2 Oktyabr 2015 10:47
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samir Əsədli: “Tənzilə xanım öz təşəbbüsü ilə namizədliyini irəli sürüb”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının seçkiyə qatılmaması hələ də müzakirə mövzusudur. Yayılan xəbərə görə, VHP sədri sənədlərini 72 saylı Yardımlı-Masallı seçki dairəsinə göndərsə də, imza vərəqələrini götürmədən namizədliyini geri çəkib.

Qeyd edək ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən millət vəkili Musa Qasımlı dairəsini dəyişdirərək 72 saylı dairədən namizəd olub. Deputatın bu addımından sonra Sabir Rüstəmxanlı seçkiyə getməmək barədə qərar verib.

VHP sədri əvvəldən seçkilərdə iştirak etməyəcəyini istisna edirdi. Bildirirdi ki, ola bilsin budəfəki seçkidə xanımı Tənzilə Rüstəmxanlıya dəstək versin.

T.Rüstəmxanlı isə açıqlamasında deyib ki, artıq sənədlərini 42 saylı Sumqayıt ikinci seçki dairəsinə göndərib.

Dəqiqləşmə üçün VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədliyə müraciət etdik. Partiya namizədlərinin imzatoplama kampaniyasının başa çatdığını deyən Samir Əsədli 7 namizədin qeydiyyatdan keçdiyini bildirib. VHP adından 73 nəfərin namizədliyinin irəli sürüldüyünü qeyd edən S.Əsədli söyləyib ki, namizədlərdən 65 nəfəri seçki marafonuna qoşulub: “Qeydiyyata alınmış namizədlərin dəqiq sayı isə oktyabrın 9-da bəlli olacaq”.

O vurğulayıb ki, partiya üzvləri sədr Sabir Rüstəmxanlının seçkidə iştirakını arzu edirdi: “Sabir bəy isə seçkiyə qatılmadı. O, 25 il parlamentdə fəaliyyət göstərib, namizədliyini verməməklə nümunə göstərmək istədi. Amma biz bu dönəmdə də seçkiyə qatılmasını istəyirdik. Musa Qasımlı həmin dairədən namizədliyini verdi, Sabir bəy də seçkiyə qoşulmadı”.

O, S.Rüstəmxanlının əvəzinə həyat yoldaşı Tənzilə Rüstəmxanlının seçkiyə getməsi ilə bağlı mətbuatda gedən yazılardan da giley edib: “Mətbuatın bu məsələni şişirtməsini qeyri-etik hesab edirəm.

Qanunvericilikdə ailədən mütləq 1 nəfərin namizədliyini verilməsi müddəası yoxdur. Sabir Rüstəmxanlı da, onun həyat yoldaşı da Azərbaycan vətəndaşıdır. Onların bir-birinə qarşılıqlı formada güzəştə getdiyini yazmaq doğru deyil. Tənzilə xanım öz təşəbbüsü ilə 42-ci dairədən namizədliyini irəli sürüb”.

Əldə etdiyimiz məlumata görə, 42-ci dairədən VHP Yusif Salmansoyun namizədliyini irəli sürsə də, T.Rüstəmxanlının namizədliyinə görə, o, sonradan namizədliyini geri götürməli olub.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər