“AŞPA-nın bu sessiya tamamilə Azərbaycanda qarşıdakı 1 noyabr parlament seçkilərinin seçki müşahidə missiyasını nəzərdən keçirmək yaxud təsdiqləmək təklifinə dair səsvermə vasitəsilə Büronun qəbul edəcəyi və plenar iclasda təsdiqlənməli olan qərarla xarakterizə olundu”.
Bu fikirləri millət vəkili Elxan Süleymanov deyib. Onun sözlərinə görə, digər mühüm hadisələrə EPP qrupunda AŞPA-nın gələcək sədrinin seçilməsi, sosialistlərin yeni liderinin seçilməsi və son olaraq, assambleyanın baş katibinin seçilməsi daxil idi: “AŞPA-nın iki komitəsində işğal edilmiş Dağlıq Qarabağa dair birbaşa bəyanatlar verildi və məruzələr elan edildi.
Eyni zamanda artıq üçüncü dəfə idi ki, sədr Ann Brassör və baş katib Saviçki Azərbaycana seçki müşahidə missiyasını “nəzərdən keçirilmək” üçün Büronun gündəliyinə daxil edirdi. Bir neçə həftədən bəri aydın idi ki, onlar beynəlxalq aləmdə Azərbaycanı gözdən salmaq və təcrid etmək məqsədilə bütün seçki müşahidə missiyalarını ləğv etmək niyyətində olan korporativ qüvvələrin bir hissəsidir.
Avropa Parlamenti, ATƏT/DTİHB və ATƏT Parlament Assambleyasının bütün seçki müşahidə missiyalarını ləğv etmək barədə qərarından sonra bu qurumların rəhbərləri Azərbaycanın tam təcrid edilməsi və qarşıdakı seçkilərin öz etibarlılığını tamamilə itirməsi məqsədilə AŞPA-nı da eyni addım atmağa çağırdı. Digər Avropa institutlarının da bu nümunəyə uyğun hərəkət etməsi üçün AŞPA-nın bütün aidiyyəti şəxslərinə böyük təzyiq göstərilirdi. Məmurlardan ibarət ofis olan ATƏT/DTİHB bu çirkin geosiyasi oyunda başlıca rol oynayırdı. Heç bir seçilmiş nümayəndə onlara nəzarət etmir və onlar sırf xüsusi şəxsi siyasi proqrama malik ofisdir. Bu səbəbdən son illər DTİHB-nin bütün digər beynəlxalq təşkilatlarla xeyli münaqişəsi olmuşdu. Eyni zamanda bu dəfə ATƏT/DTİHB-nin Azərbaycan hakimiyyətinə etdiyi müraciətlər o dərəcədə absurd idi ki, belə qənaətə gəlmək olar ki, bu təkliflər qəbul edilmək üçün irəli sürülməmişdi. ATƏT-in direktoru Link müşahidə missiyasını ləğv etmək qərarı verdikdə bütün digər təşkilatlara da belə qərar vermələri üçün təzyiq göstərilməsinə yol açıldı. Əksər müşahidəçilər, şübhəsiz, AŞPA-nın DTİHB-nin mövqeyini təkrarlayacağını və beləliklə, 1 noyabr seçkilərində heç bir beynəlxalq təşkilatın iştirak etməyəcəyini gözləyirdi.
Bu, AŞPA Bürosunun Azərbaycana dair qərarının yüksək əhəmiyyətini izah edir. Nəticə etibarilə, müdriklik üstün gəldi və Büroda baş tutan həlledici səsvermədə 17 səs lehinə, 10 səs əleyhinə olmaqla, qələbə əldə edildi, çünki həqiqətən də AŞPA-nın bu seçki müşahidə missiyasına haqq qazandıran bir çox arqumentlər vardı. Vurğulamaq istərdim ki, Sədarət Komitəsində də Andreas Qross istisna olmaqla, üzvlər seçki müşahidə missiyasının göndərilməsinə səs verdilər.
Bakıya sözügedən seçkiqabağı missiya zamanı (21-22 sentyabr) Avropa Şurası baş katibinin nümayəndəsi, Avropa Şurası Bakı ofisinin rəhbəri vurğuladı ki, 5 il əvvəl keçirilmiş son parlament seçkilərindən bəri irəliləyiş əldə edilib və ölkə təcrid edilməməlidir. Beləliklə, ofisin rəhbəri ATƏT/DTİHB-in daha əvvəlki mənfi qərarına baxmayaraq, qarşıdakı 1 noyabr parlament seçkilərində AŞPA SMM-nin güclü iştirakını təmin etməyə çağırdı.
Çox illərdən sonra AŞPA bu il Belarusa seçki müşahidə missiyası göndərməklə bağlı qərar verdi. Seçki müşahidə missiyasının üzv olmayan Belarusa göndərilməsini, lakin AŞPA-nın həqiqi tam üzv dövlətinə göndərilməməsini kim izah edə bilər?
