18 Sentyabr 2015 19:33
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tahir Kərimli : "Boykota çağıranlar bilirlər ki, deputat seçilmək imkanları yoxdur"

"Vəhdət Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkilərinə iki namizədlə qatılacaq".

Bu fikirləri partiya sədri Tahir Kərimli deyib. O qeyd edib ki, özündən başqa partiya funksioneri Akif Soltanov deputatlığa namizəd olacaq. Namizədliyini 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən irəli sürəcəyini deyən T.Kərimli hesab edir ki, bu dairədə real gücünü göstərə biləcək: "Güclü seçki kampaniyası təşkil edəcəyik. Seçicilərimi inandırıb qalib gəlmək imkanlarım var".

Onun sözlərinə görə, partiyanın Baş Məclisi seçkilərdə iştirak haqqında qərar verib: "Siyasi Şura, sədr aparatı, müşavirlərə, rayon və şəhər şöbələrinə tapşırılıb ki, seçki üzrə aktiv təbliğat-təşviqat məsələləri ilə məşğul olsunlar. Eyni zamanda Mərkəzi Seçki Komissiyasına 19 nəfər səlahiyyətli nümayəndə, 2 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə ayrılıb. Partiyadan cəmi 2 nəfərin namizədliyi irəli sürüldü. Digər üzvlərimizə bildirdik ki, namizədliklərini müstəqil şəkildə versinlər. Maliyyə çətinliklərimiz olduğundan bu sayda namizəd irəli sürə bildik. Ola bilər yığışıb yenidən kiminsə namizədliyini verdik, amma üzvlərimizə tövsiyə elədik ki, seçkiyə müstəqil şəkildə qatılsınlar. Elə olub ki, 46 namizədlə seçkiyə getmişik, amma uğur qazanmamışıq. Partiya hamıya təminat verə bilməz ki, seçkiyə gedirsənsə, mütləq qalib gələcəksən. İmkanımız da yoxdur ki, xərcləri partiya öz üzərinə götürsün. Baş məclisin 63 üzvü var, iclasda 50-dən çox şəxs iştirak etdi, qərar da yekdilliklə qəbul edildi".

O, seçkiləri boykot çağırışlarını da şərh edib: "Həyat sübut edir ki, boykot partiyaya xeyir gətirmir. Partiyamız boykot çağırışı edənlərin səmimiyyətinə inanmır. Seçkini boykota çağıranlar bilirlər ki, deputat seçilmək imkanları yoxdur. Ona görə də seçkiyə getmirlər. Vəhdət Partiyası boykot qərarının tam əleyhinədir. Vaxtilə biz də bir neçə dəfə boykot qərarların qoşulmuşuq, amma görmüşük ki, heç güclənməmişik, əksinə, uduzmuşuq. Yadımdadır, hamı seçkiləri boykot edəndə, AXCP seçkidə iştirak etməklə öz strukturlarını möhkəmləndirirdi, nümayəndələrinə rayon və şəhərlərdə kommersiya imkanları yarandı. Amma boykota gedən partiyalar məhrumiyyətlər yaşadı. İndi seçkiləri boykota çağıranlar vaxtilə özləri seçkilərdən faydalanıblar. Heç kəsdən gizlətmirəm, istənilən partiya parlamentdə təmsil olunanda dövlət büdcəsindən həmin partiyanın maliyyələşmə imkanı yaranır, işçilər əmək haqqı alır, gələcəkdə pensiya təminatı yaranır, üzvlərinin seçki komissiyalarında təmsilçilik imkanları olur. Yüzlərlə partiya üzvü fəallaşır, partiya güclənir. Vaxtilə Müsavat Mərkəzi Seçki Komissiyasına nümayəndə verdi, aşağı orqanlara dedi ki, seçkini boykot edin. Nəticədə seçki komissiyalarında təmsil olunmadılar. Və yüzlərlə insan məntəqələrdə iştirakdan məhrum oldular. Belədə 5 ilin içərisində Müsavat zəiflədi. Hesab edirəm ki, seçkidə iştirakla partiyalar həm də özlərini gücləndirir".

T.Kərimli Avropa Parlamentinin son qətnaməsinə də münasibətini açıqlayıb: "Doğrudan da, Avropanın demokratiya istədiyinə görə bizi tənqid etdiyinə inansam, köçüb Avropada yaşayıram. Həyat göstərdi ki, demokratiya şüarı adı altında tam sabit olan, çiçəklənmə dövrünü yaşayan İraqı, Suriyanı, Liviyanı nə günə qoydular. Ukrayna hələ də xaosdan çıxa bilmir. Yüz minlərlə insan qaçqın düşüb, min illərlə qurulan sivilizasiya məhv edilir. Avropa Suriyada olduğu kimi, Azərbaycanda da insanların bir-birini qırmasını istəyir. Azərbaycanda bu gün hakimiyyətə alternativ yoxdur. Bunu deyəndə bizi hakimiyyətə yarınmaqda ittiham edirlər. Cavab versinlər, İlham Əliyevin yerinə kim sabitliyi yaradacaq? Kiminsə gücü, kadrı, sabitlik imkanları varmı? Hansı ciddi adam deyə bilər ki, hakimiyyətə gəlib sabitlik yaradacağam? Əlbəttə, ədalətsizliyə, inhisarçılığa, insanların kasıblığına müxalifətəm. İddiaları ilə real gücü düzgün gəlməyənlərə də müxalifəm. Avropa Parlamentinin qətnaməsini qəbul edənlərə yem verənlər hakimiyyətə gələ bilməz. Gəlsələr belə Azərbaycanı Suriyadan başqa heç bir tale gözləmir. İddia olsa da, real güc yoxdur. Heç olmazsa, olan sabitliyimizi qoruyaq. Prezident düzgün, balanslı siyasət yeridir, bunların ürəyi partlayır ki, niyə Rusiya ilə münasibətlər pisləşmədi. Biz Avropa Birliyinə biət etməliyik? Azərbaycan müstəqil dövlətdir, öz maraqları var və ona uyğun də hərəkət edir".

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər