AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi daha iki rayonda toplantı keçirib.
AXCP Ağdam şöbəsinin ümumi yığıncağında AXCP-də cərəyan edən son proseslər müzakirə edilib.
Sonra təşkilati məsələlərə baxılıb və AXCP Ağdam şöbəsi yenidən bərpa olunub. AXCP Etimad Qurultayı TK-nın üzvü Səbuhi Əliyev konfrans iştirakçılarına yenidən formalaşdırılacaq AXCP-nin prioritetləri, görüləcək işlər barədə məlumat verib. Qeyd edib ki, yenidən qurulacaq partiyada despot idarəçiliyə yer olmayacaq, hər kəs bərabər hüquqlara, söz və fikir azadlığına sahib olacaq. Konfrans çərçivəsində keçirilən səsvermədə Cahangir Kərimov sədr, Mirkənan Məcidli isə Ali Məclisin üzvü seçilib. Qurultayda iştirak edəcək nümayəndələr müəyyənləşdirilib.
Digər toplantı Mingəçevirdə keçirilib. Toplantıda AXCP-nin yenidən formalaşdırılması, fəaliyyət istiqamətləri və partiyanın Əli Kərimlinin sədrliyi altında tənəzzülə doğru getməsi ilə bağlı müzakirələr aparılıb. Tədbir iştirakçıları bildiriblər ki, partiyada baş verən proseslərə etiraz edir və AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəkləyirlər. AXCP Etimad Qurultayı TK-nın üzvü Ehtiram Mehdiyev çıxışında qeyd edib ki, yeni yürüdüləcək siyasət AXCP daxilində daim kölgədə qalan gənclərin həyatı və gələcək siyasi karyerası üçün uğurlu olacaq, nəticədə daha güclü partiya formalaşdırılacaq. 40 nəfərin iştirak etdiyi konfransda Könul Məmmədova Mingəçevir şöbəsinin sədri, Tural Qəhrəmanov Məclis üzvü, Vidadi Qəhrəmanov, Elvin Əkbərli, Elçin Qocayev, Kamran Rəhimli isə qurultay nümayəndəsi seçilib. Qeyd edək ki, Zərdab və Ağcabədi şöbələrinin də konfransı təşkil edilib.
İbrahim İbrahimli də cəbhədaxili savaşa qoşulub
Bu arada narazılara yaxın cebhe.info-da Əli Kərimlinin əsas dayağı hesab olunan İbrahim İbrahimli kəskin tənqid edilib: "Məlumdur ki, sosial şəbəkələri söyüş və təhqir makinasına çevirən bir qrup var və qrupun başında da Əli Kərimli dayanır. Onun tərəfdarları tez-tez digər fikir və düşüncə sahiblərini bu imkandan istifadə edərək təhqir edirlər. Son olaraq isə Əli Kərimliyə çox yaxın olan bir şəxs - Ayət İsmayıl adlı şəxs Əli Kərimlini despotizmdə, avtoritarlıqda günahlandıranlar və onun təzyiqlərinə məruz qalanlarla bağlı təhqir dolu status paylaşıb. Bu şəxslərin nəinki özlərini, hətta ailələrini təhqir edib. Acınacaqlı hal odur ki, bu adamlar hər zaman bu işlə məşğul olublar və onların "dediyini deməyənləri" bu şəkildə təhqir ediblər. İndi də öz çirkin, tərbiyəsiz, əxlaqsız əməllərini davam etdirirlər. Əli Kərimlinin şəxsi göstərişi ilə bu dəfə AXCP Etimad Qurultayının Təşkilat Komitəsinə daxil olanlar təhqir olunub. Ən acınacaqlısı odur ki, bu mədəniyyətdən kənar statusu həm də xalq hərəkatının aparıcı adamlarından biri olan, istiqlalçı millət vəkili İbrahim İbrahimli dəstəkləyib. Aydınlaşdıracağıq ki, bu, nəyin göstəricisidir? Daxili əxlaqınmı, tərbiyəninmi? Yoxsa bu, Elçibəyin hər zaman dediyi, aşıladığı əxlaqlı siyasətdən imtina etmək və Kərimlinin hər zaman əsas silahı olan əxlaqsız mübarizəyə dəstək verməkdir? Bu, Kərimlinin əxlaqdan kənar siyasətinə birbaşa dəstəkdir".
Cəbhəçi ilə sədrin müşaviri arasında qarşıdurma yaranıb
Daha bir qarşıdurma Elvin Baycanla AXCP sədrinin müşaviri Məmməd İbrahim arasında yaşanıb. Müşavirin Elvin Baycanın AXCP üzvü olmamasını elan etməsi aranı qatıb. Elvin Baycan Məmməd İbrahimi sərt tənqid edib: "Hazırda AXCP-nin üzvüyəm. Mətbuat vasitəsi ilə Məmməd adlı qeyri-rəsmi müşavirə səslənərək bildirmək istəyirəm ki, mən partiyadan heç bir izahatla istefa verməmişəm və məni də heç kimsə partiyadan xaric etməyib. Partiya heç kimin şəxsi mülkü deyil ki, istədiyi kimi idarə edə. Hazırda alternativ AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsini dəstəkləyirəm. Burada qeyri-adi heç nə yoxdur. Burada birləşən mübariz insanlar Əli Kərimlinin, onun bir çox müavinlərinin etdikləri haqsızlığa görə bu gün yeni düşərgədə eyni bayraq altında birləşib fəaliyyətlərini davam etdirirlər".
Daha iki cəbhəçi narazılara qoşulub.
Əli Kərimlinin sədrlik etdiyi AXCP-dən uzaqlaşmalar davam edir. Belə ki, dünən axşam saatlarında narazıların açıqladığı məlumata görə, iki cəbhəçi AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinə qoşulub. Ramin Məmmədov adlı cəbhəçi verdiyi bəyanatında bildirib ki, 2014-cü ildən AXCP Saatlı rayon şöbəsinin üzvüdür: "Partiyada Ruslan Nəsirlinin məruz qaldığı haqsızlıqlara göz yuma bilmirəm. Bir partiyada Əli Kərimli kimi avtoritar insan sədrlik edirsə, orda mübarizə aparmaq mümkün deyil. Bu səbəbdən də mən AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəklədiyimi bəyan edirəm".
Nayib Şahbazov isə verdiyi bəyanatda qeyd edib ki, 2004-cü ildən AXCP Saatlı rayon şöbəsinin üzvü qismində fəaliyyətə başlayıb: "2005-ci ilin 26 noyabrında mitinqdə həbs olunmuşam. Partiyaya töhfələrim çox olub. Lakin partiya daxilində baş verən proseslərə münasibətim birmənalı deyil. Həsən Kərimovun, Fuad Qəhrəmanlının partiya daxilindəki "fironluğuna", Əli Kərimlinin yaratdığı avtoritar rejimə etiraz olaraq narazılara qoşuluram".
CAVİDAN