22 Sentyabr 2015 20:52
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Zifəroğlu: “İş adamlarımız Avropanın İranda iqtisadi maraqlarının yol göstərəni kimi çıxış edə bilər”

İran və “altılıq” ölkələri arasında nüvə proqramı ilə bağlı Vyanada aparılan danışıqlar nəticəsində razılığa gəldikdən sonra bir sıra ölkələr bunun regiona təsirləri barədə müxtəlif fikirlər irəli sürürdü.

Tərəflər arasında olan sazişə əsasən monitoriqlər on il müddətində həyata keçiriləcək. Eyni zamanda İran uranın zənginləşdirilməsi üzrə indiki gücünün üçdə ikisini dayandıracaq. Bundan başqa, İran zənginləşdirlmiş uran ehtiyatlarının böyük hissəsini ya zəiflədəcək, ya da xaricə göndərəcək.

Sazişin başqa bir bəndi Tehranın sentrifuqaların sayını 19 mindən 6 minədək azaltmasını nəzərdə tutur.
Uzun illərdir ki, İranın nüvə proqramına görə Qərb ölkələrinin ona qarşı sanksiyaları fəaliyyətdədir. Qərb şübhələnir ki, Tehran dinc atom proqramı pərdəsi altında nüvə silahı hazırlayır.

İranla müzakirələr BMT Təklükəsizlik Şurasının beş daimi üzvü və Almaniya (5+1) arasında aparılırdı. Müzakirələrdə əsasən iki məsələ ətrafında razılığın əldə olunmadığı deyilirdi. Əvvəla, 5+1 ölkələri rəsmi Tehrandan nüvə çalışmalarını 10 il müddətinə dayandırmağı, sonrakı 5 il ərzində isə tədricən bu prosesə başlamağı tələb edirdi.

Uzun müzakirələrə səbəb olan digər məsələ qonşu ölkəyə qarşı tətbiq olunan sanksiyaların ləğvində düyünlənmişdi. 5+1 ölkələrinə görə, sanksiyalar tamamilə ləğv olunmamalı, ona sadəcə müəyyən ara verilməliydi. Xeyli gərgin keçən müzakirələrdə razılığa gəlinən ikinci məqam barədə konkret heç nə deyilməsə də, "altılığ"ın sanksiyalar məsələsində güzəştə getdiyi təxmin olunur.

Yukiya Amano Parçin obyektinə baş çəkib

Sazişin əldə edilməsindən sonra bu günlərdə ilk dəfə olaraq, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano İranın Parçin obyektinə baş çəkib. O, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Şurasını məlumatlandırıb. Y.Amano səfər zamanı İran prezidenti Həsən Ruhani və digər məsul şəxslər, eləcə də parlament nümayəndələri ilə görüşüb. Onun sözlərinə görə, artıq İranla “altılıq” ölkələri arasında nüvə məsələsində əməkdaşlığa dair “yol xəritəsi”nin həyata keçirilməsində müəyyən irəliləyiş var.

Baş direktor səfəri öncəsi Parçindəki obyektin müəyyən hissəsindən ekoloji nümunələr götürüldüyü də diqqətə çatdırıb: “Nümunə toplanması çətin prosesdir. Bu prosesə İran tərəfi də cəlb olunub və bu, beynəlxalq tələblərlə ziddiyyət təşkil etmir. Hazırda həmin nümunələr Vyanaya göndərilib və tezliklə agentliyin mütəxəssisləri tərəfindən təhlil ediləcək”.

Məsələyə münasibət bildirən “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu deyib ki, Vyanada əldə edilən razılaşma yeni bir düzənin təməllərinin atılması idi. Onun sözlərinə görə, Yaxın Şərq başda olmaqla bütün dünya İranın beynəlxalq sistemə dönüşünə şahidlik etməkdədir: “Həm ABŞ prezidenti Barak Obama, həm iranlı həmkarı Həsən Ruhani verdikləri açıqlamalarla üstüörtülü şəkildə işbirliyinə eyham vurdular. Əslində, bu açıqlamaların ardınca dərhal iqtisadi sahədə ciddi əməkdaşlığın başlayacağını ehtimal etmək sadəlövhlük olardı. Lakin əldə edilən razılaşma orta və uzaq gələcəkdə birgə atılacaq son dərəcə önəmli siyasi və iqtisadi addımların müjdəçisidir. İran böyük neft-qaz ixracatçısı olaraq dünya bazarına çıxış əldə etməklə ciddi iqtisadi gücə çevrilə bilər”.

V.Zifəroğlu deyib ki, Vyana razılaşmasının Azərbaycana təsiri ilə bağlı birmənalı fikir yürütmək olmur: “Ona görə ki, bunun həm siyasi, həm iqtisadi tərəfləri var. Siyasi tərəfdən götürsək, İranın Azərbaycana qarşı heç vaxt səmimi münasibəti olmayıb. Bu ən azından orada olan 30 milyonluq azərbaycanlıya, mühafizəkar qüvvələrin bizə olan münasibətinə görədir. Bu mənada deməzdim ki, siyasi cəhətdən bu razılaşmanın Azərbaycana müsbət təsiri var. Yumşaq şəkildə desək, ölkəmizin cənubunda güclü bir İran dövlətinin olması bizim üçün arzuolunan deyil.

İqtisadi nöqteyi-nəzərindən götürsək, İran böyük neft-qaz ixratcatçısıdır. Bu baxımdan da İranın dünya bazarına girməsi bizim üçün uğurlu hesab olunmur. Başqa bir məqam odur ki, Azərbaycanla İran bir-birini yaxşı tanıyan və bilən iki ölkədir. İndiki məqamda Avropa ölkələri İrana daxil olmağa çalışır və orada iş qurmaq istəyirlər. Bizim iş adamları İranın daxilində bir logistik mərkəz qurmaqla kompas rolunu oynaya bilərik. Yəni, bu iş adamları Avropanın İranda iqtisadi maraqlarının yol göstərəni kimi çıxış edə bilər. Bundan həm iş adamları, həm dövlətimiz xeyli gəlir əldə edə bilər”.

V.Zifəroğlunun sözlərinə görə, TANAP və TAP milli maraqlarımız olan layihələrdir: “Azərbaycan və Türkiyə bu layihənin reallaşması üçün çalışır. Düşünürəm ki, İran bu layihələrə cəlb edilə bilər. İran öz ixracını bu layihə üzərindən həyata keçirsə, biz bundan da qazana bilərik.

Hər şey ondan asılıdır ki, birinci danışıqlar hansı istiqamətdə cərəyan edəcək, ikinci, biz məsələyə hansı aspektdən baxırıq. Yəni, bunun müsbət və mənfi tərəfləri var. Ona görə də məsələ ilə bağlı birmənalı fikir bildirmək olmaz. Son dövrlər Azərbaycan-İran münasibətlərində isti yanaşmaların olması onu deməyə əsas verir ki, biz Vyana razılaşmasından mübət mənada yararlana biləcəyik”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər