Yaxud Paşa Məmmədov İlisuyskiy kimdir?
Parlament seçkiləri yaxınlaşdıqca marafona qatılanların əsəbləri də tarıma çəkilir. Hərə özünə uyğun bildiyi bir şəkildə, olan və olmayan xidmətlərini qabartmağa, reallıqda və ya xəyallarında keçdiyi yolun astarını üzünə çevirib ARXAlığını gizlətməyə calışır...
Özünü tanımayan və özünü tanıda bilməyənlər isə ən yaxşı halda 40 gün ömrü olan yalan qaşığıyla kiçicik fincanda “fırtına” qoparır, sosial şəbəkələrdə meydan sulayırlar...
Bu məqsədlə, daha doğrusu “millət vəkili” adına iddia edən yeni simaları tanımaq və tanıtmaq amacı ilə yola çıxdıq və yolumuzda ilk baxışda olduqca “maraqlı” və ziddiyyətli bir persona ilə qarşılaşdıq. Söhbət populyarlıq qazanmaq üçün bütün mümkün vasitələrdən istifadə edən, Bakıdan vurub... Dubaydan geri çağırılan, Dubaydan geri çağırıldıqdan sonra Ukraynaya çağırılmamış qonaq kimi gedən və öz portret cizgilərini çeşidli boyalarla itirməyə çalışan 112 saylı Qax seçki dairəsindən namizədliyini irəli sürmüş Paşa Məmmədovdan gedir. Əgər bu adam özünü “Pasha Mammadov İlisuyskiy” kimi təqdim etməsəydi, bəlkə də heç onun sosial şəbəkələrdə İlisu sultanına, yaxud knyazına xas ədayla çəkdirdiyi fotoşəkillərə də diqqət yetirmək kimi bir əzaba qatlaşmazdıq... Adam “Xaç atası” filminə çox baxıb deyəsən, amma anlaya bilməyib ki, Don Vito Karleone vəhşi kapitalizmin təmsilçisi olub və onun Karl Marksın “Kapital” əsəri ilə yaxından-uzağa heç bir əlaqəsi yoxdu...
Paşa Məmmədovun özünü nə üçün “İlisulu” deyil, “İlisuyskiy” kimi təqdim etməsinə gəldikdə isə, bunun “sultanlıq” iddialarından qaynaqlandığı şübhə doğurmur. Şübhələrimizi əsaslandıran faktlar da var, təbii ki...
İlisu sultanlığının adı rus dilində olan bütün mənbələrdə “İlisuyskiy sultanat” kimi keçir... İlisu sultanı da, şübhəsiz ki, “Sultan İlisuyskiy” adlandırılır... Bunun üzərinə Paşa Məmmədovun özünü onu yaxşı tanımayanların yanında “İlisu sultanının nəslindən olan şəxs” kimi qələmə verməsini əlavə etsək, mənzərə tamamilə aydın olur. Həm də bu “nəsil” məsələsi də elə-belə, səbəbsiz ortaya çıxmayıb... Öncə Dubayda, daha sonra isə Ukraynada qafqazlılara yaxınlaşmaq üçün bir vasitə kimi düşünülüb...
Paşa Məmmədov sosial şəbəkələrdəki səhifələrində özünü Azərbaycanın Dubaydakı keçmiş konsulu və diplomat kimi təqdim edir... Amma kiçik bir araşdırmamız nəticəsində bəlli oldu ki, cənab “İlisuyskiy” konsul yox, konsul müavini olub və cəmi 1 ildən sonra hansı səbəblərdən geriyə çağırıldığına, XİN sistemindən nə üçün uzaqlaşdırıldığına bu günədək aydınlıq gətirməyib...
Paşa Məmmədov elə bu müstəvidə Gürcüstandakı əlaqələri barədə də susmağa üstünlük verir... Amma susmaqla iş bitmir ki... Necə deyərlər, “susacaqsan, faktlar danışacaq”...
Cənab “İlisuyskiy” özünü hələ də “diplomat” adlandırır...
"Diplomat" sözünün isə bir neçə mənası vardır:
1.Diplomat — beynəlxalq hüquqda Xarici İşlər Nazirliyinin xarici dövlətlər və onların səlahiyyətli nümayəndələri ilə rəsmi əlaqə üçün təyin edilmiş vəzifəli şəxsi.
2.Diplomat (məcazi mənada) — öz məqsədinə çatmaq üçün insanlarla münasibətdə incəlik və xüsusi psixologiya nümayiş etdirən insan.
3. Diplomat (portfel) — kiçik yastı çemodan.
Paşa Məmmədovun diplomatik xidmətdən birdəfəlik uzaqlaşdırıldığını nəzərə alsaq, birinci mənanın ona aid olmadığı qənaətinə gəlmək olar.
Diplomat sözünün ikinci mənasının da “İlisuyskiy”yə heç bir aidiyyatı yoxdur. Yəni xaraktercə diplomat olan şəxs sosial şəbəkələrdəki statuslarından birində əleyhinə olanları “erməni” adlandırmazdı. Hərçənd ki, “erməni” məsələsinə bir az fərqli kontekstdən də yanaşmaq mümkündür...
“İlisuyskiy” indiki davranışları və statusu ilə bənzəsə..., yalnız diplomata, yəni kiçik yastı çamadana bənzəyə bilər. Onun yastı-yastı iş görməyə alışıq olması və başqalarının əlində daşınmağa vərdiş etdiyini göz önünə alsaq, “diplomat” məsələsi lap yerinə düşür... Adı da olur dördpilləli: “diplomat” Paşa Məmmədov İlisuyskiy...
Bu arada bir məqamı da xatırlatma yerinə düşərdi: Paşa Məmmədov özünü həm də “Qafqaz Xalqlarının Ümumukrayna Konqresinin sədri” kimi təqdim edir... Amma bu gurultulu adı olan QHT-nin ikinci üzvünü belə ortalığa çıxara bilmir.
Ukraynadakı real diaspor qurumlarından əldə etdiyimiz məlumata, cənab “İlisuyskiy”in təşkilatında ikinci adam axtarışına çıxanlara böyük məbləğdə mükavad da vəd etmək olar. Çünki son nəticədə mükafat onu vəd edənin cibində qalacaq...
Ukrayna qanunvericiliyinə görə, bərli-bəzəkli, gurultulu adı olan QHT-lərin qeydiyyatdan keçirilməsi bir neçə saatın işidir. Hətta xarici ölkə vətəndaşları da heç bir əziyyətə qatlaşmadan QHT yarada və özlərini bu qurumun rəhbəri təyin edə bilərlər – “Diplomat” Paşa Məmmədov İlisuyskiy kimi...
Bu qədər...
Araşdırmalarımızı davam etdiririk...
Murad Yenigun