1 Oktyabr 2015 18:16
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Rusiya Suriyadakı İŞİD mövqelərinə aviazərbələr endirməyə başlayıb. Hələ ki, rəsmi Moskva bu əməliyyatlar barədə geniş məlumat verməsə də, bununla bağlı müxtəlif səpkili informasiyalar mediada yayılmaqdadır.

Hətta rəsmi Tehran Rusiyanın Suriya ərazisində İŞİD-ə aviazərbələr endirməsi üçün öz hərbi hava qüvvələrindən istifadə etməsi qərarını alqışlayır. İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyə Əfxəm söyləyib ki, İran regionda terrorizmlə mübarizə üçün istənilən addıma pozitiv baxır.
Onu da qeyd edək ki, Rusiya Federasiya Şurası ordunun xarici ölkələrdə fəaliyyəti haqqında qərar qəbul edib. Bunun ardınca isə Əsəd Moskvadan Suriyaya hərbi dəstək verməsini istəyib və müsbət cavab alıb.
Məsələyə münasibət bildirən “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu deyib ki, Rusiya aviazərbələr endirməklə Suriyadakı vəziyyətə özünəməxsus bir rəng qatmağa başladı: “Lakin biz deyə bilmərik ki, Rusiya Suriyada indiyədək iştirakçı olmayıb. Ona görə ki, Bəşər Əsədin iqtidarda qalmasının başlıca iki səbəbi var, bunlardan biri daxili, digəri isə xarici amillərdir. Daxili amillərə Əsəd rejiminə alternativ siyasi qüvvənin olmaması və Qərbin Əsəddən sonra Suriyanın gələcəyini qaranlıq görməsi aiddir. Xarici amillərə gəlincə, bura İran və Rusiya aiddir. Bu iki dövlət faktiki olaraq Əsədin iqtidarda qalması üçün var qüvvələri ilə çalışdılar və buna da nail oldular. BMT-nin yubliley toplantısından sonra ABŞ prezidenti Obama və Rusiya prezidenti Putin çıxış etdilər. Onların hər ikisinin nitqi kifayət qədər ciddi idi, müəyyən mənada mesajlar, sətiraltı ifadələr yer aldı. Sadəcə olaraq, Rusiya Suriyada daha aktiv bir oyunçu olmaq niyyətini ortaya qoymaq istədi. Yaxın Şərqdə öz iştirakını adekvat addımlar atmaqla göstərməyə çalışdı. Buna görə də Rusiya Suriya ərazisindəki İŞİD-in mövqelərinə aviazərbələr endirməyə başlayıb. Rusiya prezidenti Putin bəyan etdi ki, quru qoşunların bu əməliyyatlarda iştirakı olmayacaq. Tamamilə əminəm ki, bu elə belə də olacaq. Lakin quru qoşunların iştirakı olmadan aviazərbələr endirməklə Rusiya proseslərdə var olmasını göstərmək istəyir. Bu gün Rusiyanın buna çox böyük ehtiyacı var. Çünki “Ərəb baharı”ndan sonra Rusiya faktiki olaraq hər yerdən sıxışdırılıb çıxarıldı”.

V.Zifəroğlu deyib ki, Rusiya hazırda keçmiş SSRİ-nin varisi funksiyasını yerinə yetirməkdədir. Onun sözlərinə görə, Sovet imperiyasının isə son dərəcə maraqlı, sistemli Yaxın Şərq siyasəti var idi: “Ərəb baharı”ndan sonra Rusiya Yaxın Şərqdən sıxışdırılıb çıxarılma təhlükəsi ilə üz-üzə qaldı. Suriya Rusiyanın Yaxın Şərqdəki son qalası, ümid yeridir. Məqsəd Tarsus limanında maksimum dərəcədə möhkəmlənmək, o cümlədən qərbyönümlü qüvvələrin Suriyada hakimiyyətə gəlməsini əngəlləməkdir. Suriya məsələsində Rusiya və İran tam mənası ilə ortaq mövqe nümayiş etdirirlər. Rusiya Suriyaya ona görə önəm verir ki, isti dənizlərə, Aralıq dənizinə çıxışı var. Bu isə Rusiyanın böyük dövlət hədəflərindən biridir. İsti dənizlərə çıxmaq məsələsi hələ I Pyoturun vəsiyyətlərində də mövcuddur. Yəni, Suriya Rusiya üçün hər zaman prinsipial əhəmiyyət kəsb edir.

Bu əməliyyatların başlanması ilə bağlı başqa bir məqam isə ondan ibarətdir ki, Rusiya Yaxın Şərqdə mövcudluğuna Qərbin gözündə bir leqallıq qazandırmaq istəyir. İstəyir ki, Qərb də onun Yaxın Şərqdə müəyyən qədər aktiv mövqeyinə leqal münasibət sərgiləsin. Bu münasibət nə zaman mümkün ola bilər? Əlbəttə, İŞİD-ə qarşı mübarizədə. Çünki İŞİD Suriyada olan yeganə tərəfdir ki, bütün dövlətlər, hətta Suriya rejimini dəstəkləyən və dətəkləməyən maraqlı dünya gücləri belə onları konkret təhlükə kimi görür. İŞİD-ə qarşı koalisiyada Rusiyanın hər hansı bir iştirakı onun Yaxın Şərqdə iştirakını Qərbə leqal şəkildə təqdim etmək əhəmiyyəti daşıyır. Yəni, Rusiya İŞİD-ə aviazərbələr endirməklə ondan istifadə edərək Suriyaya müdaxiləsini leqallaşdırır”.


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bildirib ki, Suriya böyük və kiçik bölgələrə parçalanıb, hər bölgənin öz komandanı var: “Suriyada Suriya ordusu, İŞİD, Əl-Nusra, PKK-nın törəmələləri, Azad Suriya Ordusu, İran İslam İnqilabı Keşikçiləri, "Hizbullah" və digərləri bir-biri ilə savaşır. Hazırda Suriyanın 8 milyon qaçqını yaşamağa məkan axtarır. Bu biri tərəfdən də ABŞ, Fransa, Türkiyə, indi də Rusiya təyyarələri İŞİD axtarışında Suriya ərazilərini bombalayırlar. Belə olan halda Bəşər Əsədin hansı dövlətə prezidentlik etdiyi məlum deyil. Çünki Suriya adlı dövlət qalmayıb və bu dövləti keçmiş sərhədlərinə qaytarmaq çətin olacaq, əgər mümkün olacaqsa”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər