Müsavat Partiyasının ötən il sentyabrın 27-də keçirilmiş qurultayın nəticəsindən narazı olan keçmiş müsavatçılar yaxın günlərdə qurultayın nəticəsinin ləğvi ilə bağlı Binəqədi rayon məhkəməsinə müraciət edəcək.
Bu fikirləri keçmiş müsavatçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Rahib Mirələmov deyib.
O xatırladıb ki, daha öncə Müsavatın 8-ci qurultayının nəticələrinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib: “Bizə cavab olaraq məhkəməyə müraciət etmək tövsiyə olundu. Bu istiqamətdə hazırlıq gedir, sənədlər bir-iki günə həll olunacaq”.
ADR funksioneri hərəkat üzvlərinin fərdi olaraq parlamant seçkilərinə qatılıb-qatılmayacağı məsələsinə də toxunub: “Hərəkatımızın üzvlərindən Vurğun Əyyub 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizədliyini irəli sürüb. İmzatoplama kampaniyası artıq yekunlaşıb, sənədlər dairə seçki komissiyasına təqdim olunub”.
O, hazırda ABŞ-da səfərdə olan ADR sədri Qubad İbadoğlunun yaxın zamanda Azərbaycana dönəcəyini də bildirib: “Qubad bəy Azərbaycana gəlməkdə qərarlıdır. Orada mühüm görüşləri var, mütəmadi olaraq sosial şəbəkələrdə bu görüşlər barədə məlumatlar verir, özü vətənə qayıdacaq”.
NƏRGİZ