21 Sentyabr 2015 14:17
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc fəal Bəxtiyar Hacıyev noyabrın 1-də keçiriləcək parlament seçkilərinə namizəd kimi qatılıb-qatılmayacağına aydınlıq gətirib.

B.Hacıyev hesab edir ki, namizədliyinin irəli sürülməsi üçün az da olsa, vaxt var: “Dairələrdə namizədlərin son durumunu, xüsusilə 2010-cu ildə namizəd olduğum 17 saylı Yasamal 3-cü seçki dairəsini müşahidə edirəm. Əgər burada hakimiyyət hansısa namizədi əsas namizəd kimi dəstəkləməsə, hazırkı namizədlərdən daha çox şansım olduğunu, o dairədən onlardan daha çox iş görə biləcəyimi, daha faydalı olacağımı görsəm, son günlərdə də olsa, namizədliyimi verə bilərəm”.

Gənc fəalın fikrincə, hazırda sözügedən dairədən namizədliyini irəli sürmüş şəxslərin heç biri istər ictimai-siyasi təcrübə və müəyyən dairələrdə tanınmaq baxımından, istərsə də o dairədə seçicilərlə iş baxımından ondan daha şanslı və uğurlu namizəd deyil: “Son anda başqa bir tanınmış, təcrübəli, daha bacarıqlı bir namizəd çıxmasa, namizədliyimi verə bilərəm”.

O, gənclərin və qadın namizədlərin sayının ötən seçkilərə nisbətən çoxalması faktına da münasibətini açıqlayıb: “Gənclər və xanımların namizədlikləri çox müsbət haldır. Amma kiməsə sadəcə gənc və ya sadəcə xanım olduğuna görə səs vermək lazım deyil. Gənc namizəd də, xanım namizəd də öz təhsili, keçmiş təcrübəsi, ictimai-siyasi təcrübəsi ilə Milli Məclisə layiq namizəd olduğunu göstərməlidir. Məsələn, Harvard Universitetinin məzunu Vüsal Hüseynovla bağlı müsbət fikirləri sosial şəbəkələrdə əminliklə yazmışam. Onun təcrübəsi də, təhsili də, Azərbaycanın gələcəyini daha gözəl görmək istəyi də Vüsal Hüseynovun Milli Məclis üçün çox yaxşı namizəd olduğunu göstərir və inanıram ki, seçicilərlə qısa ünsiyyətdən sonra, onlar da bunu hiss edəcəklər. Ancaq bütün gənc namizədlər, yaxud xanım namizədlər haqqında bunu demək olmaz”.

O, parlament seçkilərində kiməsə təbliğat-təşviqat kampaniyası ilə bağlı dəstək vermək fikrində olmadığını açıqlayıb: “Hazırda namizəd olan dostlarımızdan bir çoxu məsləhətləşmələr üçün müraciət edirlər, seçki mesajının formalaşdırılması, sosial şəbəkələrdə təbliğatın qurulması, müxtəlif vizual materialların hazırlanması, rəqiblərin araşdırılması, ortaya çıxa biləcək zərbələrə qarşı tədbirlərin alınması və s. kimi bir çox mövzuda məsləhətləşirik. Ancaq tam iş olaraq heç bir namizədə təbliğat-təşviqat kampaniyası zamanı dəstək vermək fikrim yoxdur. Əgər namizəd olsam, öz kampaniyama vaxt sərf edəcəyəm. Namizəd olmasam, hazırda üzərində işlədiyimiz bir çox layihələr kifayət qədər vaxt tələb edir, onlarla məşğul olacağam”.

B.Hacıyev 2010-cu ildəki parlament seçkilərində apardığı fərqli kampaniya ilə bağlı da danışıb: “Keçən seçkilərdə cəmi 23 gün təbliğat imkanımız olsa da, heç kimin tanımadığı bir namizəd kimi kifayət qədər təcrübəli, tanınmış rəqiblərlə yarışdıq və bir çoxlarını həm seçki kampaniyasının aparılmasında, həm də nəticələrdə geri qoyduq. Ancaq uğurlu seçki kampaniyasının aparılması çox şey demək olsa da, hələ hər şey demək deyil”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər