Müsavat rəhbərliyi “Ağ Blok” elan edərək partiyadan kənar seçkilərə gedən Tural Abbaslını indiki həssas məqamda cəzalandırmaq niyyətindən daşınıb. Qərara alınıb ki, 1 noyabr parlament seçkilərindən dərhal sonra Abbaslı ilə bağlı qəti qərar verilsin. Partiya rəhbərliyi hesab edir ki, Abbaslını təşkilatdan çıxarmaq əlavə səs-küyə səbəb olacaq ki, buna da indiki həssas dövrdə ehtiyac yoxdur.
Tural Abbaslı isə Müsavatdan kənar fəaliyyətini genişləndirir. Bu haqda “Ağ Blok”un liderinin özü məlumat verib: “Bizim blokun xətti ilə namizəd olan şəxslər artıq müvafiq Dairə Seçki Komissiyalarından imza vərəqələrini götürüblər, hazırda imzatoplama kampaniyası gedir. Onlardan bir nəfəri isə imza vərəqələrini dolduraraq DSK-ya təqdim edib. Digər namizədlər də imzatoplama kampaniyasını tamamlamaq üzrədir. Yaxın günlərdə hər kəs imza vərəqələrini müvafiq DSK-lara təqdim edəcək. Məlumat üçün deyim ki, “Ağ Blok” xətti ilə səkkiz nəfər namizədliyini irəli sürüb. Onlardan beşi Müsavat Partiyasının üzvüdür. Eyni zamanda KXCP və Ümid Partiyasının da üzvləri var. Müsavatın üzvü olan şəxslər Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Elşən Həsənov, Elbəy Əsədov və mənəm. KXCP-dən isə bir nəfər namizədimiz var. Daha iki namizədimiz isə Ümid üzvüdür”.
“Adımı siyahıya salmadılar”
Tural Abbaslı deyib ki, 5 nəfər Müsavat üzvünün blok tərəfindən irəli sürülməsinə partiya hər hansı narazılıq etməyib. Onun fikrincə, əslində, buna görə, partiyanın onlara narazılıq etməyə də haqqı yoxdur: “Çünki bu beş nəfərin hamısının namizəd olacaqlarını partiyada bilirdilər. Təəssüf ki, Məclisdə namizədlərin siyahısını təsdiq edəndə bu şəxslərin adlarını siyahıya salmadılar. Səbəb də o oldu ki, guya bizlər hansısa məchul ərizəni doldurmamışıq. Bizdə olan xəbərə görə isə ilkin siyahıda adımız olub. Bir daha qeyd edirəm ki, onlarda bu haqda informasiya var idi. Ancaq təəssüf ki, bunu etmədilər. Əslində, bizim buna ehtiyacımız yox idi. Ancaq şəxsən mənim partiya qarşısında xidmətlərim olub, Müsavatın funksioneriyəm, məhbus həyatı yaşamışam. Buna baxmayaraq mənim adımı siyahıya belə salmadılar. Biz onsuz da seçkidə iştirak edəcəyik”.
“Cəza tədbirlərindən başqa heç nə görməmişik”
“Ağ Blok” təmsilçisi daha sonra qeyd edib ki, sentyabrın 27-də Arif Hacılının başqan seçilməsinin bir ili tamam olacaq: “Təklif edirəm ki, Müsavatın indiki başqanı geniş bir mətbuat konfransı təşkil etsin və yaxın bir ildə gördüyü işlərlə bağlı hesabat versin. Biz də baxaq görək ki, onun son bir ildə başqan kimi fəaliyyəti nədən ibarət olub. Hər halda biz son bir ildə Müsavat Partiyasının üzvlərinin təşkilatdan çıxarılması, onlara qarşı cəza tədbirlərinin həyata keçirilməsindən savayı heç nə görməmişik. Əgər Arif Hacılı, doğrudan da, bir fəaliyyət göstəribsə, mətbuat konfransı təşkil edib bu haqda məlumat versin”.
“Ağ Blokun” təsisçisi daha sonra bəyan edib ki, onlar Müsavat Partiyasının üzvləridirlər: “Biz partiyanın üzvüyük və ümumi tədbirlərdə iştirak edirik. Müsavatın bərpası, Rəsulzadənin doğum və vəfat günləri ilə bağlı mərasimlərdə iştirak edirik. Eyni zamanda üzvü olduğumuz dayaq dəstəsinin toplantılarında iştirakımız vacibdir. Toplantı təşkil olunursa və bizə məlumat verilirsə, orada iştirak edirik. Biz Müsavatın ümumi maraqlarından çıxış edirik, müsavatçılığı təbliğ edirik, Arif Hacılını təbliğ etmək niyyətində deyilik”.
CAVİDAN