Paraqvayın Milli Konqresinin Deputatlar Palatası Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə bağlı bəyanat qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumatda bildirilir.
10 sentyabr 2015-ci il tarixində Paraqvay Respublikasının Milli Konqresinin Deputatlar Palatasının plenar iclasında qəbul edilmiş bəyanatda Dağlıq Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğunu bir daha təsdiq edilir, Azərbaycan Respublikasının ərazisinin Ermənistan Respublikası tərəfindən işğal edildiyi, Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilmiş hərbi əməliyyatların minlərlə insanın qətli, əsir və itkin düşməsi, məcburi köçkünə çevrilməsi ilə nəticələndiyi bildirilir.
Bəyanatda Paraqvay Deputatlar Palatası Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətini təsdiq edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və BMT Baş Məclisinin müvafiq sənədlərinə uyğun həllinə çağırır.
Paraqvay Deputatlar Palatası bu bəyanatla münaqişənin qurbanına çevrilmiş insanların ağrısını bölüşdüyünü qeyd edərək, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunduğu kimi sülh şəraitində birgə yaşayış, insan hüquqlarına hörmət və dialoqun vacibliyini bildirir.