Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sentyabrın 27-də keçirdiyi qurultayı növbəti Müsavat-AXCP qarşıdurmasına səbəb olub.
Müsavat Partiyasının rəsmiləri AXCP-nin qurultayını demokratiyadan uzaq adlandırıblar.
Yada salaq ki, ötən ilin elə eyni günündə Müsavat Partiyası qurultay keçirmişdi. Dəvətli olsalar da, AXCP funksionerləri qurultaya qatılmamaqla yanaşı, qurultayın nəticəsini şübhə altına salan açıqlamalar vermişdilər.
Bu dəfə isə qiymətləndirmək funksiyasını öz üzərinə götürən müsavatçılar AXCP-nin qurultayını şərh ediblər.
"Alternativ olmadığı üçün qurultay da maraqsız keçdi"
Müsavat Məclisinin üzvü, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli AXCP-nin qurultayının sönük keçdiyini deyib: "AXCP-nin "növbətçi" qurultayı qısa zamanda başa çatıb. Sahib Kərimlinin namizəd olmaq istəyi də bu qurultaya rəng qata bilməyib. Çünki Əli Kərimli gizli səsverməyə razı olmadığı üçün, o, namizədliyini geri götürüb. Alternativ olmadığı üçün qurultay da maraqsız keçdi".
M.Hacıbəylinin fikrincə, müxalifətdə Müsavatın demokratiya dərsini əxz edə bilən təşkilat yoxdur.
"Qurultayın azad və ədalətliliyindən danışmaq yersizdir"
Müsavat Divanının üzvü Nemət Kərimli də AXCP-nin qurultayının demokratik keçirilmədiyinə diqqət çəkib: "Seçkinin azad olması üçün ən birinci şərt onun gizliliyi prinsipi, ədalətli olması üçün say komissiyasının formalaşdırma qaydasıdır. Əlbəttə, azad və ədalətli seçkidən danışdıqda bərabər, ümumi, birbaşa, təşviqat və təbliğatın maneəsiz həyata keçirilməsi şərtləri də vacibdir. AXCP qurultayında gözlənilən seçkilər buna cavab vermədiyindən onun azad və ədalətliliyindən danışmaq yersizdir".
N.Kərimli qeyd edib ki, açıq səsvermənin keçirilməsi gizlilik prinsiplərini pozur və bu, azad seçki hesab edilə bilməz.
"Gizli səsvermə seçkili demokratiyanın ilkin şərtidir"
Müsavatçıların böyük kəsimi AXCP-nin açıq səsverməsini tənqid hədəfinə çeviriblər. Müsavat başqanının müavini Elman Fəttah da tənqidçilər sırasında çıxış edib. O qeyd edib ki, seçkili demokratiyanın müxalif düşərgədə mənimsənilməsinə nail ola bilməyiblər: "Onlar hələ də "demokratiyanı hakimiyyətə gələndə tətbiq edərik" kimi qorxulu arqumentlə demokratiyanın əlifbasını, ilk düsturuna qarşı müqavimət göstərməyə davam etməkdə israrlı görünürlər. Seçkili demokratiya demokratiyanın əlifbası, gizli səsvermə seçkili demokratiyanın ilkin şərtidir. Demokratlar bunu çoxdan mənimsəyib. Demokratlığa iddia edənlər bu prinsiplərin tətbiqinin zəruriliyini dərk edirlər. Tətbiq etməkdən imtina edənlər isə yanlış yapırlar. Ha bu gün, ha sabah, günün birində zatən bu prinsipləri qəbul etmək məcburiyyətə çevriləcək. Səsvermənin gizliliyi, namizədliyin alternativliyi, təbliğat və təşviqatda imkan bərabərliyi, bütün bunlar möcüzə deyil. Həqiqi demokratik təşkilatların sadə prosedur vərdişləridir. Əgər bu vərdişlər mənimsənilməyibsə, hətta hələ də "özünü idarətməyə" buraxılmırsa, belə təşkilatın profili müqavimət qrupu, anti-iqtidar qrupu, lokal ideoloji qrup və s. ola bilər. Amma onun profili demokratiya ola bilməz. Demokratiya uğrunda demokratiyasız mübarizə olmur".
Nərgiz