2 Oktyabr 2015 11:58
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

NİDA Vətəndaş Hərəkatında bir-birinin ardınca baş verən istefaların səbəblərilə bağlı ictimaiyyətə dolğun məlumat verilməsə də, mediaya sızdırılan informasiyalar müəyyən versiyalar irəli sürməyə imkan verir. İstefaların qarşıdan gələn parlament seçkilərilə bağlı olması versiyası kifayət qədər ağlabatan görünür. Bunu NİDA üzvlərinin özləri də dolayısı ilə təsdiqləyirlər.

Təşkilatı tərk edən keçmiş məhbuslar Üzeyir Məmmədli və Şahin Novruzlu, həmçinin NİDA İdarə Heyətinin üzvü Aygün Pəncəliyevanın eyni səbəb üzündən istefa verdikləri bildirlir.

Qeyd edək ki, sentyabrın 30-da Üzeyir Məmmədli və Aygün Pəncəliyeva Facebook-da istefalarını bəyan etdilər. Ü.Məmmədli sosial şəbəkələrdə belə bir status paylaşdı: “Bu gündən təsisçilərindən biri olduğum NİDA Vətəndaş Hərəkatı sıralarını tərk edirəm. NİDA ilə çox şeylər yaşamışam. Amma hesab edirəm ki, vaxtında getməyi bacarmaq lazımdır. İstefamla bağlı bundan başqa heç bir açıqlama verməyəcəm. Heç bir suala da cavab verməyəcəm”.

A.Pəncəliyeva və Ş.Novruzlu da istefa səbəblərini açıqlamaq istəməyiblər.

NİDA-nın yaradıcılarından olan Turqut Qəmbər musavat.com-a açıqlamasında istefalarla bağlı bunları deyib: “Hazırda parlament seçkiləri ilə məşğuluq, imzatoplama işini yekunlaşdırmaq üzrəyik. Oktyabr ərzində də fokuslandığımız əsas iş parlament seçkiləridir. Üzeyir Məmmədli öz statusunda bildirir ki, bu mövzuda hər hansı açıqlama vermək fikrində deyil. Üzeyir hər hansı açıqlama vermək fikrində deyilsə, bizə də düşməz”.

NİDA-nın idarə heyətinin sabiq üzvü Ülvi Həsənli mətbuata açıqlamasında istefaların səbəbləri barədə bilgili olmadığını desə də, təşkilat daxilində gərginliyin mövcudluğunu təsdiqləyib və qeyd edib ki, elə qurultayı da gərginlik üzündən keçirə bilmirlər.

Teleqraf.com-a daxil olan məlumata görə, NİDA-nın bir neçə üzvünün parlament seçkilərinə qatılması gənclər arasında narazılıq yaradıb. Xüsusilə də Milli Şuranın üzvü olan NİDA-çıların seçkilərdə iştirakı suallar doğurur. Çünki Milli Şura faktiki olaraq seçkiləri boykot edib, amma onun NİDA-dan olan üzvləri seçkilərə gedir. Qeyd olunur ki, Milli Şura rəhbərliyi NİDA-çıları parlament seçkilərini boykot etməyə çağırıb. 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən namizəd Üzeyir Məmmədlinin yaxın vaxtlarda iddiasını geri götürəcəyi bildirilir.

Yaxın günlərdə daha bir neçə şəxsin NİDA-nı tərk edəcəyi qeyd olunur. Məlumatlara görə, Milli Şura və AXCP-yə yaxınlığı ilə seçilən gənclər faktiki olaraq NİDA-nı tərk ediblər. Son vaxtlar fəaliyyəti nəzərə çarpmayan təşkilatın bəzi üzvlərinin oradakı mövcudluğu o qədər formal xarakter daşıyır ki, onlar istefa barədə ərizə, bəyanat yazmağı belə artıq iş hesab edirlər.

Ayxan


Müəllif:

Oxşar xəbərlər