Plenar İclas iyun ayında Monitorinq Komitəsinin sonuncu məruzəsi çərçivəsində digər müşahidə komandalarının Azərbaycana SMM göndərməsini ləğv edə bilməsinin mümkünlüyünü müzakirə edərək, səsə qoydu. Plenar İclas EC Qrupu üzvlərinin təklif etdiyi 4 saylı düzəlişi böyük əksəriyyətlə qəbul etdi. Düzəlişdə qeyd olunurdu ki, digər beynəlxalq təşkilatlar seçkilərə getmədiyi halda AŞPA öz missiyasının sayını artırmalıdır. Digər tərəfdən, Plenar İclas böyük əksəriyyətlə 10 saylı düzəlişi rədd etdi. Düzəlişdə qeyd olunurdu ki, bu halda xüsusilə DTİHB-yə istinad edərək SMM-in göndərilməsinə yenidən baxılsın.
Qəribədir ki, Sədarət Komitəsi Plenar İclasın son aydın qərarlarının əksinə gedərək və onların etibarsız hesab edilməsini təklif edərək, bu məsələnin bir daha Büronun gündəliyinə salınması ilə bağlı qərar verdi. Əlbəttə ki, AŞPA sədrinin və baş katibinin bu siyasi təcrübəsi heç də yaxşı deyil!
Həmsədrlər iddia edirdi ki, AŞPA seçki müşahidə missiyasının yekun hesabatı həm bu seçkilərin aparılması ilə bağlı siyasi debat, həm də bu üzv dövlətin parlamenti ilə institusion dialoqun aparılmasına əsas kimi mühüm vasitədir. Onlar vurğuladı ki, bu, asanlıqla AŞPA-ya qarşı istifadə oluna bilər, çünki onlar SMM-nın gəlməsi dəvətini qəbul etməkdən imtina etmişdi. Halbuki, AŞPA-nın SMM-nın gəlməsinə etiraz edən Azərbaycan deyildi.
Ann Brassör AŞPA-nın prezidenti kimi açılış nitqində bütün deyilənlərə baxmayaraq, bir daha Azərbaycana qarşı şiddətli hücuma keçdi, tənqid etdi və Büronun qərarı ilə razılaşmadı. Adi vaxtlarda sədr belə olduğu təqdirdə vəzifəsindən istefa verə bilər. Bəzi qaranlıq səbəblərdən onun fikri həqiqətən də ölkəmizə yönəlmişdir, lakin xoşbəxtlikdən mandatı başa çatdığından bu, onun son nitqi idi.
Büronun bu qərarına bir daha etiraz edən olmadı və rəsmi şəkildə Plenar İclas tərəfindən təsdiqləndi. Bu, indi yekun qərardır.
Bu, Azərbaycanın böyük nailiyyəti idi, çünki ümumi təcridetmə və ölkəmizə ziyan vurmağa çalışan xarici korporativ maraqların qarşısı alına bildi”.
E.Süleymanov bildirib ki, Siyasi Məsələlər Komitəsində Dağlıq Qarabağ və digər ərazilərin Ermənistan tərəfindən işğalına dair məruzə ilə bağlı hesabatı cənab Volter hazırlayıb: “O, işğal edilmiş ərazilərə keçidin sistemli şəkildə Ermənistan tərəfindən rədd edilməsini vurğuladı və komitədə kəskin narazılıqlar səsləndirdi. Ermənilər çox aqressiv tərzdə cavab verdilər. Getdikcə daha və daha aydın olur ki, Ermənistan təkcə bu sahədə deyil, həmçinin siyasi institutlarda ifadə etdikləri dilləri onların həqiqi təcavüzkar olmasını göstərir.
“Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” (Sərsəng məruzəsi) adlı məruzəsi üzrə məruzəçi xanım Markoviç də eyni vəziyyətlə qarşılaşıb. Xanım Markoviçə də Sərsəng hövzəsinə keçməyə icazə verilməyib və o, Ermənistanın Avropa Şurasının əsas prinsiplərinə qarşı gedən rədd cavabına kəskin etiraz edib.
Hər iki məruzəçinin Ermənistan tərəfindən faktiki qiymətləndirmələrin daxil edilmədən, noyabr ayında bu məsələni yenidən müzakirə edəcəyi gözlənilir. Məruzələr əlbəttə ki, Ermənistanın pis niyyətini vurğulayacaq və Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərdə nə baş verməsi ilə bağlı beynəlxalq ictimai fikirdə məlumatlılığı artıracaqdır.
Aydındır ki, onların məqsədi Azərbaycan ərazilərinin təcavüzkar və qanunsuz işğalını ört-basdır etməkdir, lakin etiraz etmələri birbaşa onların maraqlarının əksinə gedəcəkdir. Onların bu məsələ ilə bağlı Avropa Şurası ilə əməkdaşlıqdan imtina etməsi qəbul edilməyəcəkdir.
Bir daha təəssüf hissi ilə bildirirəm ki, digər beynəlxalq təşkilatlar güc mərkəzlərinin sifarişlərinə uyub onlara sadiq tərəfdaş olan Azərbaycanda seçkiləri müşahidə etməkdən yayınmaqla çox yanlış və uğursuz bir siyasi addım atdılar. Bu addım onların Azərbaycana qarşı məkrli məqsədlərinin mahiyyətini çılpaqlığı ilə göstərdi”.
BƏXTİYAR