cür seçmişəm. Əslində, indiyədək seçkidə iştirak etdiyim və ərazidə fəaliyyət göstərdiyin dairə daha üstün anlama gəlir. Çünki mexanizmlər seçki dövründə hazırlandığından orada əlaqələrin qurulmasına ehtiyac qalmır. Hələ namizədlərin qeydə alınmasından öncə mənim üçün üstün dairələr vardı. Hələlik o dairələrdən biri mənim üçün öz aktuallığını saxlamaqdadır. 2010-cu ildə 15 saylı Yasamal I seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Bu gün də bu dairə mənim üçün önəm kəsb edir. İkinci belə dairə 18 saylı Nərimanov-Nizami seçki dairəsi idi. 2005-ci ildə həmin dairədən namizəd idim. Doğulub, boya-başa çatdığım ərazi oradır. Orada da imkanlarım böyükdür, amma “Azadlıq-2015” blokunda müttəfiqlərimizdən biri namizədliyini həmin dairədən irəli sürüb. Bu dairə hələlik aktuallığını itirib. Partiya sədri kimi gündəlik siyasi fəaliyyətlə məşğul olduğumdan tanıtımla bağlı problemim yoxdur. Hesab edirəm ki, bu şərtlər daxilində istənilən dairədə qısa müddət ərzində əlaqələrin qurulması, təbliğat və təşviqatın aparılmasına nail olacağam. 15 saylı dairə üzrə namizədliyimi versəm, onda işlərimizin həcmi təxminən 2-3 dəfə azalacaq”.

Qeyd edək ki, Müsavatın keçmiş başqanı İsa Qəmbər sözügedən dairədən namizədliyini verib.

“İsa Qəmbər hələ dairə seçki komissiyasına müraciət etməyib”

Ə.Əliyev dedi ki, o, 2010-cu ildə də İ.Qəmbərlə alternativ olub: “Həmin dairəni izləyirəm. İsa Qəmbər hələ dairə seçki komissiyasına müraciət etməyib. 2010-cu ildə Müsavat başqanına qalib gəlmişəmsə, faktiki olaraq ikiyə bölünmüş Müsavat Partiyasının keçmiş başqanını udmaq mənim üçün çətin olmayacaq”.

“90-cı illərinin eyforiyasından çıxa bilmirlər”

Ə.Əliyev bir dairədən 4-5 müxalifətçinin namizəd olmasına da şərh verib: “Müxalifət vahid namizədlə çıxış etsəydi, bu, müsbət hal olardı. Təəssüf ki, parlament seçkilərində cəmi 1 seçki bloku seçkiyə qatılır. Cəmi 7 partiya bir yerdə olmaq iradəsi nümayiş etdirdi. Mənə elə gəlir ki, bu, nümunə baxımından başqalarına da örnəkdir. Yaxşı olardı ki, müxalifət bütövlükdə bir araya gəlib dairələr üzrə elektoratın səsini parçalamayaydı. Ancaq təəssüf ki, bir qisim insanlar hələ ötən əsrin 90-cı illərinin eyforiyasından çıxa bilmir. Özlərini müstəsnalıq xəstəliyinə yoluxdurublar və hesab edirlər ki, onlar çox həlledici təsir imkanlarına malikdirlər. Bu, şizofereniyanın olmasının göstəricisidir. Yaxşı olardı ki, müxalifət bütün şəxsi iddialarını kənara qoyub vahid cəbhə yaradaydı. Bu cəbhədən cəmi 125 millət vəkilliyinə namizəd irəli sürəydi. Onda təbii ki, siyasi mənzərə bugünkündən fərqli olardı”.

“Müəyyən güzəştlər qoparmaq istəyirlər”

VİP sədri Avropa Parlamentinin son qətnaməsinə də münasibət bildirib: “Qərb strukturları Azərbaycan hakimiyyətindən müəyyən güzəştlər qoparmaq istəyir. Avropa qurumları daxilindəki lobbi çevrələri qısa müddət ərzində hərəkətlənib qəbul olunmuş eybəcər qətnaməni Azərbaycana sırımağa çalışırlar. Qətnamədəki yalnız çox azsaylı bəndlər həqiqəti əks etdirir. Mənə elə gəlir ki, Avropaya cavab verməklə yanaşı Avropa Birliyi ilə münasibətlərin davam etdirilməsində iradə nümayiş olunmalıdır”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər