Müsavat Partiyasının VIII qurultayından narazı qalan şəxslər partiya rəhbərliyi ilə hüquq müstəvisində danışmaq istəyir.
Qurultayın nəticələrinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciətdən sonra, bu dəfə məhkəmədə iddia qaldırmaq planlaşdırılır. Qeyd edək ki, ötən həftə Müsavat Partiyasının qurultayının nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmək məsələsində fikir ayrılığı yaranmışdı. Narazıların bəzisi məhkəməyə müraciət etməməyi daha münasib gediş hesab edirdilər. Ancaq indi bəlli olur ki, artıq bu məsələdə mövqelər uzlaşdırılıb.
Narazılardan biri olan Müsavat Partiyası Suraxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli söyləyib ki, partiyanın son qurultayının nəticələrinin ləğvi üçün məhkəməyə müraciət edilməsi ilə bağlı narazılar yaranmış fikir ayrılığını aradan qaldırıb. Onun sözlərinə görə, bəzi dostlar elə biliblər ki, biz məhkəməyə müraciət etsək, Müsavat Partiyasının qeydiyyatı ləğv oluna bilər: "Biz isə onlara izah etdik ki, məqsədimiz qurultayın nəticələrini dəyişdirməkdir. Ondan sonra problem həll olundu və bir həftə ərzində məhkəməyə müraciət edəcəyik".
Rövşən Dəmirli onu da bildirib ki, hazırda hüquqşünaslar bu məsələ ilə bağlı sənədlər üzərində işləyir. Onun sözlərinə görə, Azərbaycanda məhkəmə instansiyaları iddianı təmin etməsə, qurultayın qərarlarının ləğvinə nail olmaq üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunacaq.
Narazıların bu addımını Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı ciddiyə almayıb: "Eqolarının idarə etdiyi adamlar millət üçün böyük işlər görə bilməz. Nə zaman ki, biz özümüzü milli məndən sonra görəcəyik, o zaman xalq olacağıq. Yalnız onda biz ideyalarımızı gerçəkləşdirə biləcəyik. Mən bu adamlara deməyə söz tapmıram. Sən necə müsavatçısan ki, Ədliyyə Nazirliyinə Müsavat Partiyasını ləğv etmək üçün müraciət edirsən, orada alınmayanda məhkəməyə qədər gedəcəyini deyirsən? Məgər bu insanlar bilmir ki, çoxlarının məqsədi Müsavat Partiyasını dağıtmaq, AXCP-nin gününə salmaqdır? Bu addımı atanlar açıq-aşkar bunun üçün çalışırlar. Biz deyəndə ki, onlar sifarişlə işləyirlər, niyə xətirlərinə dəyir? Özünü müsavatçı adlandırıb Müsavatı ləğv etmək üçün çalışanları başqa nə cür adlandırmaq olar? Anlamaq mümkün deyil. Onların heç bir arqumentini qəbul edə bilmirəm. Ən dəhşətlisi isə haqsız olduqlarını bilə-bilə bu işi görürlər".
Məclis sədri Müsavatın dağıldığı və artıq sıradan çıxdığına dair fikirlərə də etiraz edib: "Mənə qalsa, heç kəs getməli deyildi. Müsavat cəmi 14 nəfəri partiyadan kənarlaşdırdı. Mən bunu rahatlıqla yox, ürək ağrısı ilə deyirəm. Çünki bir nəfərin də hər hansı səbəbdən getməsi partiya üçün itkidir. Məsələ burasındadır ki, onların özləri Müsavatdan uzaqlaşmaq istəyirdilər. "Mən Müsavatın seçkili orqanlarını tanımıram, heç bir toplantısına qatılmıram" deyən, müsahibələri, açıqlamaları ilə Müsavat Partiyasına ziyan vuran şəxslərin partiyada qalması mümkün ola bilərmi? Dünyanın hansı ölkəsində partiyaya ziyan vuranları partiyada saxlayırlar? Belə bir fikir yaratmağa çalışırlar ki, guya fərqli fikirlilər partiyadan uzaqlaşdırılıb. Xeyr, Müsavatdan çıxarılanlar partiyanın ideya və prinsiplərinə ziyan vuranlardır. Müsavatda fərqli düşüncəyə hər zaman sayğı olub, bu ümumi prinsiplərə ziyan vurmayana qədər".
Xatırladaq ki, tərəflər mübahisələrinə gələn həftə məhkəmə vasitəsilə aydınlıq gətirəcək.
CAVİDAN